İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı (İRİA) ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ilk günündə “Dayanıqlı dünya üçün açıq məlumatlardan istifadə” mövzusunda tədbir təşkil olunub.
İRİA-nın Açıq Məlumatlar Portalı üzrə layihə rəhbəri Mixail Parfentev təqdimatla çıxış edərək, bu mövzuda tədbirin məhz COP29 çərçivəsində keçirilməsinin əhəmiyyətini vurğulayıb. M. Parfentev yaşıl gündəliyin təşviqi, iqlim dəyişiklikləri ilə mübarizə və ümumilikdə daha dayanıqlı dünya üçün açıq məlumatların verdiyi töhfəni tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Açıq məlumat portalından istifadə etməklə ekoloji cəhətdən səmərəli və ‘ağıllı’ şəhərlərin fəaliyyətini optimallaşdırmaq olar”.
Bununla yanaşı, o, həmçinin müvafiq dövlət qurumlarının ətraf mühit haqqında verdiyi açıq məlumatlardan tədqiqat, araşdırma, startap və innovativ ekoloji məhsulların yardılmasında da geniş istifadəsinin potensialına diqqət çəkib.
Tədbirin sual-cavab hissəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, xüsusi maraq doğuran mövzular barədə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, İRİA bir neçə ali təhsil ocağında açıq məlumatlar haqqında silsiləvi maarifləndirici seminarlar da keçirir. İndiyədək UFAZ və ADNSU-da keçirilən seminarlarda tələb-müəllim heyəti iştirak etmiş, mövzu ilə bağlı təqdimatlar edilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.