İbrahim RÜSTƏMLİ,
əməkdar jurnalist,
ehtiyatda olan polkovnik-leytenantHər bir XALQın öz HƏQİQƏTi var.Bu həqiqət onu dünənindən bu gününə, bü günündən sabahına daşıyan TARİXidi.
Bu HƏQİQƏT tarixin lokomotividi həm də.
Tarix öz həqiqətlərini gizlətməyi, danmağı, ört-basdır etməyi sevmir,- o bu dünyanın ən amansız reallığı, ən sərt güzgüsüdü…
Dövlətin, Vətənin böyüklü-kiçikli vətəndaşlarının, irili-xırdalı ideya və ideallarının daim gözümüzün önündə vurnuxan tərcümeyi-halıdı Tarix.
YƏNİ: Özündən gizlənə bilərsən, amma özünü gizlədə bilməzsən…
Bu, kifayət qədər ciddi, kifayət qədər də ciddilikdən kənar qeyri-müəyyənliklərlə, reallığa söykənən ilğım variantlarla, sayı-hesabı bilinməyən məchulluqlarla müşahidə olunan missiya hər an ONUN məqsəd və məramına, düşüncə tərzinə qarşı çıxır…
Onu ondan almağa, öz tarixini yaratmağa və yaşatmağa çalışır…
Onun şəxsi ləyaqətini, milliliyini, humanizmini, vətənpərvərliyini, iradə və dözümünü hər gün minlərlə yabançı insan beyninin istehsal etdiyi məkrli iddialarla sınağa çəkir…
Bax onda O özünü unudur…
Bax onda – özünü unudanda, arxasınca yürüyən xalqın, milyonlarla İNSANın ümid yerinə, nicatına, gələcəyinə çevrilir…
İstəsə də, istəməsə də, gah rəzilliyin qurbanına çevrilmiş, dəmir barmaqlıqlar arasında vurnuxan adi bir əsgərinin, gah da yağı düşərgəsində nəşi düşmənin göz dağına çevrilmiş Milli Qəhrəmanının… taleyini yaşayır…
O öz taleyini yaşamır ki…
ÇÜNKİ: Özünə qalib gəlməyi bacarır.
(Zaman da şahidimdi: hələ indiyədək heç bir əsl dövlət başçısı öz taleyinin yiyəsi olmayıb… )
NƏTİCƏ: Artıq 21 ildir ki, biz öz həqiqətimizi yaşayırıq…
Artıq 21 ildir ki, biz öz tariximizi yaradırıq, biz öz tariximizi yazırıq…
Mən belə başa düşürəm, mən belə fikirləşirəm.
Axı lap uşaqlıqdan bizi elə belə öyrədiblər: hər bir insanın ləyaqəti onun əməyilə ölçülür. İnsan öz işinin, öz əməyinin övladıdı yəni.
Vaxtilə Atamın yanımda tez-tez təkrarladığı bir fikri indi də mən öz övladlarıma hərifbəhərif, sözbəsöz xatırladıram: Hər kəsin dəyəri onun nəyə can atmasındadı…
Beləliklə, əlamətdar təqvimlərdə, dövlət bayramlarında, hətta ad günlərində belə bölgələrdə, sadə insanların, əsgər və zabitlərin yanında olmaq, onlarla bir süfrə arxasında əyləşmək, duz-çörək kəsmək özünü xalqın gözündə ucaltmaq üçün deyil əsla.
Əksinə, sadə insanları ucaltmaq üçündü…
Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının böyüklüyü ilə ölçülür axı…
Deməli, həm də VƏTƏNi ucaltmaq üçündü…
Zəruri əlavə: ATATÜRK düşmən üzərində növbəti qələbələrindən birinin fərəhini yaşayanda, üzünü ətrafındakılara tutub qəfildən soruşur: "Sıfır kimdi?” Bunu eşidən kimi yanındakılardan biri dərhal cavab verir: "Sıfır bizik, Paşam”. Atatürk gülümsəyir: " Sıfır böyük rəqəmdi…” Bu, müdrikliyə, məntiqə söykənən, özündə kifayət qədər ciddi məqamları ehtiva edən dahiyanə fikrin cavabı da sanballı olur: "Sizin yanınızda, Paşam…”
Bəli, O, bizim yanımızda olanda BİZ böyük oluruq.
