İsmayıllı rayonu Quşencə kəndində koronavirusa yoluxmaya qarşı tədbirlərin görülmədiyini və yas mərasiminin keçirildiyini iddia edən, sosial şəbəkələrdə yayılan məlumatları, birmənalı olaraq, təkzib edirik”.
İsmayıllı Rayon İcra Hakimiyyətindən verilən məlumatda belə deyilir.
Bildirilir ki, iyunun 1-də Bakı şəhərində yaşayan Mustafayev Azər Bəyoğlan oğlu COVID-19 virusu səbəbindən vəfat etdikdən sonra cəsədi Quşencə kəndinə gətirilib və doğulduğu kənddə dəfn olunub:
“Dəfn mərasimi karantin qaydalarına uyğun aidiyyəti qurumların nəzarəti altında həyata keçirilib. Mərhumun ailə üzvləri Quşencə kəndində qohumlarına məxsus evdə qalıblar. Onlardan test nümunəsi götürülüb, laboratoriyaya göndərilib.
İyunun 4-də ailənin digər oğlu Bakıda eyni səbəbdən vəfat edərək Quşencə kəndinə gətirilib və dəfn olunub. Bu dəfə də dəfn mərasimi tam nəzarət altında icra edilib. Ailə üzvlərindən təkrar test nümunələri götürülüb.
Ailə yas mərasimi keçirməyib, Quşencədə olduğu günlərdə tam nəzarətdə olub. Bu müddətdə iki dəfə test nümunəsi götürülsə də, neqativ nəticələr əldə olunub. Sonrakı günlərdə təkrar testləri pozitiv olan ailənin bütün üzvləri Ağdaş Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Xüsusilə qeyd edək ki, İsmayıllı rayonunda pandemiyaya qarşı mübarizə tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş tələblərə uyğun davam etdirilir”.
İcra hakimiyyəti kütləvi informasiya vasitələri əməkdaşları və sosial şəbəkə istifadəçilərinə müraciət edir:
“Son günlər artmaqda olan yoluxma hallarının İsmayıllıdakı gedişatı ilə bağlı nigaranlıqlarını anlayırıq. Bu səbəbdən irәli gәlәn emosional çıxışlar da başadüşüləndir.
Lakin bəzən bu cür nigaranlıq və emosional hislər əhalidə çaşqınlığa səbəb olur, dövlət tərəfindən görülən tədbirlərə kölgə sala bilir. Unutmayaq ki, pandemiyanın yaratmış olduğu çәtinliklәrdәn biri də informasiya mәkanında mәsuliyyәtin vә sağlam düşüncənin qorunması ilә bağlıdır. COVID-19 epidemiyasının yalnız virus təhlükəsi deyil, informasiya sahәsindә də tәhlükәlәr burulğanı olduğunu nәzәrә alaq və məlumatlar yayarkən daha məsuliyyətli olaq. Bəzi məsuliyyətsiz sosial şəbəkə istifadəçilərinə dezinformasiyalar əsasında “jurnalistlik” etməməyi və peşəkar müxbirlərin işinə əngəl olmamağı tövsiyə edirik. Bu cür arzuolunmaz məşğuliyyətdən uzaq duraq, məsuliyyətli KİV-lərin, dövlətin, həkim və polislərin işinə yardımçı olaq”.