Fransa prezidenti Cənubi Qafqazda gedən sülh prosesini əngəlləyir.
Rusif Kərimov - Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi
Fransa Prezidentinin bu günlərdə “France 2” telekanalının efirində səsləndirdiyi qərəzli və böhtan xarakterli bəyanatlar, Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir və və böyük ehtimalla onun özünün seçki kampaniyalarını maliyyələşdirən erməni lobbisinin növbəti sifarişinin icrası kimi qiymətləndirilməlidir. Emmanuel Makronun Minsk Qrupunun həmsədri olmasına rəğmən Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsi barədə indiyədək bir kəlmə də olsun söz deməyən bir ölkənin prezidenti olduğunu nəzərə alsaq, onun son bəyanatları da təəccüb doğurmamalıdır. Əksinə, təəccüblü olan Makronun Brüsseldə və Praqada keçirilən mühüm danışıqlarda iştirakına razılıq verilməsindən sonra onun ədalətli və tərəfsiz mövqe tutacağına ümid yaradan davranış sərgiləməsi idi. Lakin Fransa prezidentinin son bəyanatları bütün müəmmaları aradan qaldırdı. Makron bir daha işğalçı, terrorçu, yalançı və riyakar Ermənistana layiq bir qəyyum olduğunu öz çıxışı ilə təsdiq etdi.
Fransa Prezidentinin bir həftə ərzində öz rəyini və baxışlarını belə kəskin şəkildə dəyişə bilməsi onun siyasi iradəsizliyindən və prinsipsizliyindən xəbər verir: Təbii ki, bir siyasətçinin, xüsusən də dünya liderliyinə iddialı olan bir ölkənin dövlət başçısının qısa zaman kəsiyi ərzində öz mövqeyini belə kəskin şəkildə dəyişə bilməsi onun ən azından prinsipsizliyini göstərir. Bu prinsipsizlik Fransa prezidentini hətta öz ölkəsinin, öz xalqının maraqlarını belə özünün hansısa siyasi ambisiyalarının təmin olunması naminə erməni lobbisinin mənafelərinə qurban verməyə təhrik edir. Eyni zamanda da Makronun bu yumşaq desək, məsuliyyətsiz bəyanatları artıq tarixə gömülmüş ATƏT-in Minsk Qrupunun reinkarnasiyasına yönələn cəhdlər kimi də qiymətləndirmək olar. Maraqlıdır, görəsən Fransa prezidenti hansı məntiqə əsaslanaraq 28 il ərzində apardığı danışıqların münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə rolunu oynayan, əsas məqsədinin də münaqişənin nizamlanması yox, onun dondurulması olan bir qurumun yenidən Cənubi
Qafqazda gedən proseslərə cəlb olunmasına Azərbaycanın imkan verə biləcəyini düşünür?
Ölkəmizin bu məsələdə qəti və birmənalı mövqeyini isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev bir daha oktyabrın 14-də Astanada keçirilmiş Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında konkret ifadələrlə ortaya qoydu: “Təəssüf ki, 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir.” Dövlətimizin başçısı bir daha bütün dünyaya artıq öz təsdiqini tapmış həqiqəti bəyan edərək bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib və artıq Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yoxdur.
ATƏT-in Minsk qrupunun işğal dövründə dəfələrlə şahidi olduğu erməni cinayətlərinə səssiz qaldığını da xatırladaraq, bu faktın özünün də tam ciddiliyi ilə nəzərə alnmasının vacibliyini qeyd edib: “Ermənistan İkinci Qarabağ müharibəsi başa çatandan sonra da ölkəmizə qarşı mina və snayper terrorunu davam etdirir. Ötən iki il ərzində Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb.
Azad edilmiş ərazilərdə indiyədək Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. İşğal dövründə ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın təmsilçiləri dəfələrlə işğal olunmuş ərazilərimizdə olublar və erməni vandallarının bu ərazilərdə törətdikləri vəhşilikləri də öz gözləri ilə görüblər. Lakin Fransa heç zaman bütün bunlara görə Ermənistanı qınamayıb. Bu fakt Minsk qrupunun həmin dövrdə işğal altında olan ərazilərə səfər edən missiyaların eynilə minalanma proseslərinin də şahid ola biləcəklərinə dair əsaslı şübhələr yaradır.
Azərbaycan və Ermənistan arasında münasibətlərə əslində heç bir aidiyyəti olmayan Fransanın dövlət başçısının bugünkü mövqeyi, xüsusən də bu mövqeyin işğalçı, terrorçu bir ölkənin yanında formalaşması da bu şübhələri bir qədər də gücləndirir.
Azərbaycana qarşı daim qərəzli mövqe sərgiləyən bir dövlətin ümumiyyətlə ölkəmizlə bağlı hər hansı bir məsələnin müzakirələrində iştirakının yolverilməz olduğunu vurğulayaraq bunları deyib: “Azərbaycan xalqı Fransa prezidentinin İkinci Qarabağ müharibəsinin gedişi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi əsassız ittihamları da, şər və böhtan xarakterli bəyanatları da, Fransa Senatının və aşağı palatanın qondarma Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etdiklərini də unutmayıb. Bu gün isə Makron qətiyyən vicdan əzabı çəkmədən 30 il Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, təkcə obyekt və evləri deyil, hətta məscidləri, mədəniyyət abidələrini də darmadağın edən, qadınları və uşaqları qətlə yetirən, hərbi əməliyyatların getdiyi ərazilərdən yüz kilometrlərlə uzaqda yerləşən dinc şəhərləri raket atəşinə tutan Ermənistanın tolerant, sülhsevər olduğunu iddia edir, bundan sonra da ermənilərin yanında olacağını söyləyir. Fransa prezidentinin işlətdiyi “bundan sonra da” ifadəsi isə belə düşünməyə əsas verir ki, o, Xocalıda günahsız insanları, körpə uşaqları qırdıqları zaman da, hərbi əsirləri işgəncə verdikdən sonra qətlə yetirərək ümumi məzarlıqlarda dəfn edəndə də və nahəyət bir neçə gün öncə Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə edilmiş basqın zamanı da ermənilərin yanında olub. Təbii ki, bütün bunlar Fransanın bir vasitəçi ölkənin istənilən halda saxlamalı olduğu tərəfsizlik keyfiyyətini artıq çoxdan itirdiyini göstərir. Təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Makronun bu bəyanatlarından sonra Fransanın “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı rol almasının mümkünsüzlüyü” barədə bəyanatı gözlənilən idi və dövlət başçımızın bu bəyanatı birmənalı olaraq Azərbaycan xalqının iradəsini ifadə edir.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.