Azərbaycanın müəmmalı neft şirkəti: «Nobel Oil»
Bakıda ofisi olan, Avropaya sərmayə yatırdığı deyilən şirkətin nə rəhbərinin kimliyi bilinir, nə də qəribə fəaliyyəti ilə bağlı məlumat var
Azərbaycanda xeyli sayda müəmmalı hadisələr baş verir. İndiyə qədər ölkəmizdə çox sayda neft şirkətlərinin fəaliyyət göstərdiyini, dövləti SOCAR-ın təmsil etdiyini bilsək də, başqa bir məqam da üzə çıxıb. Azadmedia.az xəbər verir ki, ölkədə sən demə, bir neft şirkəti daha varmış. Özü də adı indiyə qədər kimsəyə məlum olmayan bir şirkət.
Qeyd edək ki, adı indiyə qədər kimsəyə məlum olmayan həmin şirkət «Nobel Oil»dir. Şübhəsiz, bu adı ilk dəfədir eşidirsiz, hətta bəziləri təəccüblənib belə. Çünki «Nobel Oil» şirkətinin indiyə qədər Azərbaycanda hansı neft əməliyyatlarında iştirak etdiyi barədə kimsə nə bir xəbər eşidib, nə də bilgisi var.
Azadmedia.az Azad.Mediaya istinadən xəbər verir ki, hələ bir müddət əvvəl «Romania İnsider» qəzeti bu şirkətlə bağlı məlumat yayaraq, bəzi qaranlıq məqamlara aydınlıq gətirmişdi. Qəzet yazırdı ki, sözügedən şirkət Britaniyada qeydiyyatdan keçməklə yanaşı, baş ofis idə Londonda yerləşir. Lakin şirkət Bakı ofisi üzərindən Azərbaycanın neft-qaz sənayesində logistika, mühəndislik, neft və neft məhsullarının daşınması, qazma xidmətləri göstərirmiş. İşin bir başqa maraqlı tərəfi isə bu şirkətin mülkiyyətçilərinin kimliyi barədə heç bir məlumatın olmamasıdır.
Rumın qəzeti araşdırma aparsa da, bu barədə heç bir bilgi əldə edə bilməyib. Amma dəqiqləşdirib ki, «Nobel Oil» Azərbaycanda «hər şeyi düzəltdikdən» sonra, indi də Rumıniya bazarlarına girişməyə başlayıb. Şirkətin strategiyasına əsasən «Nobel Oil LTD» sözügedən ölkədə 6 ildə 80-90 yanacaqdoldurma stansiyasından ibarət geniş pərakəndəsatış şəbəkəsi qurmalıdır. İş burasındadır ki, Azərbaycanın bu müəmmalı neft şirkəti Rumıniya bazarlarında «OMV Petrom”, “LUKoil”, “Rompetrol” və MOL kimi nəhəng oyunçularla rəqabət aparmaq fikrindədir.
Şirkətin niyə məhz məşhur Nobel qardaşlarının soyadını daşıması da aydın deyil. Ancaq belə təxmin etmək olar ki, şirkət bu soyadı brend kimi istifadə edir. Və deyəsən, bunun əvəzində Nobel sülaləsindən olan Qustav Nobeli şirkətin Direktorlar Şurasına üzv ediblər.
Azad.media xəbər verir ki, Qustav Nobel İsveç vətəndaşıdır. 1950-ci ildə anadan olub. 2014-cü ildə şirkətin Direktorlar Şurasına daxil olub, o vaxta qədər isə şirkətin Müşavirlər Şurasının üzvü idi.
Qeyd edək ki, 2012-ci ildə bu şirkətin adına beynəlxalq mediada rast gəlinmişdi. Məlum olmuşdu ki, baş ofisi Londonda yerləşən, ancaq yeganə fəaliyyət sahəsi Azərbaycan olan “CİS Nobel Oil Company” adlı şirkət Myanmada offşor neft yataqlarının birində hasilat üzrə lisenziya alıb. Onun əsas fəaliyyət sahəsi Azərbaycandır. Londonda yerləşən şirkət kimi təqdim olunsa da yeganə ünvanı Bakıdadır.
Bildirək ki, o zaman şirkətin saytında rəhbərlik barədə demək olar ki, heç bir informasiya yer almırdı. Vitse-prezident və baş menecer kimi ancaq Muxtar Murat Tayşi adlı Türkiyə vətəndaşının adı göstərilirdi. Qustav Nobel isə şirkətdə məşvərətçi idi.
Məşvərət Şurasının üzvləri arasında ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş üzvü, 90-cı illərin əvvəllərindən Azərbaycan və digər keçmiş sovet respublikaları ilə sıx əlaqələri olan Kurt Uoldenin də adına rast gəlinirdi.
Nəzərinizə çatdıraq ki, Nümayəndələr Palatasının hərbi məsələlər komitəsinin sədr müavini olan K.Uolden 2006-cı ildə istefaya çıxana qədər Konqresdə Azərbaycanla dostluq qrupunun üzvü olmuşdu. İndi isə şirkətin rəhbərliyinə daxil olan şəxslər arasında Kurt Uoldenin və Murat Tayşinin adlarına rast gəlinmir. Şirkətin Məşvərət Şurasının əvəzində Direktorlar Şurası var. Onun tərkibinə Qustav Nobellə yanaşı Eamon Gorman, Georgi Marçenko, Stüard Detmer, Maykl Roland Rinq daxildirlər.
Bildirək ki, bunlar adlı-sanlı menecerlərdir. Məsələn, Direktorlar Şurasına 2015-ci ildə daxil olan Eamon Gorman “Maersk Oil”, “Shell” kimi şirkətlərin ərəb ölkələrində və İrandakı layihələrində aparıcı vəzifələr tutub.
Georgi Marçenko isə Direktorlar Şurasına 2014-cü ildə daxil olub, ona qədər Qazaxıstanda bir sıra mühüm dövlət vəzifələrində işləyib - Mərkəzi Bankın sədr müavini, baş nazirin birinci müavini, prezidentin müşaviri kimi postlar tutub.
Maykl Rinq həm də şirkətin baş icraçı direktorudur. Əvvəllər “Shell”, “Petrofac” kimi iri şirkətlərdə mühüm vəzifələr tutub.
Xarici mətbuat xəbər verir ki, “Nobel Oil” 2005-ci ildə Azərbaycanın neft-qaz sənayesində işləyən şirkətlərə satınalmalar üzrə xidmətlər göstərmək üçün yaradılıb. 2007-ci ildə isə artıq fəaliyyətini genişləndirərək qazma, texniki xidmət və digər işlərlə məşğul olmağa başlayıb.
Hazırda şirkətin ayrı-ayrı sahələrlə məşğul olan bir neçə törəmə şirkəti fəaliyyət göstərir. Onlar aşağıdakılardır:
-“Apşeron Qazma”: İnteqrə olunmuş qazma və quyuların menecmenti xidməti göstərir. Bu törəmə şirkət 2007-ci ildə SOCAR-la SOCAR-AQS birgə müəssisəsini yaradıb və dövlət neft şirkətinin “Azneft” İstehsalat Birliyinə xidmətlər göstərir.
- “Global Energy Solutions” (“Glensol”): Bu törəmə şirkət Azərbaycanın energetika sektorunda işləyən şirkətlər üçün avadanlıqlara texniki qulluq üzrə xidmətlər göstərir.
- “Oil and Gas Proserve”: Törəmə şirkət isə quyuların təmiri, neft hasilatının artırılması texnologiyalarının tətbiqi kimi xidmətlər təklif edir.
-“Prokon”: Törəmə şirkət Azərbaycandakı müştərilərə layihə menecmenti üzrə xidmətlər gösərməkdədir.
- “LLamrei”: Törəmə şirkət logistika və satınalmalar üzrə xidmətlər göstərir.
- “Nobel Oil Downstream”: Bu şirkət isə Rumıniyada neft məhsullarının parakəndə satışı üzrə fəaliyyət göstərəcək.
Bu ilin yayında “Nobel Oil Ltd” Britaniyanın “Denholm Oilfield Services Limited” şirkətinin Azərbaycandakı aktivlərinin 50 faizini alıb. O zaman şirkətin icraçı direktoru bildirmişdi ki, bu, “Nobel Oil”un sonrakı inkişaf strategiyasını nümayiş etdirir.
Xatırladaq ki, “Denholm” Azərbaycanda neft sektorunda işləyən şirkətlərə klapanların idarə edilməsi, elektrik və KİP-avtomatika, yükdaşımalar və rekrutinq üzrə xidmətlər göstərir. Habelə bu ilin yayında “SOCAR-AQS” ASC, “Nobel Oil” və Archer Assets UK Limited şirkətləri “Oguz Drilling” adlı yeni qaz şirkəti təsis ediblər.
Maraqlıdır ki, Rusiyada da eyni adda şirkət fəaliyyət göstərir. Ancaq onun Britaniyada qeydiyyatdan keçmiş və biznesi təkcə Azərbaycanda olan “Nobel Oil Ltd” ilə bağlılığı yoxdur. Bildirək ki, Rusiyadakı “Nobel Oil” hasilatçı şirkətdir. 2000-ci ildə “Neftus” və “Kolvaneft” şirkətlərinin bazasında yaradılıb, Timan-Peçora və Xantı-Mansiykskdə 7 neft yatağında hasilat və kəşfiyyat lisenziyasına malikdir.
Sent-Kitts adlı çırtdan ada dövlətində qeydiyyatdan keçmiş və 2008-ci ildə SOCAR-la birgə “Ümid-Babək” yataqlar blokunda kəşfiyyat və hasilat işləri aparmaq üçün “SOCAR-Umid” adlı birgə müəssisə yaradan offşor şirkət də Nobel adını daşıyır.
Lakin “Nobel Oil Exploration & Production” adlı bu şirkətin Londonda qeydiyyatdan keçmiş həmin “Nobel Oil”la hansı bağlılığının olduğu məlum deyil. Bu şirkət “SOCAR-Umid” birgə müəssəsində 20 faizlik paya malikdir. 2014-cü ildə birgə müəssisə yataqda hasilat və kəşfiyyat işləri üçün tender elan edib.
Məsələ ilə bağlı şirkətin də mövqeyini dərc etməyə hazırıq.
p.s. Sözügedən şirkətin digər qaranlıq işləri ilə bağlı rumın qəzetində dərc olunmuş məlumatla bağlı tərcümə materiallar hazırlanır. Azad.Media bununla bağlı araşdırma aparır.