Qəhrəman atanın bizə yadigarıHəyat bu, bir baxarsan hər şey bir anda sona çatar ..
Həyat bu, son dediyin an hər şey yenidən can tapar ..
Şəms Təbrizi
Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur. Əgər hər bir insan Cəlil Məmmədquluzadə tərəfindən deyilmiş bu fikirlə həyatını qura bilsə dünyamız başqa cür olardı. Mən hər zaman düşünürdüm ki, bu dünyada iz qoyan əbədi yaşayan insanlar çox azdır və belə bir şəxsiyyət olmaq hər kəsə qismət olmur. Lakin bu cür insanları tanımaq üçün ətrafımıza dönüb baxmağımız, tariximizə göz gəzdirməyimiz kifayətdir ki, anlayaq Azərbaycan elə igid ərənlər məkanıdır.
Təxminən bir il bundan qabaq Fizika İnstitutunun əməkdaşı Hüseynova Suma tərəfindən tərtib edilən “Fatehlər Sabirabad şəhidləri” adlı kitabının təqdimatında iştirak etmək və belə qəhrəmanların həyatları ilə tanış olmaq mənə qismət oldu. Təqdimat Sabirabad rayonunda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilmişdi. Bu kitab adından da bəlli olduğu kimi Sabirabadın igid oğullarının timsalında bütün Azərbaycan şəhidləri yad edilərək ərsəyə gəlmişdi. Kitabla ilk tanış olduqda, əlimə alıb vərəqlədikdə, hər səhifədə igid oğullar haqqında yazılanları oxumaq, yarımçıq qalmış həyatlarını, arzularını duymaq mənə çox çətin və əziyyətli olmuşdu. Azərbaycan sərhədlərini yenidən quran Vətən baniləri, öz adlarını tarixə əbədi həkk etdirən, cisimləri bu dünyada olmasa da hər zaman qəlbimizdə yaşayan şəhidlərimizin anım günündə iştirak etmək, valideynlərini, həyat yoldaşlarını tanımaq mənə çox qürur vermişdi.
Təqdimat günü şəhid yaxınları ilə söhbət zamanı həmkarımız olan Vüsalə xanımla tanış oldum. Onun həyat yoldaşı baş leytenant Cəfərov Mətləb Məhəmməd oğlu noyabr ayının 2-sində Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vururşaraq döyüş maşınına düşən mərmi nəticəsində şəhidlik zirvəsinə ucalıb. Onların iki yeniyetmə oğul övladları bizə yadigar qalıb. Vüsalə xanımla söhbət etdikdə övladlarının təhsili ilə dərindən maraqlanan valideyn oduğu aydın görünürdü. Valideynlərinin arzusu övladlarını ali təhsilli, savadlı gənc kimi görmək idi. Nəhayət ki, qəhraman atanın bizlərə əmanət etdiyi Hüseyn 610.60 bal toplayaraq ADA Universitetinin İnformasiya texnologiyaları ixtisasına qəbul olmaqla onların arzusunu yerinə yetirdi.
Hüseyn Mətləb oğlu Cəfərov Sabirabad şəhər N. Nərimanov adına məktəbdə oxuduğu dövrdə çalışqanlığı nəticəsində 7-ci sinifdə ən yüksək balla həmin məktəbin liseyinə qəbul olur və 9-cu sinfi qırmızı attestatla bitirir. Savadı, tərbiyəsi ilə müəllim və sinif yoldaşlarının hörmətini qazanan Hüseyn uşaqlıqdan öz istedadı ilə digərlərindən fərqlənirdi. 3 yaşında artıq 20 şeir bilir və Azərbaycan himnini əzbər səsləndirirdi. Təbii ki, Hüseyn öz istedadını kimya fənni üzrə Respublika olimpiadasında yarımfinal qalibi olaraq yenidən təsdiq edir.
10-cu sinifdə oxuyarkən atasının şəhid olması Hüseynə çox dərin stress yaşadır. Bəli, doğrudur ki, həyat bəzən hər kəsə ədalətli davranmır. Bəzən bəzilərinə həddindən artıq cəza, bəzilərinə isə həddindən artıq xoşbəxtlik, şans verir. Bəlkə də biz bunu belə düşünürük. Bizim düşüncəmizin doğruluğundan asılı olmayaraq öz ədalətsizliyi və ədaləti ilə həyat budur. Çətin və keşməkeşli yolda yaşamaq və yaratmaq üçün Tanrı bir çoxlarına güclü iradə və ürək verir. Həyat haqqında öyrəndiyim hər şeyi üc sözlə ifadə edə bilərəm: o davam edir... Məhz elə Hüseyn də bu həyatda güclü iradəsi və Vüsalə xanımın dəstəyi ilə ruhdan düşməyərək, cəsur olmağı seçdi. Yaşıdlarında tez böyüyərək yeniyetmə dövründə o, həyatın çətin sınağından uğurla çıxdı. Mən buna görə Hüseyni və onu sağlam iradəli yetişdirən anası Vüsalə xanımı təbrik edir, atası baş leytenant Mətləb bəyi hörmətlə anıram.
Mən düşünürəm ki, həyat dövr edir, düzgün valideynlər düzgün övladlar yetişdirir və düzgün övladlar düzgün valideyn olur. Həqiqi ailənin təməli şərəfli, vicdanlı, ədəbli övlad yetişdirməkdir. Belə bir övlad yetişdirdiyinizə görə Sizlərə minnətdaram. Həyat bir imtahandır, bu imtahanda isə Hüseynə uğurlar, gələcək tələbə həyatında müvəffəqiyyətlər arzulayıram.