AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dilimizin inkişafının əsas qarantı məhz ölkə rəhbərinin özüdür - ÖZƏL

  • + A
  • - A
  • 1-08-2022, 20:18


    Dilimizin inkişafının əsas qarantı məhz  ölkə rəhbərinin özüdür - ÖZƏL

    Dilimizin inkişafının əsas qarantı məhz ölkə rəhbərinin özüdür

    “Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin.Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi , cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik “(Heydər Əliyev)
    1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəanın müəllifi Heydər Əliyev olmuşdur. Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan dilinə hörmət və qayğısı həm sovet hakimiyyəti illərində, həm də müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu illərdə çox böyük olmuşdur.


    “Millətin milliliyini saxlayan onun dilidir” – deyən ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmana əsasən, hər il avqustun 1-ni xalqımız Azərbaycan dili və Əlifbası Günü kimi böyük təntənə və sayğı ilə qeyd edir Tarixin ağır sınaqlarından çıxıb bu günümüzə yetişən Azərbaycan dili artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmişdir. Azərbaycan dili ölkəmizin dövlət dili səviyyəsində qərarlaşaraq xalqımızın milli kimliyini bütün dünyaya təqdim edir. Ana dilinin dövlət dili statusuna yüksəlməsi, haqlı olaraq, tarixi hadisə, milli dövlətçiliyimizin tarixinin önəmli səhifəsi sayılır. Bu, milli yetkinliyin təsdiqi, xalqın öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin parlaq ifadəsidir. Bu gün Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil bir dövlətin dilidir. İndi Azərbaycan dili dünyanın müxtəlif dilləri ilə birbaşa əlaqəyə girmək imkanı qazanıb. Əgər bir vaxtlar dünya dilləri ilə Azərbaycan dili yalnız rus dili vasitəsilə əlaqəyə girirdisə, indi birbaşa əlaqə imkanları var. Bu mənada Azərbaycan dilinin inkişafı göz qabağındadır. Ölkəmizin tarixində ilk dəfə ana dili və onun əlifbasının şərəfinə ayrıca günün təsis olunması müstəqil dövlətimizin bu məsələyə nə qədər ciddi yanaşdığını, ana dilimizi necə bir yüksək məqama qaldırdığını göstərən tarixi amildir.. Ümummilli liderin ideyalarını bütün sahələrdə rəhbər tutan və dövrün tələblərinə uyğun gerçəkləşdirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə rəhbərinin özüdür. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Ana dilimiz milli-mənəvi dəyərimiz, varlığımız və bütövlüyümüzün təcəssümüdür.Dil xalqın mənəviyyatı, onun ruhu, ürəyinin güzgüsüdür. Sahib olduğumuz sərvətlər içərisində dil ən qiymətlisidir.Hər xalqın öz dili var. Təcrübə göstərir ki, ana dilini unudan xalqlar sonda məhvə məhkum olur. Azərbaycan xalqı tarix boyu öz dilini mühafizə edib saxlamış, göz bəbəyi kimi qorumuşdur. Dövlət dilimiz olan Azərbaycan dili zaman-zaman inkişaf edib, zənginləşib. Dilimiz zəngin lüğət tərkibinə, mükəmməl qrammatik quruluşuna, ifadə vasitələrinə malikdir.
    Xalq şairi Səməd Vurğun ana dilini xalqın namusu, tarixi, vicdanı adlandırırdı. XVIII əsrdə Qafqaza gələn A.Düma öz qeydlərində yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”.
    Ümümmilli lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm işlər görürdü. Ulu öndərimiz ana dili haqqında deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”. Ana dilinin statusunun özünə qaytarılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ana dili haqqında imzaladığı sənədlər xalqın mənəvi qidası olan ana dilimizin mövcudluğuna yeni nəfəs, yeni yüksəliş verdi.
    Ulu öndərimizin hər bir tövsiyə və göstərişləri bizə ruh və həvəs verir.
    Dahi şəxsiyyət Heydər Əliyevin anım ğünü ilə əlaqədar hər tədris ilində “Heydər Əliyev və Azərbaycan dili dərsləri” kecirırəm. Bu xüsusi dərslər mənim Ulu Öndərin xatirəsinə kiçik də olsa töhfəm olur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ulu öndərimizin uzaqgörən siyasətini uğurla davam etdirərək dilimizə, dilciliyimizə, onun inkişafına böyük qayğı göstərir. Dovlət başçımız deyir: ” Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”
    Dövlət başçımizin 1 noyabr 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tədbirlər haqqında” Fərmanı ana dilinə dövlət qayğısının və Prezidentin bu sahəyə yüksək diqqətinin barız nümunəsidir.
    Ana dilinə sevgi Vətənə sevgi deməkdir. Hər bir vətəndaş öz doğma dilinin sahibi olmaqla bərabər onu qorumağa, zənginləşdirməyə borcludur. Bu mənada Azərbaycan dilini tədris edən müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Ana dilini tədris edən müəllim nə dərəcədə peşəkar, təcrübəli, bilikli olsa da danışığında yeri gəldi-gəlmədi yad kəlmələrdən istifadə edərsə dövlət dilimizin təmizliyinə ziyan vuracaqdır.
    28 ildir ki, Masallı rayonunun Bədəlan kənd tam orta məktəbində doğma ana dilimizi tədris edirəm. Doğma dilimizi şagirdlərə düzgün tədris etmək, onu bütün gözəllik və incəlikləri ilə çatdırmaqdan qürur duyuram. Mənəvi sərvətimiz olan dilinizin varlığını hiss etmək, qorumaq necə də gözəldir! Çalışıram ki, dilimizi sevdirməklə yanaşı, ölkəmizin gələcək nəslini milli-mənəvi dəyərlər bazasında tərbiyə edərək dilimizə sevginin təməlini qoyam.İnanıram ki, şagirdlərimiz harada yaşamaqlarından asılı olmayaraq, dünyanın hər bir ölkəsində xalqımızın, dövlətimizin mənafeyini müdafiə edəcək, onu qorumağa cəsarətli olacaqlar.

    Hər bir şəxsiyyətin öz xalqına olan məhəbbəti doğma tarixinə, dilinə, dininə və mədəniyyətinə münasibəti ilə ölçülür. Bu gün böyük sevgi ilə qeyd etdiyimiz Azərbaycan dili və Əlifbası Günü daşıdığı sosial-siyasi və məfkurəvi mənası ilə bizim hər birimizi milli varlığımızın aynası olan ana dilimizin saflığını qorumağa, onu zənginləşdirməyə çağırır.Bəli, biz fiziki varlığımızın vətəni olan torpağımızı düşmən tapdağından xilas etdik, qoruduq, göz bəbəyimiz kimi qoruyuruq, mənəvi dünyamızın beşiyi olan ana dilimizi də sevmək və qorumaq bizim borcumuzdur. Torpaq fiziki varlığımızın vətəni, ana dilimiz mənəvi dünyamızın beşiyidir. Mənəvi sərvətimiz olan ana dilimizi sevək, qoruyaq və yaşadaq!

    Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
    Bu dil əcdadımızın bizə qoyub getdiyi,
    Ən qiymətli mirasdır, onu gözlərimiz tək,
    Qoruyub, nəsillərə biz də hədiyyə verək! (B.Vahabzadə)


    Məhbubə Şahbazova – Masallı rayon Bədəlan kəndi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR