İyulun 29-da Abşeron rayonunun Lökbatan-Qobu yolunda baş verən ağır yol qəzasında həlak olan Rauf Hüseynov və Bəhruz Sultanovun ailələri hadisəyə səbəb olan sürücünün məsuliyyətə cəlb edilməsini tələb edir.
Rauf Hüseynovun həyat yoldaşı Şölə Hüseynovanın Qafqazinfoya verdiyi məlumata görə, əldə edilən video görüntülərdən “Toyota Corolla” markalı avtomobilin ötmə manevri zamanı Raufun avtomobilinə arxadan çırpıldığı, nəticədə avtomobilin idarəetmədən çıxaraq “Qazel” markalı yük maşını ilə toqquşduğu görünür.
Şölə Hüseynova avtomobili Rəvan Bağırovun idarə etdiyini və qəzanın əsas səbəbkarının indiyədək məsuliyyətə cəlb edilmədiyini iddia edib. Onun sözlərinə görə, qəza sonrası “Toyota Corolla”nın bir hissəsi boyanıb və avtomobildəki izlərin ekspertiza ilə müəyyənləşdirilməsi mümkündür.
Mərhumun ailəsi həmçinin qarşı tərəfin hadisədən sonra onlarla əlaqə saxlamadığını və başsağlığı vermədiyini bildirib.
Ailələr aidiyyəti qurumlardan qəzanın obyektiv araşdırılmasını, günahkar şəxsin müəyyən edilərək qanun qarşısında məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.