Sovet hökumətinin gözünün önündə baş vermiş cinayətlər
Dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlığ və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı dövlət başçısı cənab İlham Əliyev bir çox mühüm məqamlara toxunub. Ölkə başçısı çıxışında qeyd edib ki,“1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Bu dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər”. Prezident İlham Əliyev görüşdə tarixi statistikanı da xatırladaraq bildirib ki, Ermənistan adlanan ərazidə, hətta o vaxt 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayıblar. Eyni zamanda, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil etmiş və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı, təqribən 200 min soydaşımız öz dədə-baba yurdlarından çıxarıldı, xeyli sayda azərbaycanlı işgəncələrə məruz qaldı, öldürüldü və bütün bu cinayətlər sovet hökumətinin gözü önündə baş verirdi. Bütün bunlar azmış kimi, Qarabağda da xalqımıza qarşı cinayət törədildi. Ölkə başçısının çıxışında xüsusi diqqət çəkən məqamlardan biridə o idi ki, ermənilər tərəfindən törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması. Bununla əlaqədar dövlətimizin başçısı informasiya mübarizəsinin mühüm əhəmiyyətinə toxunaraq, İkinci Qarabağ müharibəsində olduğu kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını ən önəmli vəzifə kimi qarşıya qoydu və Qərbi Azərbaycan İcmasının xaricdəki fəaliyyətinin gücləndirilməsini, Azərbaycanın diaspor təşkilatları ilə birgə fəaliyyət həyata keçirilməsinin zəruriliyini qeyd etdi.Dövlət başçısının İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər ideoloji xəritə kimi hər birimizin qarşısına ciddi məsuliyyət qoyur. Hədəf və məqsədimiz aydın, Azərbaycan naminə fəal olmalı və birgə addımla tarixi ədaləti bərpa etməliyik. Necə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sədləri aşaraq Qarabağı azad etdik. Hədəf Qərbi Azərbaycandır! Kiminsə şübhəsi olmasın, biz Prezident İlham Əliyevin liderliyi ilə buna da nail olacaq, elə Müzəffər Komandanın bildirdiyi kimi, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik. Qüdrətimiz qarşısında bütün maneələr kiçik görünür! Yaşasın böyük Azərbaycan!
Lətifə Həsənova/Masallı rayonu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.