Jurnalistlər budəfəki sərt karantin zamanı vəsiqə ilə hərəkət edə bilməyəcəklər
Nazirlər Kabinetinin Mətbuat katibi İbrahim Məmmədov bildirib ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunacaq sərt karantin rejimi günlərində jurnalistlər vəsiqə ilə hərəkət edə bilməyəcəklər.
Onun sözlərinə görə, jurnalistlər işə getmək üçün icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə fəaliyyət göstərə bilərlər.
Modern.az-ın məlumatına görə, Baş Nazirin imzaladığı qərarda yalnız aşağıdakı şəxslərin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilir:
Prezidentinin Administrasiyasının, Prezidentin İşlər İdarəsinin, Azərbaycan Respublikası Tibb Xidmətinin, Nazirlər Kabineti Aparatının və Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;
- Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;
- mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
- dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;
- hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;
- Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).