Biz ONUN yanında olanda da O…
Axı hamımızın bildiyimiz adi həqiqət var: uğurun sirri yalnız insanlardadı. O insanlarda ki, xəbərdarlıqdan, qorxu-hürküdən çox, etibara ehtiyacları var. Ən böyük qazancımız, ən böyük fərəhimiz elə bu deyilmi: Bizə etibar olunur…
DEMƏLİ: Rəhbər, insanlara vasitə kimi yox, məqsəd kimi baxdığına görə böyükdü…
Bu, əxlaqa, mədəniyyətə aparan ən ideal yoldu.
Yalnız bu halda biz HƏLLin bir hissəsinə çevrilirik.
YƏNİ: Əgər həllin bir hissəsi deyiliksə, deməli, PROBLEMin bir hissəsiyik…
HAŞİYƏ: Vaxtilə İngiltərədə cibgirləri izdeham qarşısında edam edirdilər. Bu dəhşətli səhnə başqalarına nəinki körk olmurdu, əksinə, niyyətə çatmaq üçün ələdüşməz bir fürsətə çevrilirdi: oğrular dar ağaclarında inildəyə-inildəyə, çabalaya-çabalaya can verəndə, onların həmkarları böyük bir şövqlə qələbəlikdən istifadə edib tamaşaçıların ciblərini soyurdular…
Deməli, idarəetmə sayı-hesabı bilinməyən cəza üsulları üçün deyil, əksinə, insanların intellektual fəallığını, əqli məhsuldarlığını artırmaq üçündü…
Tabe olmaqdan ötrü insan qadağalar, tabular məngənəsində boğulmamalıdı yəni, özünü azad hiss etməlidi.
Özünü azad hiss edən insan o azdlığın məsuliyyət hissini də tanıyır, Özünü də…
Axı BİZ azadlığı sevirik.
Axı biz AZADıq. Bizim AZADLIGımız bizim GƏLƏCƏYimizdi, bizim gələcəyimizin ANAsıdı.
BİZİM ANAMIZDI…
Hər şey Ondan başlamırmı: doğulmaq da, böyümək də…
Bu sırada həm doğulmaq, həm də böyümək sözün ən müqəddəs anlamında, sözün ən ali məqamında ilahi bir vəhy kimi zühur edir.
Artıq 21 ildir ki, biz öz həqiqətimizi, öz tariximizi yarada-yarada, yaşada-yaşada ÖZÜMÜZƏ QAYIDIRIQ…
Özgələrini bilmirəm, şəxsən mən torpağında müharıbə gedən bir ölkədə kim varsa, böyüklü-kiçikli, irili-xırdalı, hamısını o ölkənin əsgəri sayıram. Ancaq mənim dediyim əsgər, tez-tez bir budaqdan o biri budağa hoppananlardan, buqəlamun kimi rəngdən-rəngə düşənlərdən, idealları fəsil köynəklərinə çevirənlərdən, bir sözlə, maddiyata basılanlardan, pulun-paranın altına yıxılanlardan deyil əsla. Belələri vaxtı, məqamı çatanda Yurdu qara quruşa satacaqlar, eli-obanı ayağa verəcəklər…
Bunu mən də bilirəm, siz də…
Bunu mən də görürəm, siz də…
HAŞİYƏ: Bir dəfə İran sərkərdəsi Memnonun döyüşçüsü izdiham qarşısında Makedoniyalı İsgəndərin ünvanına ağır söyüşlər yağdırır. Bunu eşidən Memnon həmin əsgəri elə izdiham qarşısındaca cəzalandırır: Mən sənə zəhmət haqqını İsgəndəri söymək üçün vermirəm, onunla döyüşmək üçün verirəm…
Bəli, yerini və sözünü bilməyən adamdan əsl döyüşçü ola bilməz, ən azı ona görə ki, boğazdan yuxarı ifadələrin arxasında özünü, öz zəifliyini, öz qorxusunu yəni, gizlədən o əsgər, daxili xaosun, hərc-mərcliyin fərdi nümunəsi kimi, əslində, dayandığı sıranın nizamını pozan mikro təcavüzkardır…
YƏNİ: Əsgərin kifayət qədər ağlı olmalıdır ki, öz düşmənini tanısın və ona necə nifrət etməyi, ona qarşı necə döyüşməyi bacarsın…
Mənim dediyim ƏSGƏR mayası QAN YADDAŞImızdan, XƏTAİdən, BABƏKdən.. gələn ideallarla yoğrulmuş əsgərdi.
O nə satır, nə də satılır…
O əsgərin yalnız bir idealı var: VƏTƏN, XALQ VƏ DÖVLƏT.
