AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan-Hindistan münasibətləri: Bakı üçün yeni Asiya vektoru

  • + A
  • - A
  • Bu gün, 08:50

    Azərbaycan-Hindistan münasibətləri: Bakı üçün yeni Asiya vektoru


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Azərbaycan-Hindistan münasibətlərində yeni mərhələ formalaşır. Bu mərhələnin əsas istiqaməti yalnız siyasi dialoqun genişləndirilməsi deyil, nəqliyyat, logistika, ticarət, investisiya, yüksək texnologiyalar və insan kapitalını əhatə edən uzunmüddətli strateji tərəfdaşlığın qurulması olmalıdır.
    Azərbaycan Hindistan üçün Cənubi Qafqazda mühüm siyasi, iqtisadi və logistika tərəfdaşı, Hindistan isə Azərbaycan üçün Asiyanın böyük bazarlarına, texnologiyalarına, investisiya və insan kapitalına çıxış verən strateji tərəfdaş ola bilər.

    Belə bir münasibətlər modeli yalnız iki ölkənin siyasi əlaqələrini gücləndirməz. Eyni zamanda Azərbaycanı daha geniş Avrasiya iqtisadi məkanında yeni bağlantıların mühüm iştirakçısına çevirə bilər.

    Beynəlxalq münasibətlər sisteminin sürətlə dəyişdiyi, qlobal iqtisadi və geosiyasi mərkəzlərin yenidən formalaşdığı bir dövrdə dövlətlərin qarşısında duran əsas vəzifələrdən biri mövcud tərəfdaşlıqları qorumaqla yanaşı, yeni əməkdaşlıq coğrafiyalarını vaxtında müəyyənləşdirməkdir.

    Azərbaycanın xarici siyasətinin son illərdəki mühüm xüsusiyyətlərindən biri də məhz bu yanaşmadır. Ölkəmiz ənənəvi tərəfdaşlıq münasibətlərini inkişaf etdirməklə yanaşı, Avrasiyanın müxtəlif iqtisadi və siyasi mərkəzləri ilə əlaqələrini genişləndirir, nəqliyyat-logistika imkanlarını artırır, yeni bazarlara çıxış və investisiya imkanları yaradır.
    Bu baxımdan Hindistan xüsusi əhəmiyyət daşıyır.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında siyasi dialoqun mühüm göstəricilərindən biri olmaqla yanaşı, Azərbaycan-Hindistan münasibətlərinin gələcək istiqamətlərinə dair daha geniş mənzərəni qiymətləndirmək üçün də ciddi əsas yaradır.

    Səfər çərçivəsində iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəni və humanitar sahələrdə əməkdaşlıq imkanları, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

    Burada diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan və Hindistan münasibətlərini artıq yalnız klassik diplomatik əlaqələr və ikitərəfli ticarət çərçivəsində nəzərdən keçirmək kifayət deyil. Bu münasibətlərə daha geniş Avrasiya geoiqtisadi məkanı kontekstində baxmaq lazımdır.

    Hindistan haqqında danışarkən ilk növbədə onun miqyası diqqəti cəlb edir. Nəhəng əhali, sürətlə inkişaf edən iqtisadiyyat, böyük istehlak bazarı, güclü sənaye və texnologiya sektoru, artan investisiya imkanları və qlobal siyasətdə yüksələn rolu Hindistanı XXI əsrin əsas geoiqtisadi aktorlarından birinə çevirir.

    Lakin Azərbaycan üçün Hindistanın əhəmiyyəti yalnız onun iqtisadi ölçüləri ilə məhdudlaşmır. Hindistanın mühüm üstünlüklərindən biri onun Asiyanın müxtəlif iqtisadi və geosiyasi məkanları ilə əlaqələrində oynadığı roldur. Azərbaycan isə öz coğrafi mövqeyinə görə Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində mühüm nəqliyyat və logistika bağlantılarının üzərində yerləşir.

    Bu baxımdan coğrafi məsafə iki ölkənin strateji maraqlarının kəsişməsinə maneə deyil. Əksinə, düzgün yanaşma və müasir logistika imkanları bu məsafəni iqtisadi əməkdaşlıq üçün üstünlüyə çevirə bilər.
    Məhz burada Azərbaycan–Hindistan münasibətlərinin əsas potensialı meydana çıxır.

