Ceyhun Hüseynov
Masallı MRX İƏ söbəsinin mütəxəssisi
Təbii ki, dövr, zaman dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas prioritet məsələlərdən biri ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Eyni zamanda, Azərbaycan bütün sahələrdə qazandığı təcrübə ilə nümunə olmalıdır. Məhz bu çağırışların reallıqda öz əksini tapması son 18 ilin davamlı uğurlarını, Azərbaycanın beynəlxalq aləmdə təqdir olunan və öyrənilməsinin vacibliyi vurğulanan inkişaf modelini şərtləndirən əsas amillər sırasında oldu. Möhtərəm Prezidentimiz Yeni Azərbaycan Partiyasının VII qurultayında ölkəmizin ötən illərdə qazandığı uğurlara, dünyaya səs salan və yeni reallıqlar yaratmaqla yanaşı, onların qəbulunu diktə edən tarixi Zəfərimizə söykənərək çağırışlar etdi, partiyamızın yeni proqramı hazırlanmalı olduğunu vurğuladı. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. İdarə Heyətinə 3 ay ərzində partiyanın yeni proqramının hazırlanması və təqdim edilməsi tapşırığı verildi. Bu tapşırığa uyğun olaraq Yeni Azərbaycan Partiyasının "Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlandı və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edildi. Yeni proqram bütün sahələrdə yenilikləri, qarşıdakı dövrdə görüləcək işləri və hədəfləri ehtiva edir. İstər 30 illik yolun təhlili, istərsə də partiyanın həyatında əhəmiyyətli rol oynayan qərarların qəbul olunduğu qurultaylar özlərində əks etdirdikləri dövrün reallıqlarına uyğun addımların atılmasını bir tələb kimi qarşıya qoyur. Diqqət yetirək, Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçirilən I qurultayında ulu öndər Heydər Əliyev partiyanın yaranmasından ötən 7 ilin təhlilini verərək qeyd etmişdir ki, bu illər ərzində YAP addım-addım irəliləyib, inkişaf edib, genişlənib və böyük bir partiyaya çevrilib. Qurultay partiyanın nə qədər güclü, əzəmətli və dərin fikirlərə malik olduğunu sübut edir. Ulu Öndər qurultayın yekununda Azərbaycan cəmiyyətinə, bütün vətəndaşlarımıza, siyasi partiyalara və ictimai birliklərə bu müraciəti etmişdir ki, demokratiyanın tələblərini düzgün və olduğu kimi qəbul etsinlər, ölkəmizin demokratik yolla getməsi üçün öz fəaliyyətlərini həqiqətən demokratik üsullarla həyata keçirsinlər. Bütün siyasi partiyalar ümummilli birliyə, ümumi vətəndaşlıq birliyinə, qlobal, ümummilli, ümumxalq, ümumdövlət məsələlərinin həll olunması üçün əməkdaşlığa dəvət edilmişdir.
Birinci qurultaydan ötən 23 il müasir müstəqil Azərbaycanın həyatında biri-birindən əhəmiyyətli, möhtəşəm uğurlarla yadda qalıb.
Bu illər, həmçinin ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildən artıq dövrdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının həyatında da mühüm tarixi məqamlarla xatırlanır.
Bu illər ərzində partiyanın əldə etdiyi uğurlar, cəmiyyətdə artan nüfuzu, beynəlxalq mövqeyi ölkədə keçirilən seçkilərdə xalqın inam və etimadını qazanmasında, irəli sürdüyü təşəbbüslərin, qəbul etdiyi qərarların dəstəklənməsində, sıralarını əsas keyfiyyətə üstünlük veriməklə kəmiyyət baxımından daha da zənginləşdirməsində, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasına verdiyi töhfələrində öz aydın ifadəsini tapır. Bu gün 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası "Güclü dövlət, yüksək rifah” prinsipinə sadiqliyini atdığı addımları ilə təsdiqləyir, milyonların sevgisini qazanır. 1992-ci ildə xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının "Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə "Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı ilə bugünki reallıqların təməlini qoyan ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” çağırışı Vətənini, dövlətini, xalqını sevən, onun gələcəyi üçün bütün qüvvə və bacarıqlarını səfərbər edən hər bir Azərbaycan vətəndaşının həyat amalına çevrilib.
Bu illər ərzində hər bir azərbaycanlının qürur duyduğu ən möhtəşəm, tariximizə qızıl hərflərlə yazılan uğurumuz 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, 30 ilə yaxın dövrdə öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın həsrətinə son qoyulması oldu. Bu Zəfər dövlətimizin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin, torpaq, Vətən sevgisinin təqdimatı oldu.
Bu şanlı Zəfər ümummilli məsələlərin həllində vətəndaş birliyimizi, Azərbaycanın multikultural, tolerant ölkə olduğunu təsdiqlədi.
Ümummilli lider Heydər Əliyevin I Qurultaydakı çağırışları reallıqda öz təsdiqini tapdı. 44 günlük Vətən Müharibəsinin gedişi dövründə 50-dən artıq siyasi partiya dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə dəstəklərini onun ətrafında sıx birləşmələri ilə ifadə etdilər. Yeni Azərbaycan Partiyasının VII Qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmaq barədə qərarı da partiyamızın cəmiyyətdə artan mövqeyinin, ona olan inamın və etimadın göstəricisi oldu. Partiyanın I Qurultayı ilə VII Qurultayında müzakirə olunan məsələlərin, qəbul edilən qərarların müqayisəli təhlili fonunda bu fikri böyük inam və qətiyyətlə ifadə edirik ki, Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Eyni zamanda, hər dövrün reallıqları qəbul olunun qərarlarda özünün aydın ifadəsini taparaq qarşıdakı dövrdə atılacaq addımların, görüləcək işlərin təqdimatı oldu. Partiyanın VII Qurultayı tarixi Zəfərimizin yaratdığı reallıqlara söykənərək keçirildiyi kimi, son bir il də bu reallıqların təsdiqi və qəbulunu nümayiş etdirən addımların atılması ilə yadda qaldı.
İşğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa və quruculuq işləri soydaşlarımızın Böyük Qayıdışının artıq reallığa çevriləcəyindən xəbər verir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təkcə 2021-ci ildə işğaldan azad edilmiş ərazilərimizə reallaşdırdıqları 32 səfərin hər biri tarixi hadisə kimi dəyərləndirilərək, mühüm sosial obyektlərin təməlinin qoyulması, yaxud açılışının keçirilməsi ilə yadda qalıb.
Ülkər Piriyeva