“Yaxşı insanlar olmasaydı, həyat ilan zəhəri kimi acı olardı”
Məhəmməd peyğəmbər (ə.s.)
Masallı şəhərində yaşadığım 25 il ərzində Ramiz adlı cox tanışım olub. Onlardan biri də atasının adıyla - İslam oğlu Ramiz kimi tanınan Ramiz Hüseynov idi. Gənc yaşlarından məşhurlaşan İslam oğlu Ramiz ad-sanı, xətir-hörməti təkcə qolunun və dilinin gücünə qazanmamışdı. Onu həm də elə gənc yaşlarından nüfuzlu, sözüötən, cəmiyyətdə şəxsiyyətinə hörmət edilən bir ağsaqqal kimi görmüşəm… Nə yaxşı ki, onun KİŞİ obrazını göz önündə canlandıran çoxlu xatirələr var. Bu xatirələr həm də İslam oğlu Ramizin yarımçıq qalan ömrünün davamıdır.
Ramizlə bağlı birinci xatirə:
...90-cı illərin əvvəllərində mən Masallı Rayon İcraiyyə Komitəsində işləyərkən ilk dəfə onun nüfuzunun canlı şahidi oldum. İran İslam Respublikasına sadələşdirilmiş qaydada gediş-gəliş üçün rayon sakinlərinə icazə sənədi ilk günlər RİK-də verilirdi. Kimi orda yaşayan qohum-əqrəbasını görməyə, kimi Məşhəd şəhərinə ziyarətə, kimi də ticarət məqsədi ilə getmək üçün növbəyə yazılırdı. Rayon polis şöbəsi bu “qazanclı işi” özü reallaşdırsın deyə növbə məsələsi ilə bağlı RİK-də tez-tez yaranan qalmaqala, narazılığa baş qoşmurdu. O vaxtlar RİK-in sədri rəhmətlik Asəf Əliyev idi. Asəf müəllimin təklifi ilə Ramiz İslam oğlu ilə Masallı şəhər parkının müdiri Həsən Babayaev növbə məsələsində yaranmış gərginliyi aradan qaldırmaqda bizə yardımçı oldular. Bir müddətdən sonra İİR-na gediş-gəliş üçün icazə sənədi rayon polis şöbəsinin pasport qeydiyyatı bölməsi tərəfindən verilməyə başladı. Bir vacib məsələni də qeyd edim ki, RİK-də “gediş-gəliş” üçün yığılan vəsaitdən Müdafiə Fondunun hesabına pul köçürülürdü.
Ramizlə bağlı ikinci xatirə:
Yəqin Rusiyanın tanınmış aktyoru Anatoli Papanovun son çəkildiyi "53-cü ilin soyuq yayı” filminə yaşlı nəslin çoxu baxıb. Mövzusu real həyatdan götürülmüş bu filmdə söhbət təkcə həmin ilin yayının isti və ya soyuq keçməsindən deyil, hadisələrin həddindən artıq gərgin, həyəcanlı, faciələrlə dolu olmasından gedir. Tamaşaçıya aydın olur ki, dövlətin əllərinə odlu silahlar düşən adamlara nəzarət edə bilməməsi ölkədə qanlı faciələrə səbəb olur.
Eynən Azərbaycanda 93-cü ilin qızmar yay hadisələri kimi... Ölkənin hər yerində xaos hökm sürürdü. Bakıda, Gəncədə, Lənkəranda, eləcə də respublikanın digər böyük şəhərlərində əlisilahlı adamlar küçələrdə dəstə-dəstə gəzir, insanları incidirdilər... Cənub bölgəsidə qondarma "Talış Muğan Respublikası” adlı separatçı qurum yaratmaq istəyən Əlikram Hümmətovun silahlı adamlarının Masallıda meydan sulaması da Allahın öz bəndələri üçün “yazdığı ssenari”ni pozmaq cəhdi idi... Böyüklü-kiçikli, vəzifəli -vəzifəsiz hamı səksəkə, vahimə içərisində yaşayırdı. Əyninə hərbi mundir geyinmiş hərbçilər burunlarını hər yerə soxurdular. Hətta restoranlara, Səadət sarayına da... Məsələn, o vaxtlar “Muğan” pestoranına soxulan əlisilahlı hərbiçilər atəş açıb ad günü məclisini dağıtmışdilar. Boradigah qəsəbəsindəki mağazadan 18 qutu kərə yağını aparan hərbçilərin silahları müsadirə olunub, RPŞ – yə gətirilsə də, Lənkəran ərazisində yerləşən hərbi hissəsinin əsgərləri Masallı Rayon Polis Şöbəsinə basqın edərək silahların qaytarılmasını tələb eləmiş, əks təqdirdə polis rəisini və onun müavinlərini həbs edib Lənkərana aparmaqla hədələmişdilər.
