“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Pediatriyada Refleksoterapiya” layihəsinin təlimlərini uğurla yekunlaşdırıb.
QHT.az xəbər verir ki, bu barədə məlumatı “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində iştirakçılar üçün ümumilikdə 16 təlim keçirilib:
"Layihənin əsas məqsədi – əlilliyi olan uşaqların sağlamlığının yaxşılaşdırılması istiqamətində anaların bilik və bacarıqlarını artırmaq, onları alternativ və tamamlayıcı terapiya üsullarından biri olan refleksoterapiya ilə tanış etmək olub. Təlimlər zamanı iştirakçı analara refleksoterapiya haqqında ümumi anlayışlar, bu sahədə istifadə olunan cihaz və alətlər, uşaq sağlamlığında refleksoterapiyanın rolu, refleksoterapiya metodları və onların tətbiqi qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda, refleksoterapiyanın uşaqlarda ağrıların azaldılması, immun sisteminin möhkəmləndirilməsi, stres və narahatlığın aradan qaldırılması kimi müsbət təsirləri barədə praktiki biliklər təqdim olunub. Təlimlərdə iştirak edən analar yalnız nəzəri biliklərlə kifayətlənməyib, həm də praktik məşğələlərdə iştirak edərək refleksoterapiya texnikalarının tətbiqini yerində öyrəniblər. Bu, onların öz övladlarının reabilitasiya prosesinə daha fəal şəkildə qoşulmasına şərait yaradıb".
Qeyd edək ki, sonuncu təlim günündə iştirakçıların bilikləri yoxlanılıb, layihənin ümumi qiymətləndirilməsi aparılıb. Təlimçi tərəfindən keçirilən mövzulara aid suallar cavablandırılıb və sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.