    Bakı-Dehli münasibətlərinə daha geniş xəritədən baxmaq lazımdır. Azərbaycan və Hindistan arasında əməkdaşlığı yalnız “iki ölkə arasında ticarət” kimi qiymətləndirmək artıq yetərli deyil.

    Hindistan üçün Avrasiya ilə iqtisadi bağlantıların genişləndirilməsi getdikcə daha böyük əhəmiyyət qazanır. Azərbaycan üçün isə Cənubi Asiyanın böyük və dinamik iqtisadiyyatları ilə əlaqələrin dərinləşdirilməsi ölkənin tranzit, logistika və ixrac imkanlarını genişləndirə bilər.

    Bu baxımdan nəqliyyat məsələsi xüsusi önəm daşıyır. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarında oynadığı rol ölkənin sadəcə tranzit ərazisi deyil, regional logistika və ticarət mərkəzinə çevrilməsi strategiyasının əsas elementlərindəndir.

    Hindistanla əməkdaşlıq isə bu strategiyaya yeni və mühüm Asiya istiqaməti əlavə edə bilər.
    Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan üçün uzunmüddətli strateji əhəmiyyət daşıyan layihələrdən biridir. Lakin bu dəhlizə yalnız dəmir yolları, avtomobil yolları və yük daşımaları prizmasından yanaşmaq doğru olmaz.
    Dəhliz, əslində, yeni iqtisadi əlaqələr və biznes zəncirləri yaratmaq imkanına malikdir.

    Hindistan kimi nəhəng iqtisadiyyat üçün Avrasiya bazarlarına daha səmərəli və şaxələndirilmiş çıxış imkanlarının yaradılması mühüm strateji məsələdir. Azərbaycan isə dəhlizin mühüm hissəsində yerləşən ölkə kimi bu prosesdən həm tranzit, həm də daha geniş iqtisadi dividendlər əldə edə bilər.
    Burada əsas məsələ yalnız yükün Azərbaycandan keçməsi deyil. Əsas məsələ həmin yük axınının ölkə daxilində əlavə iqtisadi dəyər yaratmasıdır.

    Logistika mərkəzləri, anbar kompleksləri, sığorta və maliyyə xidmətləri, gömrük və rəqəmsal logistika, yükdaşıma şirkətləri, emal və qablaşdırma müəssisələri, texniki xidmət və digər xidmət sahələri tranzit imkanlarını real iqtisadi gəlirə çevirə bilər. Ona görə də Azərbaycanın qarşısında duran sual sadəcə: “Ölkədən nə qədər yük keçəcək?” - sualı olmamalıdır.
    Əsas sual belə qoyulmalıdır: “Bu yük axını Azərbaycanda nə qədər əlavə iqtisadi dəyər yaradacaq?”

    Məhz bu yanaşma Azərbaycanı tranzit ölkədən regional logistika və iqtisadi mərkəzə çevirmək baxımından həlledici əhəmiyyət daşıyır.

    Azərbaycan iqtisadiyyatının qarşısında duran mühüm məsələlərdən biri ixrac coğrafiyasının genişləndirilməsi və qeyri-neft sektorunun xarici bazarlarda mövqelərinin gücləndirilməsidir.
    Bu baxımdan Hindistan böyük potensiala malik bazardır. Azərbaycanın kənd təsərrüfatı və qida məhsulları, kimya və neft-kimya sənayesi, logistika, turizm, informasiya texnologiyaları və digər sahələrdə Hindistan bazarına çıxış imkanlarının genişləndirilməsi mümkündür. Lakin iqtisadi münasibətlərə yalnız “Azərbaycan Hindistana nə sata bilər?” sualı ilə yanaşmaq kifayət deyil.
    Daha strateji sual budur: “Hindistan kapitalı və texnologiyası Azərbaycanda hansı yeni istehsal və xidmət sahələrinin yaradılmasına imkan verə bilər?”
    Bu fərq olduqca vacibdir. Çünki müasir iqtisadi münasibətlərin ən yüksək mərhələsi yalnız məhsul satmaq deyil, istehsal və dəyər zəncirlərinin bir hissəsinə çevrilməkdir.