Dedektiv janırda kitablar yazan polis rəisi polkovnik Tahir Kazımovun o vaxt mənə dediyinə görə, rayonda cinayətkarlıq 100 faiz artmışdı... Həmin vədələrdə oğluma kiçik toy etmək istəyirdim . Dost-tanışlar mənə məsləhət gördülər ki, toy məclisini evimizə yaxın parkdakı restoranda keçirim. İslam oğlu Ramiz oranın şəriklərindən biri idi… Həyəcan keçirirdim ki, düşünürdüm ki, əli silahlı separatçılar “oblava” adı ilə bura da gəlib qanımızı qaraldarlar. İslam oğlu Ramiz sanki ürəyimi oxudu. Tamadalığı öz boynuna götürdü. Yəni İslam oğlu Ramiz olan yerə kim pis niyyətlə burun soxa bilərdi ki?!.
Yeri gəlmişkən, 2012 –ci ildə “Qanun” nəşriyyatında“ işıq üzü görən “Masallı Mamed” kitabımda bu barədə yazmışam.
Üçüncü xatirə Ramizin atası İslam kişi ilə bağlıdır.Mənə bu əhvalatı Ramizin atası İslam kişini tanıyanlar nəql edib. Deyilənlərə görə sağlam, cüssəli, atiletik bədən quruşuna malik kişi imiş. Həbsxanadan çıxandan sonra qəssablıq sənətinin sirlərini yaxşı bilsə də, ona bir müddət rayonda iş verməyiblər. Günlərin bir günü rayonun birinci katibi Zöhrab Ömərovun Bakıdan bir xeyli qonaqları gəlir. Raykomun tapşırığı ilə ziyafət üçün fermaların birindən yaxşı bəslənmiş bir cöngə gətirirlər. Amma raykom binasının arxasındakı yeməkxananın həyətində 3-4 adam nə illah edirlər onu kəsə bilmirlər. Zöhrab Ömərovun səbri tüküənir, deyir milis rəisinə deyin cöngəni güllə ilə vurmağa adam göndərsin. Bu zaman kimsə deyir ki, İslam adında bir qəssab var, bu cöngəni kəssə, ancaq o kəsə bilər. Dərhal gedib İslam kişini gətirirlər. İslam kişi təkbaşına cöngəni üzü qibləyə uzadaraq “Bismillah” deyib kəsir. Bu əhvalatdan sonra İslam kişiyə dövlət hesabına fəaliyyət göstərən ət dükanında iş verilir.
Dördüncü xatirə:
... Ramizin əmisi Ələkbər kişini yaxşı tanıyırdım. Şəhər sovetində mühasib işləyərdi. Rəhmətlik öyüd-nəsihət edəndə deyərdi ki, acizin zalımı olma, zalımın zalımı ol!.. Tale elə gətirib Bakıda Ələkbər kişinin oğlu Adil ilə qonşu binalarda yaşayırıq. Arada – sırada görüşüb ötən günləri, keçmiş kişiləri yada salırıq. Adil deyir ki, rəhmətlik Ramiz əmioğlu neçə-neçə adamı milisin-məhkəmənin “pən cəsindən” qurtarıb. Və onların adlarını bir-bir sadalayır. Adilin şahidi olduğu belə əhvalatlar yadıma müdik bir deyimi salır: “Günahsız məhkum edilmiş şəxs bütün namuslu adamlar üçün Vicdan tənəsidir.” Ramiz də günahsız adamlara haqsızlıq edildiyini görəndə sinəsini qabağa verirdi.
Ramiz gənc yaşlarından demək olar ki, ömrünün sonuna qədər yeyib-içən oğlan kimi də məşhur olub. O, yeyib-içəndən sonra üzünü ətrafındakı adamlara tutub zarafatla təklif edərdi: “Gedirik alarvadı bulağına - cin tutmağa.“ Adətən, bu təklif yeyib - içmək “seriyasının” təbiət qoynunda – meşədə, İstisuda davamı demək idi. Kefi istəyəndə Bakıdan dostları meyxanaçı Nizami Rəmzini, məşhur gitaraçı Rəmişi də həmin məclislərə dəvət edərdi...