O öz Vətəninə, Xalqına, Dövlətinə inanır…
O öz Ali Baş Komandanına güvənir…
ÇÜNKİ: Xalq O Ali Baş Komandanı seçib…
ÇÜNKİ: O Ali Baş Komandan Xalqı seçib…
Onun hər bir kəlməsi Vətən üçün, Xalq üçün deyilir.
Onun hər bir addımı Vətən üçün, Xalq üçün atılır.
Onun hər bir kəlməsinin, hər bir addımının arxasında ƏMƏL dayanır.
Onun hər bir kəlməsinin, hər bir addımının arxasında Vətən dayanır, Xalq dayanır, BİZ dayanırıq…
Mənim dediyim əsgər o Ali Baş Komandanın əsgəridi…
O Ali Baş Komandanın ki, daim öz əsgərlərinin yanındadı…
O Ali Baş Komandanın ki, əsgərləri ONU daim öz yanlarında hiss edirlər…
Bu, əsgərin ən böyük silahıdı.
Bu əsgərin ən böyük silahı İnamdı…
Gələcəyə inam, Xalqa İnam, Dövlətə inam, Qələbəyə inam…
Bu gün qalib gəlmək arzusu, sabah qazanılacaq qələbənin ehtiyat mənbəyidi…
Bu üzdən qorxmazlığı, iradəni, əqidəni, gələcəyi mən o əsgərdə görürəm, o əsgərdə tapıram…
O mənə dünyanın ən möhtəşəm ordularının ən qorxmaz döyüşçülərini xatırladır.
Onun haqqında fikirləşəndə istər-istəməz yadıma qəhrəman Sparta əsgəri düşür: Döyüşdə qılıncını düşmən başı üzərində qaldırmış o əsgər geri çəkilmək əmrini eşidərkən əlini saxlayır və zərbə endirmir:"Komandirlərin əmrinə tabe olmaq, düşməni öldürməkdən daha əhəmiyyətlidi…”
Budur ORDU, budur ƏSGƏR, budur KOMANDAN…
O döyüşməyi də bacarır, cəzalandırmağı da, bağışlamağı da…
Hər ötən gün kiçik bir həyatdır…
Bu həyatın məna yükü ƏQİDƏdən, İNAMdan, İDEALdan gəlir.
ƏQİDƏnin, İNAMın, İDEALın qapısı hamının üzünə açıq olmur amma…
Məsuliyyətdən qaçanlar tədricən gerçəklik hissini də itirirlər.
Belələri cəmiyyətin yaddaşında qarayara kimi, klinik təzahürlərlə qalır.
AMMA o da var ki, qaranlıqdakıların yuxusu ONUN yuxusuzluğu deməkdi…
ÇÜNKİ: Əlli milyon azərbaycanlının məsuliyyəti var çiyinlərində…
ÇÜNKİ: Əlli milyon azərbaycanlının Qarabağ problemi var qarşısında…
Bu səbəbdən fil yuxusuna gedənlərin yerində ONU görmək, bizim həyata yenidən qayıtmağımız qədər ən böyük şansımız, ən böyük fürsətimiz, ən böyük qələbəmizdi, məncə.
TƏŞBEH: Bir dəfə Napoleon keşikçiləri yoxlayarkən, əsgərin döyüş postunda yatdığını görür. Müharibə dövrünün nizamnaməsinə görə o, məhkəmənin hökmü ilə ən ağır cəzaya layiq görülməli, güllələnməli idi. Lakin ordu başçısı heç kimin gözləmədiyi qeyri-adi bir qərar qəbul edir: yatmış əsgərin tüfəngini yerdən götürüb çiyninə keçirir və onun əvəzinə keşik çəkməyə başlayır. Bir müddət sonra növbəni dəyişməyə gələn çavuş yatmış əsgərdən azca aralıda imperatorun postda dayandığını, keşik çəkdiyini görür!!!
Bu möhtəşəm səhnə bizi növbəti bir həqiqətlə üz-üzə, göz-gözə buraxır: Bəli, müharibəyə rəhbərlik etmək yeganə vəzifədir ki, KOMANDAN bu vəzifəni heç vaxt başqalarının öhdəsinə buraxa bilməz.
ONU tez-tez hərbi libasda, barıt qoxusu verən səngərlərdə, əsgər və zabitlərlə bir cərgədə görmək Azərbaycan reallığının ən kamil fəlsəfəsidi.
Həqiqətin gözünün içinə dik baxmaqdı. Görən gözün haqqı var – dünya gör-götür dünyasıdı. Burada da görüb-götürməli çox şey var; əsgər olmaq şərəfindən tutmuş qalib gəlmək əzminədək, çox şey.
