1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri Azərbaycana artan marağı aydın şəkildə nümayiş etdirib.
Bunu Prezident İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) iştirakçılarına müraciətində bildirib.
"Ötən il ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb, bunun 7 milyarddan çoxu qeyri-neft sektorunun payına düşüb", - deyə o qeyd edib.
Dövlət başçısı həmçinin deyib ki, bu il iştirakçıların coğrafiyası daha da genişlənib, beynəlxalq institutlar, investorlar və aparıcı şirkətlər daha geniş şəkildə təmsil olunub ki, bu da həm Azərbaycana olan etimadı, həm də geniş regionun artan iqtisadi əhəmiyyətini əks etdirir.
"Ümid edirəm ki, 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində beynəlxalq investor və tərəfdaş şirkətlərlə mühüm investisiya layihələrinə start veriləcək. Əminəm ki, Bakıdakı müzakirələr konkret təşəbbüslərə və uzunmüddətli əməkdaşlığa təkan verəcək, regionda iqtisadi əlaqələrin möhkəmlənməsinə, əlaqəliliyin artmasına və ümumi rifaha töhfə verəcək. 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna uğurlar, bütün iştirakçılara səmərəli müzakirələr, qarşılıqlı faydalı tərəfdaşlıqlar arzulayıram", - deyə İ.Əliyev fikrini tamamlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.