İctimai mühitə təsir göstərən, insanlar üçün maraqlı və əhəmiyyətli olan bütün hadisə və faktlar barədə hər bir fərdin informasiya almaq hüququ vardır, bu hüquq vətəndaşların fikir azadlığının tərkib hissəsidir.
Bu baxımdan dinamik inkişaf edən cəmiyyətimizdə hər bir vətəndaşı müxtəlif ictimai münasibətlərə girərkən maraqlandıran, onun hüquq və qanuni mənafeləri ilə əlaqəli olan informasiyaların əldə olunması tələbatı yarana bilər. Belə olduğu halda vətəndaşların aidiyyatı informasiya sahibi olan subyektlərdən zəruri informasiyanın alınması üçün informasiya sorğusunun göndərilməsi və bu prosesin hüquqi xarakteri barədə məlumatlı olması olduqca əhəmiyyətlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin I hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır və hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Qanunvericilikdə həmçinin informasiya əldə edilməsi üçün dəqiq hüquqi mexanimz müəyyənləşibdir. Belə ki, informasiya əldə etmək istəyən vətəndaş, yəni sorğuçu onu maraqlandıran informasiyanın mövcud olduğu informasiya sahiblərinə (dövlət orqanları və bələdiyyələr; ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər), informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, həmçinin sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı informasiya sorğusu təqdim edə bilər. Sorğuçu yazılı sorğunun təmin edilməsini formasını da tələb edə bilər. Bu formalara sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma, sənədin üzünün köçürülməsi, informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi, sorğuçunun öz texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması, stenoqramların və ya digər formada kodlaşdırılmış sənədlərin oxunmaq üçün yararlı vəziyyətdə təqdim edilməsi, sənədin tərcümə olunması; sənədin surətinin elektron daşıyıcılara köçürülməsi və s. formalarında ola bilər.
İnformasiya əldə etməyin ən geniş yayılmış yollarından biri də informasiya sahiblərinə yazılı sorğunun verilməsidir. Yazılı sorğu sorğuçu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmalıdır. Yazılı sorğunu qəbul etməkdən imtina qadağandır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən yazılı informasiya sorğusunda sorğuçunun adı və soyadı, sorğu hüquqi şəxs tərəfindən təqdim edildikdə həmçinin hüquqi şəxsin adı, informasiya sahibinin sorğunu təmin edə bilməsi üçün sorğuçuya aid əlaqə məlumatları (poçt və ya elektron poçt ünvanı, telefon və ya telefaks nömrəsi), sorğu edilən informasiyanın məzmunu, yaxud sənədin növü və ya adı, sənədin sorğuçuya bəlli olan rekvizitləri, informasiyanın təqdim edilmə forması göstərilməlidir.
Qanunvericilikdə müəyyən olunmuş bir sıra hallar istinsna olmaqla sorğuçu informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir. Yazılı sorğunun əsaslandırılmasının tələb olunduğu hallar isə aşağıdakılardır:
a)sorğuçu fərdi məlumat tələb etdikdə, yaxud dövlət və ya bələdiyyə qulluqçusu qulluq vəzifəsini yerinə yetirmək üçün sorğu verdikdə;
b)sorğuçuya artıq belə bir informasiya verilikdə;
c)informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa;
d)insan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda.
İnformasiya sahibi olan subyektlər tərəfindən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilməlidir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilməlidir. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. İnformasiya sorğusunın bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır.
Bununla yanaşı, informasiya sahibi həddən çox sorğu aldıqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, o, icra müddətini əlavə olaraq 7 iş günü də uzada bilər. İnformasiya sahibi sorğuçuya müddətin uzadıldığı barədə səbəblərini göstərməklə 5 iş günü ərzində məlumat verir.
İnformasiya sorğusu təqdim olunarkən tələb olunan informasiyanın təsnifatına diqqət yetirilməlidir. Nəzərə almaq lazımdır ki, əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirlər konfidensial xarakter daşıyır. Fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Əldə edilməsi məhdudlaşdırılan informasiyaların siyahısı qanunla müəyyən olunub. Qalan digər informasiyalar isə informasiya sorğusunun predmetini təşkil edə bilər.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir. Bu baxımdan informasiya əldə etmək hüququnun pozulduğunu hesab edən hər kəs Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) pozulmuş hüququnun bərpa edilməsi məqsədilə müraciət etmək hüququna malikdir. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə əsasən informasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə, informasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına, malik olduğu sənədlərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə inzibati tənbeh tədbirləri nəzərdə tutulubdur Həmin inzibati xətalar üzrə protokol Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili adından – İnsan Hüquqları üzrə Müvəkkil, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini tərəfindən tərtib olunur.
Səbuhi ABBASOV,
Ombudsmanın Qərb Regional Mərkəzinin
rəhbəri