AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMEA-da yeni elmi zirvə: “Xınayaxdı” ilə “Henna Party”nin barışıq sazişi imzalandı

  • + A
  • - A
  • Bu gün, 17:38

    AMEA-da yeni elmi zirvə: “Xınayaxdı” ilə “Henna Party”nin barışıq sazişi imzalandı


    Ölkədə sosial, iqtisadi və elmi problemlərin sürətlə həll olunduğu bir dövrdə AMEA Folklor İnstitutunun alimləri də boş dayanmayıb. Bu dəfə elmi fikir “Xınayaxdı” ilə “Henna Party” arasındakı mürəkkəb münasibətlərin araşdırılmasına yönəlib.

    AMEA Folklor İnstitutunun Rəqəmsal folklor və süni intellekt şöbəsində keçirilən hibrid seminarda institut əməkdaşları, doktorantlar və dissertantlar bir araya gələrək xınayaxdı mərasiminin internet dövründə keçirdiyi transformasiyanı müzakirə ediblər.

    Şöbənin əməkdaşı Cəmilə Novruzova “İnternet folkloru kontekstində xınayaxdı mərasimi: ənənəvi və virtual mühitdə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə mərasimin sosial-mədəni funksiyaları, kollektiv yaddaşdakı rolu və istifadə olunan atributların semantik mənaları təhlil olunub. Yəni nənələrin illərdir bildiyi həqiqətlər bu dəfə elmi terminlərlə yenidən təsdiqlənib.

    Məruzədə xüsusi vurğulanıb ki, son illərdə populyarlaşan “Henna Party” ənənəvi xınayaxdının bəzi elementlərini qoruyaraq onu daha vizual, daha performativ və qlobal auditoriyaya uyğun formaya salıb. Başqa sözlə, əvvəllər həyətin ortasında keçirilən mərasim indi Instagram üçün xüsusi işıqlandırma və peşəkar fotoqraf müşayiəti ilə təşkil olunur.

    Müzakirələr zamanı alimlər bu prosesi folklorun təbii inkişafı kimi qiymətləndiriblər. Onların fikrincə, ənənəvi elementlər dekorativ xarakter qazansa da, tam yox olmur, sadəcə dövrün tələblərinə uyğun yeni qablaşdırmada təqdim edilir.

    Seminarın yekununda isə elmi ictimaiyyət üçün mühüm nəticə açıqlanıb: “xınayaxdı” və “Henna Party” əslində düşmən tərəflər deyil. Onlar eyni mədəni fenomenin fərqli dövrlərdə və fərqli kommunikasiya platformalarında meydana çıxan versiyalarıdır.

    Beləliklə, Azərbaycan elmi daha bir vacib suala cavab tapdı. Xınayaxdı ilə Henna Party arasında fərq olsa da, onların eyni ailədən olduğu rəsmən təsdiqləndi. İndi qalır növbəti seminarın mövzusu: “TikTok trendi kimi yallı rəqslərinin postmodern interpretasiyası”.

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR