AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın müstəqil xarici siyasət yürütməsi bəzi Qərb dövlətlərini çox narahat edir - ÖZƏL

  • + A
  • - A
  • 27-07-2023, 09:27

    Azərbaycanın müstəqil xarici siyasət yürütməsi bəzi Qərb dövlətlərini çox narahat edir -

    Azərbaycanın müstəqil xarici siyasət yürütməsi bəzi Qərb dövlətlərini çox narahat edir


    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi


    Bu gün Azərbaycanın xarici siyasətində müəyyən edilmiş prioritet istiqamətlərdən biri də Çinlə münasibətlərin inkişaf etdirilməsidir. Azərbaycan-Çin dostluq münasibətlərinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ölkə Prezidenti cənab İlham Əliyevin “China Media Group” media korporasiyasına verdiyi müsahibəsində dediyi kimi, Ümummilli Lider Heydər Əliyev Çinə etdiyi səfərləri, bu ölkənin rəhbərləri ilə keçirdiyi görüşləri ilə dövlətlərimiz arasında əməkdaşlığın çərçivəsini yaratmışdır. Bu gün həmin münasibətlər qarşılıqlı hörmət əsasında inkişaf edərək səmimi dostluq əlaqələrinə çevrilib. Azərbaycan-Çin münasibətlərinin böyük inkişaf perspektivləri vardır. İkitərəfli əlaqələrin geniş gündəliyi, əməkdaşlığın çox aydın perspektivləri mövcuddur. Ölkələrimizin əksər siyasi və iqtisadi məsələlərdə mövqeləri üst-üstə düşür. Həmçinin iki ölkə arasında qarşılıqlı ticarətin həcmi getdikcə artır və bu sahənin də böyük potensialı var.
    Məlumdur ki, Çindən Avropaya göndərilən mallar dənizlə orta hesabla 36 günə mənzil başına çatır. Transsibir marşrutu ilə bu müddət 20 günədək qısalır. Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, Orta Dəhlizlə isə çatdırılma cəmi 12 gün çəkir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın irəli sürdüyü və Türkiyə ilə Gürcüstanın fəal dəstəyini almış yeni daşımalar yoludur. 2017-ci ildə Bakıda həmin layihənin rəsmi açılışı baş tutdu. Həmin vaxt Orta Dəhlizlə daşımalar hələ ki, prioritetlərdən biri hesab edilmirdi. Bu gün isə artıq həmin yolun təkmilləşdirilməsi işlərinə başlanıb. Çünki indi həmin marşrutla əvvəlcə nəzərdə tutulduğundan beş dəfə artıq yüklərin daşınmasına ehtiyac var. Hazırda Azərbaycan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışmalar həyata keçirir. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bütün bunlar əlavə yüklərin daşınması üçün yeni imkanlar açacaq. Daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək.
    Məlumdur ki, Azərbaycan əlverişli yerləşməsinə görə, bir çox coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Bu imkanları maksimum reallaşdırmaq üçün 15 il bundan əvvəl ölkəmizdə nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna başlanıb. O cümlədən “Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması ticarət limanının və bütün infrastrukturun yükaşırma baxımından imkanlarını genişləndirməyi tələb edir. Hələ bir neçə il bundan əvvəl yeni açılmış dəniz ticarət limanının yükaşıram qabiliyyəti 15 milyon ton idisə, bu gün həmin göstərici artıq 25 milyon tondur. Bir sözlə, Azərbaycanda böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür.
    Azərbaycan Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləyib və dəstəkləməkdə davam edir. Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, bu siyasət bir neçə il əvvəl qeyd olunub, bir çox hallarda yenidən təsdiqlənib, tamamilə dəyişməz olaraq qalır və heç zaman da dəyişməyəcək. Bu gün Çin və Azərbaycanın bir çox siyasi və iqtisadi məsələlərə yanaşmaları eynidir. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında yekdil siyasət mövcuddur, qarşılıqlı ticarətin həcmi getdikcə artır və ən əsası bütün istiqamətlərdə daha dinamik inkişaf üçün böyük potensial var. Xüsusilə ölkələrimizi gələcəkdə daha da yaxınlaşdıracaq yeni nəqliyyat marşrutları regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq.
    Təbii ki, cənab Prezident İlham Əliyevin müsahibəsində bir çox siyasi məqamlarla da bağlı önəmli açıqlamalar yer almışdır. Möhtərəm dövlət başçımız qeyd etmişdir ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi bəzi dövlətləri narahat edir. Bu səbəbdən də Birləşmiş Ştatlarda, Fransada və bəzi digər Qərb ölkələrində böyük infrastruktura malik olan erməni lobbiləri dövri olaraq Azərbaycana hücumlar təşkil edirlər, mövcud olduqları ölkədə siyasətçiləri ələ alırlar, onların cəmiyyətinə, parlamentinə, mətbuatına və hökumət orqanlarına yol tapırlar. Azərbaycan davamlı olaraq həmin qüvvələrin nəzarətində olan mətbuatın və dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Lakin bu, heç də önəmli amil deyil. Vacib olan Azərbaycan xalqının hökumətimizin siyasəti barədə nə düşündüyüdür. Həmçinin bu gün Ermənistanın ən böyük vəkili kimi çıxış edən Fransa hökuməti ölkəmizə qarşı mənasız və əsassız hücumları ilə, hər cür siyasi etikadan kənara çıxan siyasi bəyanatlarla diqqəti cəlb edir. Əlbəttə ki, bütün bunlar heç bir nəticə verə bilməz. Çünki bu günün özündə belə özünün çirkin müstəmləkəçilik siyasətini davam etdirən bir dövlətin əsla demokratik dəyərlərdən danışmağa haqqı yoxdur. Azərbaycan isə, bunun tam əksi olaraq hər zaman ədalətin, beynəlxalq hüququn tərəfində olub və bu gün də Ermənistanla sülh müqaviləsinin imzalanması üçün ölkəmizin irəli sürdüyü beş əsas təməl prinsipi beynəlxalq hüquq normalarına əsaslanıb. Əlbəttə ki, Qarabağ və ya orada yaşayan erməni əhalisinin gələcəyi heç bir xarici ölkə ilə müzakirə ediləcək mövzu deyil. Çünki bu, Azərbaycanın daxili işidir. Aydındır ki, Azərbaycandakı erməni azlığının hüquqları və təhlükəsizliyi Ölkə Konstitusiyası əsasında lazımınca qorunacaq. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər də hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar.



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR