Məşhur Məmmədov,
Millət vəkiliBeynəlxalq institutların Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılması diplomatiyamızın uğurudur
Pakistan İslam Respublikasının İslamabad şəhərində “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyasında qəbul edilən, Azərbaycanın maraqlarını qoruyan dörd qətnamənin qəbul edilməsi Azərbaycanın xarici siyasətdə daha bir uğurunun göstəricisidir.
İƏT XİNŞ-in 48-ci clası çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım göstərilməsi”, “Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam mədəniyyətinə aid tarixi və mədəni abidələrin dağıdılması” və “Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı dörd qətnamə Azərbaycanın işğala məruz qalmasına və tarixi, mədəni, dini abidələrinin dağılmasına İƏT tərəfindən verilən dəyərdir.
Qətnamədə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb. Ermənistan və Azərbaycan arasında münasibətlərin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılmasına çağırış edilib, işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilib, yenicə azad olunmuş ərazilərdə yerləşən Məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılıb. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub. İnanıram ki, Azərbaycan haqlı olaraq təzminat haqqını tələb edəcək.
Azərbaycan ərazisindəki bir milyondan çox məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunduğu qətnamədə İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış öz əksini tapıb.
Qətnamədə həmçinin “Xocalıya ədalət” Beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilib və üzv dövlətlər kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində yaxından iştirak etməyə dəvət edilib.
Diplomatiyamızın uğurlarından biri də bütün beynəlxalq institutların Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılmasıdır. İnanıram ki, tezliklə qətnamədə qəbul edilmiş qərarlar həyata keçiriləcək. Bu, həm Azərbaycanın xarici siyasətdə apardığı uğurlu diplomatiyanı daha da şaxələndirəcək, həm də qətnamədə təsdiqini tapmış maddi dəstəklər işğaldan azad edilmiş torpaqlarımızın tez bir zamanda abadlaşmasına, torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin tez bir zamanda doğma torpaqlarına geri dönmələrinə vəsilə olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.