9 may –Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi.
XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.
Artıq 78 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.
Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyirdi: «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi.».
1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər.Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.
Müharibədə iştirak etmiş 600 min Azərbaycanlı arasında 10914 nəfəri Masallıdan olmuşdur.Onlardan 1573 nəfəri itgin düşüb,5 mindən çoxu həlak olmuşdur.Müharibə illərində istər ön çəhbədə,istərsədə arxa cəhbədə rayonumuzun adamları böyük vətənpərvərlik nümunələri göstərdilər. Masallı rayon əhalisi ön cəhbəyə maddi yardım göstərmişdir.Onlara taxılla,pulla,ərzaqla köməklik etmişdir. Böyük Vətən Müharibəsi illərində fərqlənən 28 nəfər masallı “ Qırmızı Ulduz”,17 nəfər “ Şöhrət”,10 nəfər “1-ci Dərəcəli Vətən Müharibəsi”,”Lenin” ordenləri ilə və medallarlarla təltif olunmuşdur.
Böyük Vətən Müharibəsi illərində qəhrəmanlıq göstərmiş bütün soydaşlarımızın əziz xatirəsi daim əziz tutulur və tutulacaqdır.
Əntiqə Tağıyeva- Masallı Tarix-Diyarşünaslıq Myzeyinin direktoru
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.