“Atamı damda, anamı isə ağacın altında öldürdüm” — Gədəbəyi silkələyən dəhşətli qətl
Gədəbəy rayonunda anasını və atasını öldürməkdə təqsirli bilinən Şöhrət Məsimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub.
İttihama görə, 2017-ci il sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirərək hadisə yerini tərk edib.
Hadisəni törədən Şöhrət Məsimov ailəsi ilə birgə Bakı şəhərində yaşayırmış. Bir neçə gün əvvəl kəndə valideynlərini görməyə gəlib. Sentyabrın 21-də 1931-ci il təvəllüdlü atası Mikayıl Məsimov və 1938-ci il təvəllüdlü anası Ayna Məsimovanı qətlə yetirib və qaçıb.
Həmin vaxt onun qardaşının yoldaşı və iki uşağı evdə olub, onlar bağda olduqları üçün hadisəni görməyiblər. Kişinin meyiti evdə kürəyindən bıçaqlanmış halda, qadının meyiti isə həyətdə alma ağacının altında aşkarlanıb.
Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Deyilənən görə, Şöhrət Məsimov spirtli içki düşkünü olub.
Hadisədən bir neçə gün sonra cinayəti törədən Şöhrət Məsimov həbs edilib.
İstintaq orqanı tərəfindən Şöhrət Məsimovun barəsində 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
İstintaqa ifadə verən Şöhrət Məsimov törətdiyi cinayəti etiraf edib və əməlindən peşman olduğunu deyib.
Şöhrət Məsimov bildirib ki, hadisə baş verən günə kimi valideynləri arasında heç bir mübahisəsi olmayıb.
Bakı şəhərində yaşadığını deyən Şöhrət Məsimov əlavə edib ki, sentyabrın 21-də kəndə qonaq gəlibmiş. Atası ilə mübahisə pul və mülk üstündə yaranıb:
“Atamı həyətdəki dama apardım və orada bir neçə yerındən bıçaqladım. Atamın öldüyünə əmin olandan sonra anamın səsi gəldi. Sonra düşündüm ki, anam bunu görüb. Hadisənin ört-basdır olunması üçün anamı da öldürmək qərarına gəldim. Axtaranda anamı həyətdəki iri ağacın arxasında tapdım. Elə oradaca anamı da bıçaqladım. Onun da öldüyünü biləndə hadisə yerindən qaçdım”.