Azərbaycan Kung-Fu Federasiyasının XXXII Azərbaycan Çempionatı və Birinciliyi keçirilib

Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası – Kung-Fu Federasiyasının XXXII Azərbaycan Çempionatı və Birinciliyi keçirilib.
Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən idman klublarından 400-dən artıq idmançı iştirak edib. Yüksək təşkilatçılıq səviyyəsində keçirilən çempionatda idmançılar müxtəlif yaş və kateqoriyalar üzrə öz bacarıq və hazırlıq səviyyələrini nümayiş etdiriblər.
Azərbaycan Respublikası Kunq-Fu Federasiyasının baş hakimi, dünya və Avropa çempionu Güloğlan Cabbarlı bildirib ki, bu cür yarışların təşkili ölkədə idmanın inkişafı, gənclərin fiziki və mənəvi hazırlığının yüksəldilməsi, eləcə də sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, idman yalnız fiziki güc və texniki bacarıqların nümayişi deyil, eyni zamanda gənclərdə intizam, məsuliyyət, dözümlülük, dürüstlük və mübarizə əzmi kimi keyfiyyətlərin formalaşmasına xidmət edən mühüm tərbiyə vasitəsidir.
G.Cabbarlı qeyd edib ki, federasiyanın əsas hədəflərindən biri peşəkar idmançıların yetişdirilməsi ilə yanaşı, yüksək mənəvi dəyərlərə malik, savadlı, intizamlı və vətənpərvər gənclərin formalaşmasına töhfə verməkdir.
O, həmçinin federasiyanın regionlarda idmanın inkişafı, yeni istedadların üzə çıxarılması, məşqçi potensialının gücləndirilməsi və gənclərin idmanla məşğul olması üçün imkanların genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Federasiya rəsmisi əminliyini ifadə edib ki, bu gün yarış meydanında bacarıq və əzmkarlıq nümayiş etdirən idmançılar gələcəkdə beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil edəcək və ölkəmizin idman uğurlarının artırılmasına töhfə verəcəklər.
Sonda çempionatın təşkilində iştirak edən məşqçilərə, hakimlərə, idman klublarının rəhbərlərinə, valideynlərə və idmançılara təşəkkür bildirilib, qaliblər təbrik olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.