AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir - ÖZƏL

  • + A
  • - A
  • 29-01-2025, 22:56

    Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir -


    Masallı, 29 yanvar — Azadmedia.az



    Azərbaycan Respublikasının Prezidenti nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə iştirak etmişdir.
    Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Prezident İlham Əliyevin çıxışında söyləmişdir ki, Bugünkü müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik. Buna ehtiyac var. Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik.Nəqliyyat məsələlərinə gəldikdə, onu bildirməliyəm ki, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir - kənd yolları, şəhərlərarası yollar, magistral yollar. İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq.Bununla bərabər, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, bizim ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir və ona görə keçir ki, biz bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Biz isə ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq göstərmişik, səylər göstərmişik və praktiki işlər görmüşük.Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.Onu da bildirməliyəm ki, adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, biz indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik.
    Yeni layihələr arasında Zəngəzur dəhlizini qeyd etmək istərdim. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur.
    Onu da bildirməliyəm ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Mənə verilən məlumata görə, nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin. Mən də öz dəstəyimi verdim. İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik. Nəzərə alsaq ki, hazırda Ələtdə böyük yük terminalı inşa edilir, onun yük qəbuletmə imkanları 1 milyon ton olacaq. Yəni, təsəvvür etmək çətin deyil ki, biz nəqliyyatın, sadəcə olaraq, bu istiqaməti üzrə hansı işləri görürük.Son illər ərzində vacib layihələrdən biri də yeni Dəniz Ticarət Limanının inşasıdır. Köhnə limanı biz şəhərin mərkəzindən çıxardıq. İndi o ərazidə abadlıq işləri aparılacaq, istirahət zonaları, müxtəlif obyektlər inşa ediləcək. Yəni, bu zona şəhərimizin ümumi inkişafına əlavə töhfə verəcək və vətəndaşlar da bundan faydalanacaqlar. Ağ Şəhər bulvarına bitişik olan bu istiqamətdə master-plan hazırlanır.. Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır.Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu, sadəcə olaraq, əsas layihələrdir ki, mən ictimaiyyətin diqqətinə çatdırıram və bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Göstərir ki, hansı ölçüdə biz nəqliyyat layihələrini icra etmişik. Əgər biz bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar bizim nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi. Amma yenə də deyirəm, həyat yerində durmur. Biz indi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb.

    Fərid Əyyubzadə Azadəli oğlu- Banbaşı kəndi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR