İran İslam Respublikasından Azərbaycana qayıdan daha 34 nəfər xəstəxanaya aparılıb.
İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.
Qeyd edək ki, onların əksəriyyəti İranda dini təhsil alan tələbələrdir.
Xatırladaq ki, ötən gün 23 nəfər karantin məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb:
“Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün yeddi nəfər yerləşdirilib.
Həkim müşahidəsinə götürülənlərin ikisi Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır. Onlarda altısının vəziyyəti normaldır səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir.
İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə artıq məlumat verdiyimiz kimi müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Səhiyyə Nazirliyinə verilən məlumata görə, həkim müşahidəsinə götürülənlərdən iki nəfərinin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb.
Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.