Vətən müharibəsi şəhidlərinin ipoteka krediti üzrə öhdəlikləri tam olaraq bağlanılıb.
İpoteka və Kredit Zəmanət Fondundan Oxu.Az-a verilən məlumatda bildirilir ki, Vətən müharibəsində Ermənistana məxsus hərbi qüvvələrin yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutması nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında ölən və yaralananlar olub. Şəhid olanlar arasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka krediti alan vətəndaşlarımızın da adları var.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısına əsasən, 68 şəhidin qalıq məbləği 3,3 milyon manat olan 70 ipoteka krediti üzrə öhdəliyi olub.
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, həmin kreditlər borcalanın ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası şirkətləri tərəfindən sığortalanıb. Həmin kreditlərin hamısı üzrə kredit öhdəlikləri müvafiq sığortaçılar tərəfindən tam olaraq bağlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.