Azərbaycanda hərbi sənayenin inkişafı regional təhlükəsizliyə töhfə verir

“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı milli təhlükəsizliyimizlə yanaşı, regional və qlobal təhlükəsizliyə də töhfə verir”.
Bunu açıqlamasında hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Raul Səfərov bildirib.
Ekspert qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda hərbi sənayenin inkişafında yeni mərhələ başlayıb. Onun sözlərinə görə, bu mərhələ yeni nəsil silah və hərbi texnikanın istehsalının genişləndirilməsi ilə müşayiət olunur.
“Prezident İlham Əliyevin ölkədə hərbi sənayenin inkişafına daim xüsusi diqqət yetirdiyi və bu sahədə mühüm uğurlar əldə edildiyi məlumdur. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi silah-sursatın böyük bir hissəsi milli hərbi sənayenin məhsullarından ibarət olub. Hərbi sənayemiz 8 Noyabr Zəfərinin əldə edilməsində mühüm rol oynayıb.
Vətən müharibəsindən sonra Azərbaycanda hərbi sənayenin inkişafı mahiyyət etibarilə yeni mərhələyə yüksəlib. Dövlət başçısı da çıxışlarında bu məsələyə dəfələrlə toxunaraq, hərbi sənayenin dövlətimizin və xalqımızın müdafiəsi və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi çərçivəsində Azərbaycanın nümayiş etdirdiyi hərbi sənaye məhsulları da bunu bir daha təsdiqləyir. Hər iki sərgidə Azərbaycan istehsalı olan müasir hərbi texnika, avadanlıq və digər məhsullar nümayiş etdirilib. Bu nümunələr beynəlxalq iştirakçılar tərəfindən də böyük maraqla qarşılanıb”.
Raul Səfərov qeyd edib ki, Azərbaycanın hərbi sənaye potensialının güclənməsi regional təhlükəsizlik baxımından da əhəmiyyətlidir.
“44 günlük Vətən müharibəsi və postmüharibə dövründə baş verən hadisələr Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını göstərdi. Azərbaycan hərbi baxımdan nə qədər güclü olarsa, regionda sülh və sabitliyin təmin olunması üçün imkanlar da bir o qədər geniş olar.
Bu baxımdan, ölkəmizdə hərbi sənayenin inkişafı yalnız milli təhlükəsizlik deyil, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxış və bəyanatlarından da görünür ki, hərbi sənayenin dinamik inkişafı bundan sonra da dövlət üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.