Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu (Cəbrayılov Emil Rasim oğlu) tərəfindən
Müraciət(Surəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılova)
Hörmətli cənab Prezident!Yazıb Sizə bildirirəm ki, Turan Tural Mətləb oğlu 28 oktyabr 1989-cu ildə Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olub. 2011-ci ildə Qafqaz Universitetinin filologiya fakültəsini bitirib. 2008-ci ildən dövri-mətbuatda, ölkəmizdə fəaliyyət göstərən televiziyalarda çalışıb. Hazırda 12 ilə yaxın iş stajı var. 2010-2014-cü illərdə İctimai Televiziya, “Türkel TV” MMC-də, “Region Tv” (indiki ARB-24) kimi televiziya kanallarında müxbir kimi fəaliyyət göstərib. 2014-cü ildən “Həftə içi” qəzetində (eyni zamanda hafta.az saytı) müxbir işləyir. Paralel olaraq 2018-ci ildə “lent.az” saytında və “lent.az TV”-də çalışıb.
2010-2018-ci illərdə beş şeirlər və esselər kitabı çapdan çıxıb. Azərbaycan Yazıçılar Birliyinin (2016) üzvüdür. 2019-cu ildə Sizin gənc yazarlara diqqət və qayğınızın nəticəsində bir illik Prezident təqaüdünə layiq görülüb.
Cənab Prezident!Hər zaman Sizin gənclərə diqqət və qayğınızın şahidi olmuşuq. İstedadlı gənclərin üzə çıxarılmasında, onların maddi və sosial təminatlarının yaxşılaşdırılmasında xidmətləriniz danılmazdır.
Tural Turan 12 illik əmək fəaliyyəti dövründə Vətəninə, dövlətinə və rəhbərinə sədaqətlə xidmət etmiş, dövlətçiliyimizin maraqlarının qorunmasında qələmini şərəflə süngüyə çevirmişdir.
Cənab Prezident!2020-ci ilin iyulunda jurnalistlərin mənzil təminatının yaxşılaşdırılması istiqamətində növbəti mənzillər veriləcək. Azərbaycan jurnalistlərinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində 2013-cü ildən bu yana atılan addımlar şübhəsiz ki, yüzlərlə jurnalist ailəsinin sevincinə səbəb olub.
Əvvəlki iki binadan ev almaq haqqına bəhs etdiyim şəxsə qismət olmayıb. Bu dəfə xüsusən ümidi sizədir. Belə ki, bu dəfə jurnalistlərə veriləcək mənzilə ən çox ehtiyacı olan jurnalist ailələrindən biri də Tural Turanın ailəsidir.
Hörmətli Zati-Aliləri!
Tural Turan 2007-ci ildən ali təhsili ilə əlaqədar Bakı şəhərinə köçüb. 13 ildir kirayədə yaşayır. 2019-cu ildə ailə həyatı qurub. Yeri gəlmişkən qeyd edim ki, həyat yoldaşı Turan Aysel Aslan qızı (Aysel Aslan) da 2015-ci ildən mətbuatda çalışır. “Şərq” qəzetində fəaliyyət göstərib. Hal-hazırda “Modern.az” İnformasiya Agentliyində işləyir.
Onların hərəsinin aylıq maaşı 250 manatdır. Hazırkı məvacib ailənin sosial qayğılarını qarşılamağa yetir.
Mövcud büdcə ilə nəyinki indi, ümumiyyətlə sonrakı illərdə də ev almaq mümkünsüzdür.
Cənab Prezident!Sizə müraciət etməkdə məqsədim odur ki, növbəti – üçüncü dəfə jurnalistlərə veriləcək mənzillərin siyahıya alınmasında bu gənc jurnalist ailəsini də nəzərə almaları üçün aidiyyatı qurumlara göstəriş verəsiniz.
Dərin hörmətlə,
Emil Rasimoğlu