Dünyanı ağuşuna alan pandemiya dünya iqtisadiyyatı qarşısında ortaya yeni şərtlər qoydu. İnkişaf etmiş böyük super gücə malik olan dövlətlər, əsasən görüşlərində hamımızın bildiyi mövzuları müzakirə edirdilər. Amma bu günlər vəziyyət o qədər acınacaqlı hal alıb kı, həmin supergüclər, hazırda dünyada tibbi pandemiya ilə yanaşı, iqtisadi pandemiyanı da müzakirə edirlər. Dünya tarixinə nəzər yetirsək görərık ki, bundan əvvəl də dünyanın müxtəlif yerlərində tibbi pandemiyalar olduqda maliyyə və iqtisadi böhranlar baş vermişdir. Ölkələr o vaxtlar indiki zaman kimi bir-birinə bağlı deyildi. Hal-hazırda inkişaf emiş dövlətlərdə başlayan koronavirus dünya iqtisadiyyatına mənfi təsir gösərməklə iqtisadiyyatda durğunluq yaradaraq digər ölkələrə də öz təsirini göstərdi.
Hal-hazırda ölkəmizdə Cənab Prezidentin hökumətin qarşısında qoyduğu əsas məqsəd post pandemiya dövründə şirkətlərin və sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılması, onların dayanıqlığının təmin edilməsi, eləcə də məşğulluğun stabilliyi və iqtisadi inkişafı təmin etməkdən ibarətdir. Bununla bağlı dövlətimiz tərəfindən pandemiya vəziyyətində karantin rejiminin tətbiqi, iqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı şirkətlərin və sahibkarların işçilərini işdən azad etməməsi barədə və işçilərin əmək haqlarını ödəməyə çağırış etməsi oldu. Sahibkarlar tərəfindən işçilərinə ödəniləcək əmək haqqı fondu kifayət qədər əhimiyyətli və böyük xərc tələb etdiyindən dövlət tərəfindən əsasən sənaye, ticarət sahələrində çalışan muzdlu işçilərin əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdur ki, dövlət də həmin sahibkarlara birbaşa maliyyə dəstəyi göstərdi. Dövlət tərəfindən verilən dəstək mexanizmindən əsasən şəffaf işləyən və kölgə iqtisadiyyatına yox deyən sahibkarlar faydalana bildilər. Əlbəttdə ki, dövlət tərəfindən verilən dəstək mexanizmindən faydalananların içərisində mebel istehsalı ilə məşğul olan şirkətlər və sahibkarlar da vardır.
Dövlətimiz qısa müddət ərzində 129 mindən çox sahibkara maliyyə dəstəyi göstərildiyini, bu proqramların işçi heyəti ilə birlikdə 310 mindən artıq vətəndaşı əhatə etdiyini bildirib. Aktiv vergi ödəyicilərinin əksəriyyəti dövlətdən dəstək almaqla indiyədək 155 milyon manatdan çox maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülmüşdür. Biznesə də vergi güzəştləri paketi çərçıvəsində qəbul edilmiş vergi və sosial güzəştlər paketinin ümumi maliyyə dəyəri 130 milyon manatdır. Güzəştlər pandemiyanın təsirinə məruz qalan mikro, kiçik və orta sahibkarlıq subyektlərini, bəzi dəyişikliklər isə bütövlükdə hər bir vergi ödəyicisini əhatə edir. Bu güzəştlər paketi, ortamüddətli dövr üçün sahibkarların vergi və sosial yükünün azaldılmasına səbəb olmaqla, onlara öz gəlirlərini bərpa etməyə və biznesini inkişaf etdirməyə, bütünlükdə özəl sektorun dayanıqlı inkişafına zəmin yaradacaqdır.
Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında hökumət milli iqtisadiyyata zərərləri minimallaşdırmağa çalışır. Pandemiyanın mənfi təsirləri və neftin qiymətinin qeyri-sabitliyi nəticəsində iqtisadi fəallıq bir az azalıb, iqtisadi tarazlıq pozulub, tətbiq edilmiş məhdudiyyətlər istehsal-emal-istehlak zəncirində qırılmalara səbəb olub. Bununla belə, iqtisadiyyatda müşahidə olunan durğunluğa baxmayaraq, milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb. Bunun əsas səbəbi son illərdə ölkədə aparılan ardıcıl islahatlar, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın şəffaflaşdırılması tədbirləridir.
Bu baxımdan, koronavirus pandemiyası və ondan sonrakı dövrdə mebel istehsalı üçün lazım olan xammal və materiallar istehsal etmək üçün xarici investorları ölkəmizə cəlb etmək iqtisadiyyatımızın üzdə olan və rəngarəngliyi ilə digər sahələrdən seçilən mebel sənayesini sürətlə inkişaf etdirməkdən ibarətdir. Çünki bu sektorun çox böyük əhəmiyyəti onun əmək tutumlu olması və həmçinin həmin sektorda zəruri olan böyük həcmdə xammal və materialların ölkəmizdə istehsal olunması ən vacib amillərdən biridir.
Əli Nağiyev,
Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası İB-nin sədr müavini