AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid Ruslan anasına necə Yeni il sürprizi etmişdi?

  • + A
  • - A
  • 17-03-2021, 11:40


    Nurəddin Ədiloğlu yazır:

    Abbasov Ruslan Hikmət oğlu 25 may 2000-ci ildə Bakı şəhərinin Sahil qəsəbəsində dünyaya gəlmişdi. Atası Hikmət Masallının Xırmandalı kəndindəndir. Hazırda Rusiya Federasiyasının Həştərxan vilayətində yaşayır. Ruslan orta təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbdə alandan sonra ailəsinə maddi kömək göstərmək məqsədi ilə müxtəlif işlərdə çalışmışdı. 2019-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılmışdı. Agcabədi rayonunda “N” saylı hərbi hissədə 3 ay xidmət edəndən sonra Beyləqan ərazisindəki hərbi hissəyə göndərilmişdi. 27 sentyabr 2020 -ci ildə quldur erməni silahlı birləşmələrinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə xətti boyunca əks-hücum əməliyyatına başlayanda Ruslanın xidmət etdiyi tabor düşmənin strateji postlarını bir-birinin ardınca ələ keçirməyə nail olmuşdur. Döyüş meydanında şücaət göstərən Ruslan Abbasov 14 oktyabr 2020-ci ildə Füzuli şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 16 oktyabrda Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

    ...Vaxtıilə ata-anası Ruslanın əlindən tutub Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin birinci sinfinə birgə aparmışdılar. Amma illər sonra anası Leyla xanım yeganə oğlunu hərbi xidmətə tək yola salmışdı. Qürbətdə yaşayan atasının Sahil qəsəbəsində yaşayan əmisi oğlu Abbasın həyat yoldaşı Kamilə xanım deyir ki, Ruslanı hərbi xidmətə yola saldığımız gün nəvəm Dürrə əlində milli bayrağımızı tutmuşdu. “Necə oldusa həmin bayraq çağırışçıları hərbi xidmət yerinə aparan avtobusun üzərinə yerləşdirildi. Dürrə də həmişə deyərdi ki, nənə, qoy Leyla xala Ruslan əmiyə zəng edəndə desin ki, əsgərlikdən qayıdanda mənim bayrağımı gətirsin!..” Şəhid Ruslanın üçrəngli bayrağımıza bükülmüş nəşi qəsəbəyə gətiriləndə adamların əllərində dövlətimizin və qardaş Türkiyənin yüzlərlə bayrağı dalğalandığını görən Dürrə çox kövrəlib, nənəsinə deyib ki, kaş mən Ruslan əmidən o bayrağı istəməyəydim: “Bax gör özü ilə nə qədər bayraq gətirib?!. “

    Şəhid Ruslanın tabutu son mənzilə izdihamla yola salındı. Kamilə xanım deyir ki, Ruslan uşaq çağından anasına çox bağlı övlad idi. “Anasını sevən oğul Vətənini də

    sevər... Vətənimizi yaşadan, Azərbaycanın adını daim uca edən Ruslan kimi qəhrəman oğullarımızdır...”

    ...Ruslanın anası Leyla xanım oğlu barədə danışmağa çətinlik çəkir. Qardaşı Ramizin evində şəhid oğluna aid xatirə güşəsində saxlanılan şəkillərə baxa-baxa kövrəlir. O, cavan gəlinlik çağlarından ailənin bütün ağırlığını öz üzərinə götürmüşdü; qızı Aygünə, oğlu Ruslana həm ata, həm ana olmuşdu. Leyla xanımın qadın taleyi doğrudan da nağıla bənzəyən acı bir həqiqət idi. Təkbaşına 2 uşağını boya-başa çatdırmaq üçün kişi kimi əzab-əziyyətlərə qatlaşmışdı.

    2019-cu ildə dekabr ayının ortaları idi. Ruslan zəng edib anasına təsəlli verdi: “Darıxma ana, inşallah, bir də sənə dekabrın 31-də zəng edib Yeni il münasibətilə təbrik edəcəyəm. Qismət olsa, həmən gün sənə yaxşı sürpiriz edəcəyəm...”

    Leyla xanım Yeni il ərəfəsində Ruslanı yuxusunda görür. Yuxuda böyük qardaşı Rafiq ona deyir ki, gözün aydın olsun bacı, Ruslan gəlib, bizdədir!.. Leyla xanım ertəsi gün yuxusunu qardaşına danışıb və dekabrın 31-də Ruslanın zəngini intizarla gözləyib. Amma həmən günü doğrudan da Ruslan qısamüddətli məzuniyyətə gəlib, əvvəlcə dayısıgilə baş çəkib. Rafiq də Leyla xanıma xəbər verib ki, sənin yuxun çin çıxdı... Beləcə Ruslan gözlənilməz gəlişi ilə anasına yeni il sürpirizi eləyib...

