2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 2 il arxada qalır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000 yaxın hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü, namus və ləyaqətimiz uğrunda mübarizəyə qatılmış bu cəsur fədailər Azərbaycan xalqının başını uca etdi. Heç vaxt unutmayacağımız və unutdurmayacağımız bu qəhrəmanlar hər bir Azərbaycan anasının əziz övladı, xalqımızın qüruru və iftixarı oldu. Rəşadət rəmzi olan bu qəhrəmanlar bugünkü və sabahkı gəncliyin əbədi amalı və and yeri oldu. Onların uyuduğu məkan müqəddəs ziyarət yeri oldu.
Bugün biz Şəhidlərimizə və Qazilərimizə borcluyuq. Hər birimiz həm vətəndaş kimi, həm də tutduğumuz vəzifə çərçivəsində gənc nəslin onlar kimi formalaşmasında məsuliyyət daşıyırıq. Həyata keçirəcəyimiz təbliğatımızla şərəfli tariximizi və bu tarixin qəhrəmanlarını uşaq və gənclərimizin qan yaddaşına yazılmasına nail olmalıyıq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Dəmirçi kənd ümumi orta məktəbinin kitabxanaçısı Sadıxova Yeganə Zakir qızı
Ülkər Piriyeva