Azərbaycanda müdafiə nazirinin müavinlərinin sayı artıb. İyulun 23-də Prezident İlham Əliyevin ali hərbi vəzifələrə təyinatlarla bağlı imzaladığı sərəncam belə deməyə əsas verir.
İlham Əliyevin sərəncamı ilə general-mayor Ənvər Əfəndiyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin edilib.
Bununla müdafiə nazirinin müavinlərinin sayı 6-a çatır.
Bu zamana qədər müdafiə nazirinin müavinləri belə sıralanırdı:
Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi,
Müavinlər: Əlahiddə Ümumqoşun Ordunun komandanı, Şəxsi Heyət Baş İdarəsinin rəisi, Hərbi Hava Qüvvələrinin komandanı, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi.
Onu da qeyd edək ki, Azərbaycanda Quru Qoşunları olsa da, faktiki olaraq onun komandanı vəzifəsi yox idi, yalnız 2021-ci ilin iyulun 23-dən etibarən bu vəzifədə Ənvər Əfəndiyev olacaq.
Hazırda müdafiə nazirinin müavini vəzifələrindən biri boşdur, söhbət Şəxsi Heyət Baş İdarəsinin rəisindən gedir.
Çünki Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifədə olan general-leytenant Kərim Vəliyev daha yüksək vəzifəyə - müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyinat alıb.
Quru Qoşunları 1918-ci ildə yaradılıb. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsidir.
Quru Qoşunları müxtəlif hərbi birləşmələrdən və bilavasitə Müdafiə Nazirliyinə tabe olan briqadalardan ibarətdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.