AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Leyla Əliyeva üçün özəl gün

  • + A
  • - A
  • 3-07-2021, 10:18


    Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günüdür.

    Azərbaycan Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva 1985-cı ilin iyulun 3-də Moskva şəhərində anadan olub.

    O, Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. L.Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olmaqla yanaşı, həmçinin Moskvada rus dilində nəşr olunan "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir.

    Leyla xanımın fəaliyyəti digər sahələri də əhatə edir. O, eyni zamanda, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəridir

    Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi tərəfindən gerçəkləşdirilən “Bizim həyət” layihəsi çərçivəsində Bakıda onlarla həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib. Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib. Leyla Əliyeva, həmçinin, sosial və ekoloji layihələri özündə birləşdirən “Məktəb bağları” layihəsinin təşəbbüskarıdır.

    Leyla Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.

    2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.

    O, bu gün ictimai xadim olaraq bir sıra sahələrdə aktiv fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir neçə ildir gerçəkləşdirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı həqiqətləri bəşəriyyətin diqqətinə çatdırılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır.

    Bugünədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

    "Mən hər zaman onun məsləhətlərinə qulaq asıram. Atam bir qayda olaraq, heç vaxt səhv etmir. Bu mənim həyatım boyu anladığım ən əsas şeydir. Bu həqiqətən belədir! Bu sadəcə onun mənim atam, yaxud Prezidentimiz olması ilə bağlı deyil. Eyni zamanda, o heç vaxt öz fikrini zorla qəbul etdirməyə çalışmır. İndiyədək heç vaxt onun - “Bunu belə etməlisən” deməsini eşitməmişəm. O, sadəcə məsləhət verir. Son nəticədə isə onun məsləhətləri hər zaman düz olur. Bir müddət keçdikdən sonra, onun qabaqcadan dediyi nəticəyə gəlib çıxıram. Bunu onun gözüaçıqlığı, ağlı və qeyri-adi insani keyfiyyətləri ilə izah etmək olar. Mən bütün işlərimdə onunla məsləhətləşirəm. Bura həm Heydər Əliyev Fondu, həm ekologiya sahəsi, həm də “Bakı” jurnalı ilə bağlı gördüyüm işlər daxildir".

    Qeyd edək ki, Leyla Əliyeva yaradıcılıq fəaliyyətilə də məşğuldur, o həm şeir yazır, həm də rəsm əsərləri çəkir.

    "Mən uşaqlıqdan rəsm çəkməyi çox sevirdim və bundan böyük zövq alırdım. Amma rəsmlərimi heç kimə göstərməzdim...
    ... Çoxları deyir ki, rəsmlərim bir qədər kədərlidir və qəlbimin vəziyyətini əks etdirir, mənfi emosiyaları kənara buraxır. Axı mənfi emosiyaların da öz gücü var. Ətrafdakı insanlara öz müsbət enerjimizi ötürməliyik, biz isə, bunu etmirik. Şəxsən mən dünyaya çox müsbət yanaşıram. Həmişə elə düşünmüşəm ki, müsbət yanaşma, yaxşı fikirlər, xeyirin şər üzərində qələbəsinə inam dünyanı daha da yaxşı edir. Fikrimcə, hər kəs belə düşünməlidir. Axı fikirlərin də öz cazibə qüvvəsi var. Əgər hər şeyin pis olacağını düşünürsənsə, deməli bu, belə də olacaq... Rəsmlərim digər mövzusu sevgidir. Onlardan bəziləri formaca kifayət qədər həcmlidir. Lakin mən başqa cür edə bilmirəm. İncəsənətdə sərhəd anlayışı ola bilməz"-deyə o, rəsm çəkmək bacarığınıdan danışarkən bildirib.

    Leyla Əliyeva poeziya və rəssamlıq sahəsində istedadını artıq çoxdan sübut edib. Onun çoxlu şeir və rəsm əsəri dəfələrlə geniş ictimaiyyətə təqdim edilib.

    "Şeir yazmaq da rəssamlıq kimidir, bir il yazmamaq, sonra isə bütöv həftəni yazmaq olar",-deyə L.Əliyeva poeziya yaradıcılığından danışarkən bildirib.

    Bakıya vurğun olduğunu bildirən Leyla Əliyeva "qonaqlara şəhərdə nəyə tamaşa etməyi məsləhət görərdiniz" sualına belə cavab verib: "Bakıda gözəl yerlər çoxdur. Əgər memarlıqdan danışsaq, Zaha Hadid tərəfindən tikilmiş Heydər Əliyev Mərkəzini göstərmək olar. Bu bəlkə də onun tikdiyi ən gözəl binadır. Haqlı olaraq bu binanı postmodernizmin şedevri adlandırırlar. Bundan başqa, gecələr işıqlanan «Alov qülləri»ni (Flame Towers) və digər müasir tikililəri də qeyd etmək olar. Lakin Bakı həm də öz tarixi ilə cəlbedicidir. Məsələn, İçərişəhərin füsünkar, dar küçələri, “Nouveau Art” stilində tikilmiş Fransa memarlığının nümunələri və s. Təbii ki, “Qız qalası”nı görmək, sevgililərin gəzdiyi Bakı bulvarında gəzişmək lazımdır. Bəlkə də qonaqlar, Bakıdan 40 dəqiqəlik məsafədə olan Qobustana səfər edə bilərlər. Orada tarixi eramızdan 10 min il əvvələ gedib çıxan qayaüstü rəsmlər indiyədək qalmaqdadır".

    Leyla Əliyevanın Mikayıl və Əli adlı əkiz oğlanları var. Leyla xanın Əminə adlı qızı da övladlığa götürərək, böyüdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR