AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəlimxan Yaqub "Xalq Əmanət"ində

  • + A
  • - A
  • 20-12-2020, 22:48


    Xalq Bankın “Xalq Əmanəti” layihəsinin 20-ci nəşri işıq üzü görüb.

    Mötəbər məclislərin kürsülərindən, böyük səhnələrdən, xalq kütlələrinin toplaşdığı meydanlardan ildırım kimi çaxan odlu-alovlu, günəş kimi parlayan çıxışları ilə hamının yaddaşında əbədiləşib Xalq şairi Zəlimxan Yaqub. Çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri, poetik nəfəsi olan şairin yaradıcılığının əsas qayəsini təşkil edən xalqımıza məxsus milli dəyərlər, folklor qaynaqlarından süzülüb gələn ənənələr oxucunun ovqatının ifadəsinə çevrilib. Aşıq sənətinə, el şairlərinin poetik yaradıcılığına yaxşı bələd olan şairin qələmə aldığı şeirlər öz bədii-estetik gücü ilə oxucu qəlbinə yol tapıb. Təsadüfi deyil ki, şeirlərinin misraları dillər əzbəri olan, hər çıxışı ilə insanları ilhamlandıran şairin haqqında ölümündən sonra da “Zəlimxan Yaqub xalqın şairidir” deyirlər. Şairin yaradıcılığından hər kəsin ürəyinə köçən, qəlbindən dilinə süzülən sevimli misraları var. “Baş əy, bu müqəddəs torpağa, şeirim!”- deyə hər kəlməsi, hər sözü, hər misrası Vətənə məhəbbət hayqıran şairin yaradıcılığı gəncliyə milli mənlik şüurunun aşılanması, doğma yurda sevgi, sədaqət və Vətən uğrunda şəhidlik zirvəsinin müqəddəsliyini anlatmaq baxımından ən gözəl nümunələrdəndir. Zəlimxan Yaqub yüksək natiqlik qabilliyyəti, dərin hafizəsi ilə milyonların könlündə özünə yuva qurmuşdu.

    Yubiley nəşr

    Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində sayca iyirminci nəşri də bu böyük şairə - müasir Azərbaycan poeziyasının klassiki, Xalq şairi Zəlimxan Yaqubun yaradılıcılığına həsr olunub. Xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyan bu layihə çərçivəsində təqdimatı keçirilən “Zəlimxan Yaqub. Seçilmiş əsərləri” toplusunda şairin poetik irsi, yaradıcılığının müxtəlif mərhələləri geniş şəkildə əks olunub. Topluda şairin tərcümeyi-halı da yer alıb, ürəyinin sevgisindən güc alan qələmindən süzülən şeirlər də, adına dastan dediyi poemalar da, nadir fotolar da...

    Nəşrin Xalq Bankda keçirilən təqdimatında da təbiəti etibarilə ilhamlı, coşqun, ehtiraslı, geniş milli ictimai-ideoloji dünyagörüşlü şairin Vətəninə, torpağına bağlı olduğu və güc aldığı, xalqımızın folklor təfəkkürünü, yazılı ədəbiyyatın əsas ideyalarını, dilimizin zəngin bədii imkanlarını dərindən mənimsəyərək həyatını vətənimizin, milli-mənəvi dəyərlərimizin tərənnümünə həsr etdiyi qeyd edildi.

    Xalqla nəfəs-nəfəsə dayanan şair

    Tədbir iştirakçıları Zəlimxan Yaqubla bağlı bir kitaba, bir ömrə sığmayan, coğrafiya tanımayan xatirələrindən danışdılar. Qədim Borçalının Kəpənəkçi kəndindən Bakıya və Azərbaycanın hər bir guşəsinə, daha sonra Təbrizə, Tiflisə, Türkiyəyə, ümumən bütün Turan dünyasına uzanan yollarından, hər görüşündə xalqın qəlbinə salınan sevgi körpülərindən söhbət açdılar. Qeyd edildi ki, onun kimi Azərbaycanı bölgə-bölgə, oba-oba, oymaq-oymaq gəzən, mənsub olduğu xalqı sevərək öyrənən, və özü dediyi kimi, “xalqla nəfəs-nəfəsə dayanan, ünsiyyətə girən, dərdlinin həmdərdi, söhbətcilin həmsöhbəti” olan şair tapmaq çətindir. Ona görə də Zəlimxan Yaqubu məhəbbət şairi də, Tanrısına və sevgisinə könül verən şair də, “Dəniz kimi dalğalan türk, çalxan türk”- kimi misralarına görə türk dünyasının şairi də, vətənpərvər şair də, ana dilinin şairi də, gücünü torpaqdan, el-obadan alan qələm adamı da, sufi-təsəvvüf, irfan şairi də adlandırırlar. Bütün bu dəyərlərin fonunda Zəlimxan Yaqub böyük Vətəndaş şairdir - xalqına ürəkdən, canı-qanı ilə bağlı olan, onun ruhunun tərcümanına çevrilən söz adamıdır. Yaradıcılığının Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə qiymətləndirilməsi şairin ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət qazanmasının təsdiqidir. Ölkəmizin “Xalq şairi” kimi mötəbər bir fəxri ada layiq görülməsi, müstəqil Azərbaycan dövlətinin “Şöhrət”, “Şərəf” ordenləri ilə təltif olunması, iki dəfə Milli Məclisə üzv seçilməsi da təkcə vətəndaş şair kimi milliliyə köklənən yaradıcılığına verilən qiymət deyil, həm də daim xalqla ünsiyyətdə olan və bundan hədsiz ruhlanan bir insanın Vətəni qarşısında xidmətlərinə verilən dəyər idi.

    Sənətkarın şair obrazı haqqında ən görkəmli şəxsiyyətlər yüksək fikirlər səsləndiriblər. Vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev Zəlimxan Yaqubu “müasir Azərbaycan ədəbiyyatının canlı klassiki” adlandırmışdı. Ümummilli liderimiz Heydər Əliyev 50 illik yubileyi münasibətilə şairə ünvanladığı məktubda yazırdı: “Siz müasir ədəbiyyatımızda zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız”.

    Xalqın şairi

    Kitabın təqdimatı pandemiya ilə bağlı çox dar çevrədə keçirildi. Tədbirdə millət vəkili, AMEA-nın həqiqi üzvüı Nizami Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Yazıçılar Birliyinin üzvü, “Ədəbiyyat” qəzetinin baş redaktoru, kitabın həmtərtibçisi Azər Turan, Zəlimxan Yaqubun yaradıcılığının tədqiqatçısı, Azərbaycan Aşıqlar Birliyinin katibi, toplunun həmtərtibçisi Musa Nəbioğlu, nəşrin redaktoru şair Səlim Babullaoğlu və şairin ailə üzvləri iştirak edirdi.

    Millət vəkili, akademik Nizami Cəfərov yazır: “Zəlimxan Yaqub Azərbaycanın, ümumən Türk dünyasının dünyaya bəxş etdiyi böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var. Əgər belə olmasaydı, o, Zəlimxan Yaqub olmazdı”. Akademikin “Xalq Əmanəti”nin yubiley nəşrinə yazdığı “Son söz” də elə Zəlimxan Yaqub yaradıcılığına böyük xalq məhəbbətinin ümumiləşdirilmiş ifadəsidir.

    Zəlimxan Yaqub "Xalq Əmanət"ində


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR