Standartlaşdırma artıq yalnız məhsulun keyfiyyətini müəyyən edən texniki mexanizm deyil. Qlobal iqtisadiyyatda standartlar ölkələrin rəqabət qabiliyyətinə, ixrac imkanlarına, texnologiyaların yayılmasına və istehlakçıların müdafiəsinə birbaşa təsir edən mühüm iqtisadi alətə çevrilib.
Bu məsələ Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənovun çıxışında da xüsusi vurğulanıb.
Dünya Bankının 2025-ci il üzrə “Standards for Development” hesabatında standartlar müasir iqtisadiyyatların “gizli infrastrukturu” kimi xarakterizə olunur. Hesabata görə, dünya ticarətinin təxminən 90 faizi qeyri-tarif tədbirlərinin təsiri altındadır və onların əhəmiyyətli hissəsi standartlarla bağlıdır.
Bu göstəricinin Azərbaycan iqtisadiyyatı üçün də mühüm əhəmiyyəti var. Məsələn, yerli şirkət məhsulunu xarici bazara çıxarmaq istəyirsə, yalnız məhsulun qiyməti və keyfiyyəti kifayət etmir. Həmin məhsulun təhlükəsizlik, etiketləmə, tərkib, sınaq və texniki uyğunluq tələblərinə cavab verməsi də tələb olunur.
Bu tələblər ölkələr arasında fərqləndikdə istehsalçı üçün əlavə sınaq, sertifikatlaşdırma və sənədləşmə xərcləri yarana bilər. Beynəlxalq standartların uyğunlaşdırılması isə belə maneələrin azalmasına və məhsulların müxtəlif bazarlara çıxışının asanlaşmasına imkan verir.
Dünya Bankının yanaşmasına görə, inkişaf etməkdə olan ölkələr beynəlxalq standartlara uyğunlaşmaqla yanaşı, prioritet sahələrdə beynəlxalq standartların hazırlanması prosesində də fəal iştirak etməlidirlər.
Azərbaycanın standartlaşdırma sahəsində son dövrdə əldə etdiyi nəticələr bu istiqamətdə fəaliyyətin genişləndiyini göstərir. Azərbaycan Standartlaşdırma İnstitutunun məlumatına görə, 2025-ci ildə 345 yeni dövlət standartı qəbul edilib. 2026-cı ilin yalnız 9 ayında isə bu göstərici 620-yə çatıb.
Yeni standartların əhatə etdiyi sahələr də iqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edir. 2026-cı ilin 9 ayında qəbul edilən standartlardan 62-si qida texnologiyası və kənd təsərrüfatı, 92-si nəqliyyat, 43-ü isə mebel sahəsinə aiddir.
Standartlaşdırmanın iqtisadi təsiri yalnız ixracla məhdudlaşmır. Standartlar istehsal proseslərinin daha səmərəli təşkilinə, resurslardan qənaətlə istifadəyə, məhsul keyfiyyətinin yüksəldilməsinə və istehlakçı etimadının artmasına şərait yaradır.
Müasir mərhələdə isə standartlaşdırmanın yeni istiqamətləri formalaşır. Süni intellekt, rəqəmsal texnologiyalar, yaşıl enerji, enerji səmərəliliyi və ətraf mühitin qorunması kimi sahələrdə vahid texniki yanaşmaların yaradılması iqtisadi inkişafın növbəti mərhələsi üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda bu istiqamətdə artıq müəyyən addımlar atılır. Məsələn, AZSTAND-ın 2025-ci ildə qəbul etdiyi standartlar arasında süni intellektin idarəetmə sistemlərinə dair AZS ISO/IEC 42001:2025 standartı da yer alıb.
Beynəlxalq inteqrasiya da paralel şəkildə güclənir. Azərbaycan Standartlaşdırma İnstitutu 2026-cı il yanvarın 1-dən IEC-də assosiativ üzv kimi təmsil olunur. Bu, ölkənin elektrik, elektronika, İKT, robototexnika və nanotexnologiyalar üzrə beynəlxalq standartlaşdırma fəaliyyətinə çıxışını genişləndirir.
Standartlaşdırmaya yalnız texniki norma kimi yanaşmaq artıq kifayət etmir. Standartlar Azərbaycanın istehsal etdiyi məhsulların beynəlxalq bazarlara çıxışında, sahibkarların rəqabət qabiliyyətinin yüksəldilməsində və iqtisadiyyatın yeni texnologiyalara uyğunlaşdırılmasında mühüm vasitələrdən biridir