Bakıda qətl hadisəsi törətməyə cəhd etməkdə təqsirli bilinən Maştağa qəsəbəsi sakini, 1977-ci il təvəllüdlü Elvin Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sfera.az “publika.az”a istinadan xəbər verir ki, Elvin Səlimov 2 iyun 2016-cı il tarixdə ailə münasibətlərinin pozulması zəminində arvadı Səmayə Səlimova uşaqları ilə birlikdə qardaşı Səlim Səmədovun evinə getməsindən sonra, onları evinə qaytarmaq üçün bir neçə dəfə arvadı və qaynına zəng vursa da, sonuncular onun telefon zənglərinə cavab verməyib.
İçki qəbul etdi, silaha əl atdı
O, iyunun 10-da atası Sahibin işdən çıxarılmasına da qaynı Səlim səbəb olduğunu ehtimal edib. Heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə Səlimi öldürmək qərarına gəlib.
Elvin Səlimov həmin gün saat 22 radələrində mağazadan spirtli içki alıb.
İçki qəbul etdikdən sonra qanunsuz olaraq əldə etdiyi, Maştağa qəsəbəsi, dəmir yolu xəttinin yaxınlığında torpağa basdırdığı 8 ədəd patronu olan tapançanı götürüb.
Gecə yarısı evə girdi
Elvin Səlimov iyunun 10-dan 11-nə keçən gecə, saat 1 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində qaynının yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsindəki evə gəlib.
O, fərdi yaşayış evinin həyətinə girərək, üzərindəki tapançanı atəşə hazırlıq vəziyyətinə gətirib.
Həmin vaxt həyətdə olan oğlu Samir evdə olan ailə üzvlərinə atasının gəldiyini xəbər verib. Sonra arvadı, qaynı və sonuncunun arvadı Lalə evdən həyətə çıxıb.
İçkili olan yeznəsini yola salmaq istədi
Bu zaman Səlim onun içkili vəziyyətdə olduğunu görüb. O, bacısının ərinin qolundan tutaraq gedib yatmasını, ayıq vəziyyətdə olarkən gəlməsini bildirib. Belə vəziyyətdə o, Elvini darvazadan çölə çıxarıb.
Elvin yenidən içəri keçmək istəyib, amma Səlim ona ayıldıqdan sonra gəlməsini məsləhət görüb, eyni zamanda ailə üzvlərinə tərəf çevrilərək onlara içəri keçmələrini tapşırıb.
Atəş açdı, qaynını yaraladı
Bu vaxt Elvin onun telefon zənglərinə cavab verilməməsini, həmçinin atasının işdən çıxarılmasını bəhanə edərək, Səlimin yaxın qohumları arvadı və bacısının gözləri qarşısında öldürmək istəyib.
Bu məqsədlə Elvin özündə olan silahlı qaynı Səlimə tuşlayıb və atəş açıb. Onun açdığı atəş nəticəsində Səlim ağır zərər vurmaya aid olan xəsarətlər alıb. Atəşin təsirindən Səlim arxaya gedərək darvazaya söykənib.
İki dəfə atəş açmağa cəhd etdi, qadın imkan vermədi
Daha sonra Elvin qaynına tərəf daha bir atəş açmaq istəsə də, güllə açılmayıb. O, silahı atəş vəziyyətinə gətirərək təkrar atəş açmaq istəsə də, yenə də güllə açılmayıb.
Həmin vaxt Lalə əli ilə Elvini itələyib, onun hərəkətlərinin qarşısını alaraq aktiv müqavimət göstərib, yenidən atəş açmasına mane olub. Ailə üzvləri Səlimi darvazadan içəri keçirib, qapını arxadan bağlayıblar.
Cinayətkar hadisə yerindən qaçdı, yaralı xəstəxanaya aparıldı
Bundan sonra Elvin yaxalanacağından ehtiyatlanaraq hadisə yerindən uzaqlaşıb. Səlim vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunub.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən Elvin Səlimov ertəsi gün həbs edilib.
İstintaq orqanı tərəfindən Elvin Səlimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd etmək), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.
17 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Səlimovun barəsində 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Hökmdən narazı qalan Elvin Səlimov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Elvin Səlimovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti qərar elan edib. Qərara görə, Elvin Səlimovun şikayəti təmin olunmayıb.
Cəzadan 1 il çıxıldı
Bu qərardan narazı qalan Elvin Səlimov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Şikayət hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərarı açıqlayıb.
Qərara görə, Elvin Səlimovun hökmdən Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi xaric edilib. Onun cəzası 16 ilə endirilib.