AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“XXI əsr tariximizə qızıl hərflərlə yazılmış “Zəfər günü” - Pərviz Babayev - ÖZƏL

  • + A
  • - A
  • 28-10-2022, 10:19


    “XXI əsr tariximizə qızıl hərflərlə yazılmış “Zəfər günü” - Pərviz Babayev - ÖZƏL



    MÖHTƏŞƏM ZƏFƏRİN İKİNCİ İLİ

    Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlər onun gələcək həyatındakı gözəl günlərin əsasını qoyub. Bizim üçün belə günlərdən ən önəmlisi XXI əsr tariximizə qızıl hərflərlə yazılmış “Zəfər günüdür”.

    Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ərazilərdə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Müharibənin ilk günlərindən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında dəmir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs orduya maddi və mənəvi dəstək göstərməyə başladı. Qələbəyə doğru inamla irəliləyən qəhrəman əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, döyüş texnikalarını, infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın edərək kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndlərini işğaldan azad etdi. Və bu uğurlara ürəyi dözməyən, ağır itkilər verən mənfur düşmən öz istəyilə döyüş meydanından geri çəkildi. Nəhayət, o gün gəldi, 30 il əvvəl yaşanan kədər sona çatdı. Vətən həsrəti, torpaq nisgili bitdi. 30 ildir gözlədiyimiz o möhtəşəm qələbəyə şahidlik etmək zamanı yetişdi. Müzəffər Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə “Zəfər günü” kimi yazıldı.
    Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-birilə bölüşdü. Şəhərlər, kəndlər, qəsəbələr bayram sevinci ilə Zəfər gününü qeyd etdi. Və budur, şanlı qələbəmizin iki ili tamam olur. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə nöqtə qoyuldu. 30 illik münaqişə 44 gündə Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Zəfərə gedən bu yol qısa olsa da, bu 44 günün hər günü bizə bir ömür kimi gəldi. Hər günü yeni, xoş xəbərlər gözləyərək, həsrətlə başa vurduq. Aldığımız hər xoş xəbər bizə dünyanı bəxş edərkən, hər acı xəbər ürəyimizə xəncər kimi sancıldı. Şəhid analarının fəryadı, gözü yaşlı körpələrin ürək dağlayan səsi düşmənə olan nifrətimizi, intiqam hissini birə on artırdı. Ağrı-acısı uzun olan bu qısa müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü.
    Və budur Azərbaycan Ordusu gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Bizim bu haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Qəhrəman Mübarizlər, Fəridlər, Şahinlər, Poladlar, Şükürlər, Pərvinlər, Asiflər..., dünya durduqca sizin şücaətlərinizdən danışılacaq. Dünyaya gələn körpələrə sizin adınız veriləcək.
    Bu yurd savaşında Azərbaycanın yenilməz qardaşı Türkiyə daima xalqımızın yanında oldu. Həm siyasi, həm də mənəvi dəstəyini bizdən əsirgəməyən can qardaşımız Türkiyə bir daha türkün türkdən başqa dostu olmadığını dünyaya sübut etməkdə bizə yardımçı oldu.
    Bu dövrdən sonra Azərbaycan böyük inkişaf yolu keçib. Tarix boyu başına olmazın müsibətlər gətirilən can Azərbaycan dünyada alternativi olmayan siyasətin nəticəsində bu firavan günləri yaşayır. Bu günki Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün uğurların təməlində onun siyasəti və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi gerçəyi dayanır. Və bütün bunların fövqündə Azərbaycanın gələcəyi daha parlaq, daha işıqlı və firavan görünür. Çünki müasir müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndərin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezidentimizin bu siyasəti uğurla davam etdirməsinin nəticəsi olaraq, bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə yüksələn dövlətə çevrilib. Bunun kuliminasiya nöqtəsi olaraq əsrimizin qələbəsini qeyd edə bilərik ki, bu da həm uğurlu siyasətin, həm ordumuzun və həm də xalqımızın zəfəridir.
    Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşməsində tarixi şəxsiyyətlərin danılmaz rolu vardır. Tarixin çətin sınağı qarşısında aciz qalan bir xalqı həmin sınaqdan üzüağ çıxara biləcək ən vacib amil o xalqın həmin şəraitdə inana biləcəyi bir qəhrəmanın olmasıdır. Və bu qəhrəmanın qəbul edəcəyi qərara xalqın inam göstərməsi ən əsas şərtdir. Lakin bəzi dühalar vardır ki, bəşəriyyət onları bütöv bir tarix, salnamə yazmaq üçün dünyaya gətirir. Məhz belə dühalardan olan ulu öndər Heydər Əliyev xalqı üçün tarix yazan bir şəxsiyyət olmuşdur. Onun Azərbaycan xalqının tarixində ölçüyəgəlməz, misilsiz xidmətləri bütün dünya xalqlarına bəllidir.
