Bu gün, respublikamızda “ASAN xidmət mərkəzləri və onların göstərdikləri xidmətlər xalqımız tərəfindən olduqca təqdirlə qarşılanmaqdadır..
Artıq xalqımız birbaşa təmasdan bu xidmətin faydalılığına, vacibliyinə yaxşı şahiddir. Lakin bütün bu asanlığı, rahatlığı Azərbaycan vətəndaşına təqdim edən, bütün bu xidmətlərin təqdim edilməsini operativləşdirən müasir və modern texnologiyaya hərtərəfli şəkildə yiyələnmiş Azərbaycan Gəncliyidir.
Qısa müddətdə göstərdiyi xidmətlər ilə, eyni zamanda, öz mehribanlıqları və operativlikləri ilə hər bir vətəndaşın ürəyində xüsusi yer qazanmağa nail olan Azərbaycan gəncliyi..
Bu gün Asan xidmət mərkəzləri ölkəmizin hər bir nöqtəsində çevik fəaliyyəti ilə bir ilkə imza atıb. Operativ fəaliyyəti ilə fərqlənən ASAN əməkdaşları vətəndaşlara ən layiqli şəkildə xidmət göstərə bilmək üçün müxtəlif təlimlərdən keçiblər.
Məhz, prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər siyasətinin nəticəsidir ki, bu gün gənclərimiz hər bir sahədə olduğu kimi, Azərbaycanın bir markası sayılan ASAN xidmət mərkəzlərinin fəaliyyətinin təşkilində də mühüm yer tuturlar. Gənclərimiz burada vətəninə, millətinə layiqli xidmətləri ilə fərqlənməklə bərabər, müasir gəncliyimizin bariz nümunəsini bütün vətəndaşlara nümayiş etdirirlər. Gənc əməkdaşlarımızın milli-mənəvi və vətənpərvər ruhda inkişafı ilə bərabər, ASAN xidmət gənc nəslin mənəvi tərbiyəsi, onların hüquqlarının müdafiəsi, eyni zamanda, beynəlxalq qurumlarda iştirakını təmin edir.
Dövlətimizin inkişafı üçün bütün lazımi tədbirlər görülür. Bu gün, inkişafımız dayanıqlıdır və perspektivlərimiz də olduqca gözəldir. Məhz, bütün bunlara nəyin hesabına nail olmuşuq ? - Əlbəttə ki, intellektual potensialımızın hesabına..
Çünki ASAN xidmət mərkəzlərinin ən vacib amillərindən biri də, innovasiyalar, intellektual məhsul, müasir təlim prosesi və gənclərin bu işə lazımı qədər cəlb edilməsidir.
ASAN xidmət konsepsiyasınının əsas məqsədi ictimai xidmətlər sahəsində korrupsiyanı, rüşvətxorluğu aradan qaldırmaqla bərabər, gərəksiz və xoşagəlməz işlərlə məşğul olmaq istəyənlərə imkan verilməməsini təmin etməkdir. Demək olar ki, ölkə rəhbərliyi bu uğurlu addımı ilə yüksək səviyyədə bu məqsədə nail olub. Lakin təkcə bununlada kifayətlənmir, eyni zamanda ASAN xidmət sistemi ölkəmizdə elektronlaşma, rəqəmsallaşma, intellektual məhsulların istehsalı sahəsində çox önəmli bir amildir.
Qeyd edim ki, bu gün, ictimai xidmətlər sahəsində inqilabi dəyişiklik olan ASAN xidmət paralel olaraq yeni davranış qaydalarının tətbiq edilməsidir. Hər birimizə məlumdur ki, ictimai xidmət sektoru sovet vaxtında həmişə çox problemli bir sahə olub. Bir çox pozuntular, diqqətsizlik, vətəndaşlara əksər hallarda hörmətsizlik, laqeyd münasibət və bunlar kimi xoşagəlməz hallar. Vaxtilə Azərbaycan vətəndaşı onlara çatacaq sənədləri, arayışları günlərlə, həftələrlə ala bilmirdi və yaxud da, nəisə qanunsuz tələblər irəli sürülürdü. Artıq cənab prezident tərəfindən ictimai xidmətlər sahəsində “ASAN xidmət”in xətti ilə aparılan islahatlar bu sahəni olduqca nümunəvi sahəyə çevirib, eyni zamanda, cəmiyyətdəki münasibətlərə də çox müsbət təsir göstərib. Artıq minlərlə Azərbaycan gənci “ASAN xidmət”də çalışır, bir çox təcrübə qazanır və bunun nəticəsidir ki hal-hazırda, ASAN xidmətin ordusu artıq kifayət qədər böyüyüb. Elə ilk könüllülük hərəkatı da məhz, buradan başlayıb. Bu gün bir çox sahədə Azərbaycanda artıq minlərlə könüllü fəaliyyət göstərir. Onlar ölkəmiz üçün vacib olan sahələrdə mühüm rol oynayırlar.
Xüsusilə qeyd etmək istəyirəm ki, “ASAN xidmət” mərkəzlərinin işçiləri bu gün müasir və müstəqil Azərbaycan gəncliyinin simasıdır. Savadlı, mədəni, yaşlı nəslə həmişə hörmət göstərən, öz doğma torpağına bağlı olan AZƏRBAYCAN GƏNCLİYİ!
Ülkər PİRİYEVA -POLİTOLOQ