("ağız" sözünün rəngləri)
Mən ağız şerinin təmsilçisiyəm...
...ağarır durnanın azından döşü.
...o mənim şerimdi- ağıza düşmür
amma söz kiminsə ağzından düşür.
...ağız ədəbiyyatı, ağız sözü var!
...qara yuduğunu hey ağ asasan!
Bu da ağız şeri - ağızdolusu...
Bir ağız oxuyam qulaq asasan.
...ağzıgöyçək baxan o uzaqların
həm həsiri, həm də həsirçisiyəm.
Bir sözdü ağzımdan qaçırtdım, neynək
— mən ağız şerinin təmsilçisiyəm.
Mən
...həm dirəyəm göy damına
həm də göyün əliyəm mən!
...ucunda ahlar əriyən
bir gecənin diliyəm mən!
...zatam, möminəm, kafirəm!
Hər gün qəmə müsafirəm...
...nə müştəbeh, nə kifirəm—
öz könlümdən halıyam mən!
Mən minlərdən biri döyəm —
çarıq tikəm, dəri döyəm!..
...mən mövlana müridiyəm,
mən aşiqəm, dəliyəm mən!
*
...alnımı yazan məlumdu!
Eh, çəkmirəm xəttat adı...
...başıma gələn xata da
alnımdan gələn xatadı.
Məlumdu baş memarı da...
...nə güldü — ətri qalmasın!
...alnıma yazdıqları da
bir "xala, xətrin qalmasın".
Memarı da, xəttatı da...
...özümdəmi huşum görüm!
Yaman xatalı başım var
— qoy açılsın başım görüm!
Paşa Talıblı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.