Masallı, 11 İyun — Azadmedia.az
Misir-Azərbaycan münasibətləri bu gün yüksələn xətlə inkişaf edir. Müsəlman dünyasında hər zaman Azərbaycana qarşı müsbət mövqeyi ilə seçilən ölkələrdən sayılır Misir dövləti. Rəsmi Qahirə hər zaman Azərbaycanın haqq səsinin dünyada müdafiə olunmasına dəstəkçi olub.
Ölkələrimiz arasındakı münasibətlərin genişlənməsində dövlət rəsmilərinin səfərləri də mühüm rol oynayıb. Gəlin Misir-Azərbaycan münasibətlərinin tarixinə qısa səyahət edək. Hələ 1958-ci ilin mayında keçmiş SSRİ-də rəsmi səfərdə olan Misirin o dövrdəki Prezidenti Camal Əbdülnasir Bakıya gəlmiş və ölkəmizdən çox böyük təəssüratlarla ayrılmışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra da münasibətlərimiz yeni mərhələyə qədəm qoyub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir 1991-ci il dekabrın 26-da ölkəmizin müstəqilliyini tanıyıb və 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin sentyabrında BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri baş tutub. Bu səfər Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib. İki ölkə arasında münasibətlərin gələcəyinin müəyyənləşdiyi bu səfərdən sonra Azərbaycan ilə Misir arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlər imzalanıb.
Azərbaycan və Misir arasındakı əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkə başçımızın 2007-ci il mayın 6-8-də Misirə rəsmi səfərinin baş tutması bunun təzahürüdür. Həmin səfər çərçivəsində iki ölkə arasında əlaqələrin inkişafı, mövcud beynəlxalq vəziyyət, Qarabağ münaqişəsi kimi mühüm məsələlərlə yanaşı, iqtisadi münasibətlərin daha da genişləndirilməsi gündəmə gətirilib. Nəticədə müxtəlif sahələri əhatə edən 12 sənəd həyata vəsiqə alıb. Həmin səfər çərçivəsində Qahirədə Azərbaycan səfirliyinin yeni binasının açılış mərasimi keçirilib. Mayın 7-də isə Prezident İlham Əliyev Misir Parlamenti tərəfindən medal ilə təltif edilib. Xatırladaq ki, qızıldan hazırlanmış bu medal Misir Xalq Məclisinin ali qonaqlarına təqdim olunur.
Qeyd edək ki, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. Elə Prezident İlham Əliyevin həmin səfəri zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın vəziyyəti, bu əlaqələrin genişləndirilməsi perspektivlərinin müzakirə olunması, həmçinin Liqaya üzv ölkələrin səfirləri ilə görüşməsi bunu təsdiqidir..
2016-cı il noyabrın 2-də Azərbaycanın Xarici işlər naziri Misirdə, 2019-cu ilin noyabrında Misirin Xarici işlər naziri Sameh Şukri Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Bu səfərlər zamanı keçirilən görüşlər və müzakirə olunan məsələlər qarşılıqlı əlaqələrin bugünkü inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynayıb.
Ceyhun Hüseynov Masallı RMX İƏ üzrə mütəxəssis
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.