Haşiyə: Bu gün Masallıdan olan meyxanaçı Rəhman Basılmazı çoxları tanıyır. Amma “Basılmaz” ləqəbinin ona Ramiz İslam oğlunun verdiyini bəlkə az adam bilir. Yeniyetmə çağlarında Rəhmanı ilk dəfə Nizami Rəmzi ilə deyişməyə çağıranda Ramiz gülə-gülə deyib ki, bizim Rəhman da basılmazdır, yəni sözlə məğlubedilmızdir. Beləcə Rəhmanın ləqəbi olub Basılmaz.
…Ramiz heç vaxt siyasi oyunlara qatılmazdı. 1995-ci ilin parlament seçkilərində professor Fərahim Sadıqovun deputatlığa namizədliyinə görə “canfəşanlıq” eləməsi isə ilk növbədə onun təəssübkeşliyindən irəli gəlirdi. O, təkcə Masallının tanınmış ziyalılarının, idmançıların yox, haqsız yerə incidilən, həbs olunan ən kasıb adamın, Masallıdan kənarda “kriminal aləmdə” ad-san qazanan həmyerlilərinin də təəssübünü çəkirdi. Yəni, Ramiz
DOĞRUNU oğrudan, HAQQI nahaqdan SEÇMƏK bacarığına sahib idi.
Beşinci xatirə: Bu xatirəni də Adil Ələkbər oğlunun söhbətləri əsasında qələmə almaq qərarına gəldim. Deyir, günlərin bir günü axşamüstü Manpelli Nazim, Qoçasalan, Münəvvər oğlu Şahinlə birlikdə əmoğlu Ramizin restoranına gəldik. Ramizin qonaqları var idi. Biz də ayı masada oturub ordan-burdan söhbət edə-edə yeyib –içdik. İki-üç saatdan sonra Ramiz qonaqlarını yola saldı və bizi öz masasına dəvət etdi. Şahin Ramizin xasiyyətini yaxşı bildiyi üçün nəyisə bahanə gətirib evlərinə getdi. Manpelli Nazimə Ramiz Qraf Monte –Kristo deyib zarafatla söhbətə başladı. Bir – iki saatdan keçdi, mən də sübh tezdən bazara çıxacağıma görə əmioğlumdan izn alıb evə döndüm. Həm də bu yeyib-içiməyin axırının “cin tutmaqla” bitəcəyini bilirdim. Elə də olur. Mən gedəndən sonra Manpelli Nazimlə Qoçaslanı Ramiz “cin tutmağa” aparır… Səhər tezdən Manpelli Nazim başını bulaya-bulaya gəlib bazarda mənə dedi ki, Adil, Ramiz başımıza gecə səhərə kimi bir oyun acdı, gəl görəsən… Şırşır bulağın başında şanpan, marojna, musiqi... Vur çatlasın, çal oynasın.
İslam oğlu Ramizin özünəməxsus ifadələri vardı, məsələn, vəzifə başında olanlara deyərdi: “Nainsaf olma, beş özün yeyəndə, birini də rayon üçün xərclə, abadlıq qur-yarat...” Gözü tutduğu, cırnatmaq istədiyi adamdan soruşardı: “Sənün Sumqayıtda xalon var?”
Onun bu zarafatlarından heç kim inciməzdi. Ramiz çox dostcanlı adam idi. Dostları üçün sazlı-sözlü məclislər qurmaqdan həzz alardı. Təəssüf ki, qəfil ölüm Ramiz İslam oğluna 50 illik yubileyini keçirməyə aman vermədi. O, dünyasını dəyişəndən sonra Ramizli günlərin xiffətini çəkən bir nəfər deyir ki, hanı Ramiz kimi, oğul, bizi yığa başına, apara təbiət qoynuna?! Cavabı da özü verir: “Onun təşkil etdiyi məclisləri indi keçirmək üçün adama 5-10 min pul lazımdır...”
Bilənlər yaxşı bilir ki, Ramizin keçirdiyi çal-çağırlı məclislər ona sənət ustalarının DOST ərməğanı idi... Onun ömür yolu haqqında Azərbaycanın tanınmış rejissoru, yazıçı-publisist Ağalar İdrisoğlunun “Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı” kitabında (“Gənclik” nəşriyyatı, Bakı-2001) ətraflı bəhs olunur. Bu yazını da istedadlı qələm dostumuz, əməkdar incəsənət xadimi Ağalar müəllimin İslam oğlu Ramiz haqqında nəşrə hazırladığı növbəti kitab üçün qələma aldım.
Ruhuna böyük etiramla Nurəddin ƏDİLOĞLU,
Yazıçı-publisist.