    Müharibə dəhşətli faciədir, zərrəcə humanizmi olmayan, müharibə qanunlarını heçə sayan düşmən isə ikiqat böyük faciədir. Bu dəhşəti yaşayaraq ondan qurtulmaq xalqımıza nəsib oldu. İtkilərimiz, acılarımız bahasına qələbəyə yetişdik. 2020-ci ildə xalqın qəhrəman oğlu İlham Əliyev şəhidlərimizin qisasını almaqda xalqa yardımçı olaraq əsrin qələbəsinə nail oldu. Təbii ki, bu yolda biz tək deyildik. İllər, əsrlər ötsə də daima Azərbaycan xalqının yanında olan qardaş Türkiyə bu gün də yanımızda oldu. İstər mənəvi dəstəyi, istərsə də hər an döyüşə hazır olan əsgərləri və texnikası ilə bizi döyüşə daha da ruhlandırdı. Dilimiz, dinimiz və kimliyimiz bir olan türk xalqı bizə nə qədər yaxın olduğunu bir daha sübut etdi. Eyni kökdən gələn bir millətin heç bir digər xalqlar və millətlər tərəfindən əzilə bilməyəcəyinin bir daha şahidi olduq. Və ikinci Qarabağ müharibəsinin qələbəsini yaşayarkən yenə sevincimizə şərik olan qardaşlarımızın göz yaşardan sevinci bizi əmin etdi ki, türkün türkdən başqa dostu yoxdur.
    Ümummilli liderin təlatümlərdən, təhlükələrdən çıxaraq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm bir yüksəliş və qəhrəmanlıq nümayiş etdirir. Təbii ki, Azərbaycanın beynəlxalq imicinin yüksəlişinə təsir edən amillərdən biri də onun dinamik inkişafıdır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə tarixə çevrilmiş nailiyyətlərimizin deyil, eləcə də gələcək uğurlarımızın həlledici əsasıdır. Tarixin amansız sınaqlarına dözə bilməyərək dünyanın müxtəlif ölkələrində yaşamağa məcbur olan həmyerlilərimizin birlik və həmrəylik əldə etməsi uğrunda müstəsna xidmətlər göstərmişdir Ulu Öndər. Müstəqil Azərbaycanın dövlət qurucusu olan dünya şöhrətli bu şəxsiyyət bütün azərbaycanlıların qürur mənbəyidir.
    Müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütün xalqalar üçün ən şirin nemətdir. Biz azdlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, bu yolda minlərlə şəhid vermişik. Qüdrətli və möhkəm dövlət olmaq üçün hökmən azadlıq və müstəqilliyin olması əsas şərtdir. Bütün çətinliklərə sinə gərən xalqımız bu gün əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
    Bir yanımız qələbənin sevinci, bir yanımız da itirdiyimiz oğulların acısı ilə yanıb-qovrulur. Lakin onu da anlayırıq ki, Birinci Qarabağ müharibəsi də daxil olmaqla, erməni təcavüzkarlarının illərlə törətdiyi müxtəlif qırğınlarda itirdiyimiz igidlərin qisası alınmışdır. Məhz bu fakt qəlbimizin yanğısını söndürməyə az da olsa yardımçı olur. Bu uğurda canından keçən bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm. Həyatda olan digər qəhrəmanlarımız isə dövlət başçısı tərəfindən layiqincə qiymətləndirilir, şəhid ailələrinə maddi və mənəvi dəstək də dövlətimiz tərəfindən təmin edilir.
    Bu gün Azərbaycan müstəqildir, dünya dövlətləri sırasında qürurla öz inkişafını nümayiş etdirir. XX yüzillikdə qazandığımız ikinci qələbə nəticəsində 18 oktyabr Azərbaycan tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Çünki həmin gün Azərbaycan xalqı eyni əsrdə ikinci dəfə dövlətçiliyinin varlığını bəşəriyyətə sübut etmişdir. Hal-hazırda hakimiyyətdə olan ulu öndərimizin siyasi kursunun layiqli davamçısı olan prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində müstəqilliyimizin sütunları getdikcə möhkəmlənir. Çünki müstəqilliyimizin taleyini müəyyənləşdirən əsas amillər qorunur, inkişaf etdirilir. Hazırki dövrdə dövlətçilik ənənələrinin qorunmasına, möhkəmlənməsinə, iqtisadiyyatın inkişaf etdirilməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətləri siyahısındadır.
    Bəli, tarix boyu Azərbaycan ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxmışdır. Bu gün də Qarabağ müharibəsində düşmənə endirdiyimiz “dəmir yumruq” buna əyani sübutdur. Ümummili liderin siyasəti və onun siyasətinin layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti xalqın özünə olan inamını geri qaytardı. Şübhə yoxdur ki, torpaqlarını işğaldan azad etmiş xalqımız bundan sonra müstəqilliyini daha da möhkəmləndirəcək, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparacaq, sülh və əminamalıq şəraitində yaşamağa davam edəcəkdir.
    Azərbaycan əsgəri! Bu söz necə də iftixarla səslənir! Bu səslənişdə bir qürur var, zəfər var, qalibiyyət var. Zəfər sənin adındır, Azərbaycan əsgəri! Tarix boyu sənin adın hər yerdə hörmət və izzətlə çəkilib. Bu günə qədər sənin şəninə yüzlərlə əsərlər yazılıb, mahnılar bəstələnib, abidələr ucaldılıb. Azərbacan əsgəri, sənin qəhrəmanlığın bundan sonra da hər zaman vəsf olunacaq, adın dillərə dastan olacaq.

    Ədliyyə Nazirliyi
    Nəsimi rayon icra şöbəsinin
    İcra məmuru, I dərəcəli ədliyyə qulluqçusu
    Pərviz Məhəmməd oğlu Babayev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR