AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyev Azərbaycanın xilaskarına çevrildi

  • + A
  • - A
  • 1-09-2022, 10:30

    Heydər Əliyev Azərbaycanın xilaskarına çevrildi
    Rövşən Əhmədov,
    YAP Ağcabədi rayon təşkilatının sədri


    Azərbaycan xalqı qarşısında müstəsnaxidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkədə siyasi hakimiyyətə qayıtmasının başlanğıcını qoyan 1991-ci ilin sentyabr ayının 3-ü Azərbaycan tarixinin ən yadda qalan günlərindən biridir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən fövqəlada sessiyasında deputatların və iclas zalının qarşısına toplanan minlərlə insanın təkidi ilə Ali Məclisinin sədri seçilməsi ilə Azərbaycanın müstəqillik həyatının yeni dönüş və inkişaf mərhələsinin əsası qoyuldu.

    Ulu Öndərin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açmışdır. Ümummilli Lider Heydər Əliyevin xalq deputatı kimi fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.

    Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atmışdır. Bu da təsadüfi deyildi. Çünki Ulu Öndər uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş, dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovetlər İttifaqının aparıcı dövlət xadimlərindən biri olmuş, bütün bunlarla yanaşı Azərbaycanın qədim dövlətçilik ənənələrinə dərindən bələd olmuş, milli ideologiyanın əsasını qoymuş, milli maraqlarımızın məğlubedilməz müdafiəçisinə çevrilmişdir.

    Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü idi. Qarşıda duran əsas vəzifə isə sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş Naxçıvanı işğal təhlükəsindən xilas etmək idi.

    Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.

    Bu gün müstəqilliyin yolları ilə inamla addımlayan Azərbaycanda böyük öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlara imza atır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da böyük inkişaf yolunda olmaqla əsl intibah dövrünü yaşayır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu nurlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti isə dünya durduqca müstəqil Azərbaycanın inkişafına xidmət edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR