Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına Azərbaycan da qoşulub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycanın bütün bölgələrində bu gün on minlərlə Eldar şamı, palıd, çinar, zeytun ağacları əkilib və meşəcinsli ağac toxumları səpilib.
Türkiyə və Azərbaycanın dövlət rəsmilərinin iştirakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə Abşeron yarımadasının Xocasən qəsəbəsində də kütləvi ağacəkmə aksiyası keçirilib. Aksiyada 11 hektar ərazidə 11 min müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, ETSN-nin təşkilatçılığı ilə ağacəkmə tədbirləri həm də Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də baş tutub, əsasən, Şərq çinarları əkilib və palıd toxumları səpilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.