Məlum olduğu kimi, Azərbaycanda iqtisadi suverenliyin möhkəmləndirilməsinə və ölkənin müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsi yolunda məqsədyönlü addımlar atılır. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixində imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Sərəncamı da Azərbaycan dövlətinin ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsini qarşıya məqsəd kimi qoyduğunu bir daha göstərir.
AMEA da son illər ölkə başçısı tərəfindən sənayeləşmə siyasətinin həyata keçirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrası və sənayedə elmin xüsusi çəkisinin artırılmasında fəal iştirak edir. Bu məqsədlə AMEA prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə dövlət siyasətinin prioritetlərindən olan milli iqtisadiyyatın neftdən asılılığının azaldılması, yüksək texnologiyaların inkişaf etdirilməsi, müasir ekosistemin vacib elementlərindən olan texnoparkların formalaşdırılması işində yaxından iştirak edir.
Ölkə başçısının 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə AMEA Təcrübə-Sənaye Zavodunun bazası əsasında yaradılmış AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) Azərbaycanın yüksək texnologiyalar sahəsində inkişafı və beynəlxalq aləmə inteqrasiyasının sürətləndirilməsi, eləcə də qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi məqsədilə əhəmiyyətli layihələr icra olunur.
Texnoparkın yaradılmasında əsas məqsəd ölkədə iqtisadiyyatın davamlı inkişafına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdan ibarətdir. Həmçinin elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması YT Parkın strateji hədəflərindəndir.
20 hektardan çox sahəni əhatə edən YT Parkda yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastruktur və maddi-texniki baza mövcuddur.
YT Park fəaliyyətə başladığı ilk günlərdən Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması üçün bütün ideya və layihə müəlliflərinin cəlb edilməsi və onların hazır məhsullara çevrilərək istehsalata tətbiq edilməsinə dəstək göstərir, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və milli iqtisadiyyatda elmin payının artırılması istiqamətində əhəmiyyətli işlər görülür.
Müəssisə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Hazırda YT Parkda yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, dünya standartlarına tam cavab verən məhsulların hazırlanması və innovativ investisiyalar üçün əlverişli şərait formalaşdırılır. Burada tətbiq olunan avadanlıqlar, istehsal olunan məhsullar beynəlxalq standartlara cavab verir.
Texnologiyalar Parkı öz ərazisində fəaliyyət göstərən rezidentlərə müvafiq imtiyazlar təqdim edir, özəl şirkətlərə stimullaşdırıcı şərait yaradır. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunurlar. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini (ƏDV) ödəməməklə bağlı güzəştlər tətbiq olunur. Sahibkarlara infrastruktur obyektlərinin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı ilə bağlı güzəştlər tətbiq olunur ki, bu da onların daha səmərəli fəaliyyət göstərmələrinə, müəyyən kommunal ödənişlərdən azad olmalarına imkan yaradır.
Yerli müəssisə və qurumlarla yanaşı, beynəlxalq əməkdaşlığa da xüsusi önəm verən YT Parkın Rusiya, Çin, Koreya, İran, İsrail, Çexiya və digər ölkələrin özəl şirkətləri və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri mövcuddur.