    Azərbaycan Hindistan üçün yalnız məhsulların keçdiyi tranzit ərazi deyil, investisiya qoymaq, istehsal yaratmaq və regional bazarlara çıxmaq üçün əlverişli platforma olmalıdır.

    Azərbaycanın coğrafi mövqeyi, enerji imkanları, nəqliyyat infrastrukturu, liman potensialı, sənaye zonaları və regional bazarlara çıxışı Hindistan şirkətləri üçün yeni imkanlar yarada bilər.

    Hindistan şirkətləri üçün Azərbaycan üzərindən Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş Avrasiya bazarlarına çıxış imkanlarının genişləndirilməsi yeni biznes modellərinin formalaşmasına şərait yarada bilər.

    Bunun üçün isə siyasi-diplomatik əlaqələrlə yanaşı, bizneslərarası münasibətlərin də daha sistemli şəkildə inkişaf etdirilməsi vacibdir.
    Sadə bir prinsip var: Diplomatiya qapını açır, biznes isə həmin qapıdan keçir.

    Bu baxımdan qarşılıqlı biznes forumlarının, investisiya missiyalarının, sahibkar və iqtisadiyyat nümayəndə heyətlərinin səfərlərinin artırılması, birgə müəssisələrin yaradılması və investisiya layihələrinin konkretləşdirilməsi növbəti mərhələnin əsas istiqamətlərindən biri olmalıdır.

    Azərbaycan–Hindistan əməkdaşlığının ən perspektivli istiqamətlərindən biri də yüksək texnologiyalardır.

    Hindistan son onilliklər ərzində informasiya texnologiyaları, proqram təminatı, rəqəmsal xidmətlər, innovasiya və texnoloji sahibkarlıq sahəsində böyük təcrübə formalaşdırıb.

    Azərbaycan da rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt və yeni texnologiyaların iqtisadiyyata tətbiqi istiqamətində mühüm hədəflər müəyyənləşdirib.
    Bu iki potensialın birləşdirilməsi qarşılıqlı faydalı nəticələr verə bilər.

    Söhbət yalnız texnologiya məhsullarının idxalından getməməlidir. Azərbaycan Hindistanın təcrübəsindən istifadə etməklə birgə texnologiya platformaları, tədqiqat mərkəzləri, startap proqramları və universitetlərarası layihələr yarada bilər.

    Süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, rəqəmsal xidmətlər, elektron idarəetmə və innovativ sahibkarlıq sahələrində əməkdaşlıq yeni nəsil iqtisadi tərəfdaşlığın əsasını qoya bilər. Çünki XXI əsrin iqtisadiyyatında ən qiymətli resurslardan biri artıq yalnız təbii sərvətlər deyil.
    Texnologiya, məlumat və insan kapitalı strateji sərvətə çevrilib. Enerji əməkdaşlığı da yeni məzmun qazanmalıdır.

    Azərbaycanın enerji sektorundakı mövqeyi Hindistanla iqtisadi münasibətlər üçün ayrıca imkanlar yaradır. Lakin gələcəyin enerji münasibətlərini yalnız neft və qaz ticarəti ilə məhdudlaşdırmaq düzgün olmaz.

    Qlobal enerji sistemi sürətlə dəyişir. Bərpaolunan enerji, enerji səmərəliliyi, yaşıl texnologiyalar və elektrik enerjisi gələcək iqtisadiyyatın əsas istiqamətlərindən birinə çevrilir.

    Azərbaycanın bərpaolunan enerji potensialının inkişaf etdirilməsi fonunda Hindistanın texnoloji və sənaye imkanları ilə əməkdaşlıq yeni investisiya və istehsal layihələri üçün zəmin yarada bilər.

    Nəticədə enerji münasibətləri ənənəvi “resurs satan-resurs alan” modelindən tədricən “investisiya-texnologiya-istehsal-enerji” modelinə keçə bilər. Bu isə daha uzunmüddətli və dayanıqlı tərəfdaşlıq deməkdir.

    Azərbaycanın xarici siyasətinin mühüm üstünlüklərindən biri müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmaq qabiliyyətidir. Hindistanla münasibətlərin inkişafına da bu prizmadan yanaşmaq lazımdır.

    Burada söhbət kiminsə əleyhinə siyasi ittifaq yaratmaqdan getmir. Əksinə, məqsəd Azərbaycanın çoxvektorlu xarici siyasətinin iqtisadi və strateji imkanlarını genişləndirməkdir.

    Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin bütün məsələlər üzrə eyni mövqedə olması zəruri deyil. Əsas məsələ milli maraqları təmin etmək üçün müxtəlif tərəfdaşlarla müxtəlif istiqamətlərdə əməkdaşlıq edə bilməkdir.

    Azərbaycan–Hindistan münasibətləri də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hindistan Azərbaycanın Asiya siyasətində mühüm tərəfdaşlardan birinə çevrilə bilər.

    Azərbaycanın gələcək xarici iqtisadi siyasətində Asiyanın çəkisinin artacağı şübhəsizdir. Çin, Hindistan, Mərkəzi Asiya ölkələri, Körfəz dövlətləri və digər Asiya iqtisadiyyatları ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici iqtisadi strategiyasının mühüm istiqamətlərindən birinə çevrilir.

    Bu prosesdə Azərbaycan yalnız müxtəlif bazarlara çıxan ölkə kimi deyil, Şərqlə Qərb arasında iqtisadi əlaqələrin qurulmasına və təşkilinə töhfə verən ölkə kimi çıxış etməlidir. Bunun üçün əsas infrastruktur artıq formalaşır.

    Növbəti mərhələ isə həmin infrastrukturu biznesə, biznesi istehsala, istehsalı ixraca, ixracı isə yüksək əlavə dəyərə çevirməkdir. Məhz bu transformasiya Azərbaycanın yeni iqtisadi modelinin mühüm elementlərindən biri ola bilər.

    Hindistanın xarici işlər nazirinin Bakıya səfəri siyasi və diplomatik baxımdan mühüm hadisədir. Lakin yüksək səviyyəli səfərlərin real əhəmiyyəti yalnız keçirilən görüşlərin protokol əhəmiyyəti ilə deyil, onların sonrakı nəticələri ilə ölçülür. İndi əsas vəzifə siyasi dialoqu konkret iqtisadi layihələrə çevirməkdir. Ticarət dövriyyəsinin artırılması vacibdir. Amma daha vacibi birgə müəssisələrin yaradılmasıdır. Nəqliyyat dəhlizlərinin inkişafı vacibdir. Amma daha vacibi bu dəhlizlərin yaratdığı əlavə dəyərin Azərbaycanda qalmasıdır. Diplomatik münasibətlərin intensivləşdirilməsi vacibdir. Amma daha vacibi bu münasibətlərin yeni investisiyalar, texnologiyalar, iş yerləri və ixrac imkanları yaratmasıdır.

    Bu səbəbdən qarşıdakı dövrdə Azərbaycan–Hindistan münasibətlərinin əsas ölçü vahidi yalnız görüşlərin və sənədlərin sayı deyil, konkret layihələrin, investisiyaların, birgə müəssisələrin və yeni iqtisadi imkanların sayı olmalıdır.

    Bu gün Azərbaycanın qarşısında seçim var.
    Hindistanla münasibətləri ənənəvi diplomatik tərəfdaşlıq səviyyəsində saxlamaq və ya bu münasibətləri iqtisadiyyat, logistika, texnologiya, investisiya və insan kapitalını birləşdirən uzunmüddətli strateji tərəfdaşlığa çevirmək.
    Məncə, Azərbaycanın milli maraqları baxımından ikinci istiqamət daha perspektivlidir.
    Çünki Azərbaycanın gələcəyin Avrasiyasındakı rolu yalnız yolların, dəhlizlərin və yük axınlarının üzərindən keçən ölkə olmaqla məhdudlaşmamalıdır.

    Azərbaycan yolların yaratdığı iqtisadi imkanları öz daxilində dəyərə çevirən, regional istehsal və logistika mərkəzinə çevrilən, texnologiya və investisiya cəlb edən ölkə olmalıdır.
    Hindistanla münasibətlərin yeni mərhələsi də məhz bu strateji hədəfin mühüm istiqamətlərindən birinə çevrilə bilər.

    Azərbaycan–Hindistan tərəfdaşlığı yalnız Bakı ilə Dehli arasında əlaqə deyil. Bu, Azərbaycanın yeni Asiya vektorunun və dəyişən Avrasiya iqtisadi xəritəsində artan rolunun mühüm göstəricilərindən biridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR