12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür
Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçilməsi Azərbaycan xalqını qurtuluşa aparan yolun ilk addımıdır. Ulu öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir. Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellektə, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevə uyğun gələn siyasətçi çox azdır. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. "Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir" - deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Ona görə də bir sıra hallarda Heydər Əliyevi "siyasət nəhəngi", "siyasət qrosmeysteri", "siyasət patriarxı"... kimi xarakterizə edirlər. Qüdrətli dövlət xadimi siyasət aləminin müəllimi idi. Onun müəllimliyindən çoxlarına pay düşmüşdür. Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bu, on illərllə formalaşmış fikirdir, özü də doğru və düzgün fikirdir. Ölkəmizin fəxri, mili iftixarımız və liderimiz olan Heydər Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki o, bir neçə on il bundan sonra görəcək işləri bu gün həyata keçirməyi bacaran nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi idi. Onun siyasəti ölçülüb-biçilmiş, gələcəyə ünvanlanmış siyasət idi.
Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. Müasirləri onun gördüyü işləri hələ layiqincə dəyərləndirməyiblər: onun yer üzünə nə üçün gəldiyini və kim tərəfindən göndərildiyini tam dərk edə bilmək üçün hələ olduqca az vaxt keçib. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Əsədli Əsəd
Masallı Dövlət Regional Kollecinin müəllimi