Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yaşayış kompleksində baş verən yanğın bir daha nizamsız parklanmanın ağır nəticələrə səbəb ola biləcəyini göstərdi. Hadisə zamanı məişət tullantıları üçün ayrılmış ərazidə başlayan alov yaxınlıqda park edilmiş avtomobillərə də keçib.
Yanğın nəticəsində zərər görən avtomobillərdən birinin həmin yaşayış kompleksində yaşayan jurnalist Anar Məmmədova məxsus olduğu bildirilib. Jurnalist bildirib ki, onun yerində başqa avtomobil saxladığı üçün futbolu izlədikdən sonra yerini dəyişmək fikri ilə avtomobilini zibil qutularına yaxın yerdə saxlayıb.
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı yaydığı məlumatda qeyd edib ki, aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi sürücülərin avtomobilləri təyin olunmamış yerlərdə və nizamsız şəkildə park etməsi fövqəladə hallar zamanı yanğınsöndürmə və xilasetmə texnikalarının hadisə yerinə operativ şəkildə yaxınlaşmasına ciddi maneələr yaradır.
Nazirlik vurğulayıb ki, yanğın və digər fövqəladə hallar zamanı xüsusi təyinatlı texnikaların maneəsiz hərəkəti, çevik müdaxiləsi, eləcə də su hovuzları və hidrantlardan rahat istifadə edilməsi üçün avtomobillər yalnız ayrılmış parklanma yerlərində, ara məsafəsi saxlanılmaqla və digər nəqliyyat vasitələrinin sərbəst keçidinə imkan verəcək şəkildə park edilməlidir.
FHN sürücülərə bir daha müraciət edərək məsuliyyətli davranmağa və parklanma qaydalarına ciddi əməl etməyə çağırıb. Bu cür laqeydliyin təkcə maddi ziyana deyil, insanların həyatının təhlükə altına düşməsinə də səbəb ola biləcəyi vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.