    Leyla xanım da böyük sevinc içində 2020-ci ilə əsgər oğlu ilə birgə qədəm qoyub. Qəribə də olsa, Ruslan səkkiz gün ərzində bütün qohum-əqrabasıyla görüşüb.

    ...Yanvarın 9-da on günlük məzuniyyəti başa catan Ruslan hərbi hissəyə dönür. Vətən qarşısında borcunu layiqincə yerinə yetirir, hərbi təlimlərdə daha yeni biliklər, vərdişlər əldə edir. Nümunəvi əsgər kimi döyüş hazırlığını yüksəldir.

    ...Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il oktyabrın 1-dən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında imzaladığı Sərəncamdan xəbər tutan Ruslanın bütün əsgər yoldaşları kimi sevinci yerə-göyə sığmırdı. Sentyabrın 14-də o, anasına zəng edib oktyabrda ordudan tərxis olunacağını demiş, hətta bu münasibətilə onu təbrik də eləmişdi. Leyla xanım da oğlunun gəlişinə qurbanlıq qoç sifariş eləyib, tədarük görməyə başlamışdı. Gözaydınlığına gələcək adamları da öz evində şərait olmadığına görə qardaşı Ramizin evində qarşılayacaqdı...

    Amma el məsəli var, deyirlər ki, "sən saydığını say, gör, fələk nə sayır." 27 sentyabrda Azərbaycan Ordusu düşmənin təxribatlarına qarşı əks-hücum əməliyatına başlayanda Ruslangilin taboru ilk gündən erməni qəsbkarları ilə döyüşərək misilsiz şücayət göstərirdi. Möhsün adlı döyüş yoldaşı Ruslanın özünü çox təmkinli, mərd və qorxmaz aparmasını sonralar belə nəql etmişdi. “Müharibə başlayan gün mən çox hyəcan keçirirdim. Ruslan mənə su gətirdi. Təsəlli verdi, dedi ki, darıxma, hər şey yaxşı olacaq, biz qalib gələcəyik!..”

    ...Uşaq çağı Ruslan ata-baba yurdu Xırmandalı kəndində çox olmuşdu. Babası Babakişinin kənddəki ovçu yoldaşları barədə söhbətlərini nağıl kimi dinləmişdi. Onu da yaxşı bilirdi ki, Birinci Qarabağ müharibəsinin izləri Xırmandalı sakinlərinin də taleyindən yan keçməmişdi. Qarabağ uğrunda döyüşlərdə ata-baba yurdunun yeddi gənci şəhid olmuşdu... İndi İkinci Qarabağ savaşında düşmənin ard-arda yeddi postunu ələ keçirəndə nədənsə Ruslan Xırmandalı kəndinin yeddi şəhidini xatırlamışdı və onların qisasını aldığı üçün qalibanə gülümsünmüşdü... Tabor komandiri, kapitan Mahur Həmidov Leyla xanıma Ruslanın üzündən əskik olmayan təbəssümündən söhbət açanda demişdi: “Yağışlı havalarda qarovulda dayananda gülə-gülə deyirdi ki, komandir, siz məni həmişə yağış yağanda posta yollayırsınız. Qorxu bilməzdi, çox cəsur və intizamlı əsgər idi Ruslan, döyüşlərdə həmişə qabaqda gedirdi... Öz şirin təbəssümü, gülərüz və mehriban davranışı ilə hamının hörmətini qazanmışdı... ”

    ...Bölük komandiri, leytenant Elvin Məmmədzadə də Ruslanın xətrini çox istəyirdi, bəzən anası Leyla xanımla danışmaq üçün ona öz telefonunu verərdi. Ali hərbi təhsil almış 23 yaşlı Elvin okytyabın 14 –də kəşfiyyatdan qayıdanda artıq Ruslan həyatda yox idi, növbəti döyüş əməliyyatında vəzifə borcunu şərəflə yerinə yetirərkən həlak olmuşdu. Ruslanın düşmənin sayca 8-ci postunu ələ keçirərkən şəhid olması gənc leytenantı çox sarsıtmışdı. Axı Ruslan ona: “Komandir, Şuşaya qələbə bayrağını özüm sancacağam” demişdi... Leyla xanıma telefonla başsağlığı verəndə bölük komandiri vəd verib ki, sağ qayıtsam, Ruslanın necə igid əsgər olması haqqında ətraflı danışacağam. Amma Elvin də Şuşa döyüşləri zamanı şəhid olub. Ölümündən sonra leytenant Elvin Məmmədzadə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, əsgər Ruslan Abbasov isə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.

    Bu gün şəhid anası Leyla xanımın yeganə arzusu Qaradağ rayonunun Ümid qəsəbəsində şəhid ailələrinə veriləcək mənzildə Ruslanın adına çıraq yandırmaq, otaqların birində onun xatirə güşəsini yaratmaqdır. Ruslanın da keçdiyi qısa və şərəfli ömür yolu göstərir ki, o, Vətənə, anaya məhəbbəti, xalqına və soykökünə sədaqəti ilə yaddaşlarda əbədi yaşamaq haqqı qazanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR