Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Tovuz şəhəri, M.Musayev küçəsi, 34 ünvanında fəaliyyət göstərən fərdi sahibkar Məmmədov Qoca Fərman oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.