Bu fəlsəfə bizi səfərbər edir, eyni cəbhədə, eyni amal uğrunda birləşdirir və hərbdə tez-tez təkrarlanan məşhur kəlamı yenidən yada salır: Qalib gəlmək arzusu qələbənin ehtiyat mənbəyidi…
HAŞİYƏ: Ötən yazılarımda Ordunu xarakterlər ensiklopediyası adlandırmışdım. Bunun üçün əlimdə təcrübədən gələn kifayət qədər əsas var. Bu əsas ilk növbədə insanın qüsursuz olmadığını diqtə edir. Ən azı ona görə ki, hər bir fərdin təbiətində heç kimə, hətta onun özünə belə məlum olmayan bir məchul (X) gizlənib. Etiraf edirəm, o məchul bizə zaman-zaman çox ciddi problemlər yaşadıb. Ancaq fəsillər dəyişdikcə, illər ötdükcə, o məchul da öz xarakterini dəyişib: yuvarlaqlaşıb.
Necə deyərlər, kim ki yıxılmayıb, deməli, ayağa qalxmayıb…
Yıxılmışıq da, ayağa qalxmışıq da. Yıxıla-yıxıla, ayağa qalxa-qalxa uzaq keçmişimizdən Özümüzə doğru gəlmişik, ÖZÜMÜZƏ GƏLMİŞİK.
Özümüzə gələ-gələ yabançı dünyadan bizə miras qalan "yük”ü də asta-asta üstümüzdən atmışıq. İndi bügünümüzü dünənimizlə necə müqayisə edim. Axı hər çür müqayisənin kobud səslənməsi də mənim üçün gün kimi aydındı. Ancaq vaxtilə kürəyinə fərari, qorxaq damğası vurulmuş Azərbaycan əsgərini bugünümüzün əsgərilə üz-üzə qoyanda istər-istəməz vaxtilə çar Rusiyası dövründə baş vermiş məşhur bir hadisə canlanır gözlərimin önündə:
Müharibə zamanı Rusiya İmperatoru cəbhəyə, hərbi hissəni yoxlamağa gəlir. Bu vaxt döyüş postunu atıb dənizdə çimən əsgər imperatorun artıq ona yaxınlaşdığını görür, amma özünü itirmir. Sahilə atılıb dərhal silahını götürür və komandana raport verir. İmperator əsgərin bu hərəkətini özünəxas şəkildə qiymətləndirir: "Əgər sən birinci silahına yox, paltarlarına əl atsaydın, mən səni yerindəcə öz tüfənginlə güllələyərdim…”
YƏNİ: İnsanın hərəkətləri onun düşüncələrinin ən yaxşı tərcümanıdı.
O əsgər döyüş postundan yayınsa da, döyüş ruhunu itirməyib. Deməli, mərhəmətə, diqqətə layiqdi. Çünki çevik düşüncə tərzilə, fəallığı ilə fərqlənir.
Ordumuzdakı bəzi qüsurların mahiyyətini məhz o əsgərin səhvilə xarakterizə etməkdə yanılmadığımı düşünürəm. Çünki Azərbaycan Əsgərinin igidliyinə, sədaqətinə, iradəsinə dəfələrlə şahidlik etmişəm.
Demək istədiyim odu ki, bu igidliyi, bu sədaqəti, bu iradəni, Xalqın problemini öz probleminə çevirməklə ona – Azərbaycan Əsgərinə tanıdan var…
Dünyanın təqribən 450 nöqtəsində Qarabağ probleminə bənzər problem yaşanır. Lakin o nöqtələrin heç birində problem bu qədər aktiv fazada, bu qədər təzyiq və təhdidlər fonunda yaşanmır. Hər anımızla, hər günümüzlə Qarabağ uğrunda döyüşürük.
Hər anımızla, hər günümüzlə Qarabağ uğrunda döyüşə-döyüşə qarış-qarış Qarabağa yaxınlaşırıq, QARABAĞLILAŞIRIQ…
Bu bizim taleyimizdi: Azərbaycan Ordusu döyüşə-döyüşə BÖYÜYÜR…
Azərbaycan Ordusu döyüşə-döyüşə böyüdükcə, Qarabağ problemi də KİÇİLİR…
Çünki hər birimizə cəsur olmaq əmri verilib.
O əmri bizə Ali Baş Komandanımız verib.
Atıldığımız son və qəti döyüşdə hamımızdan öndə gedən ALİ BAŞ KOMANDANIMIZ…