AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

34 milyon manatlıq villa bir ildən çoxdur satılmır – Unibank rəhbərinin Fransadakı lüks mülkünə alıcı yoxdur

  • + A
  • - A
  • Bu gün, 08:44

    34 milyon manatlıq villa bir ildən çoxdur satılmır – Unibank rəhbərinin Fransadakı lüks mülkünə alıcı yoxdur

    “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribovun Fransanın Nitsa şəhəri yaxınlığında yerləşən lüks villasının bir ildən artıqdır satışda olduğu, lakin mülkə alıcı tapılmadığı bildirilir.

    “Real Azərbaycan” Azərbaycan mediasında yayılan məlumatlara istinadən xəbər verir ki, təxminən 34 milyon manata satışa çıxarılan villa üçün Avropanın tanınmış daşınmaz əmlak platformalarından, eləcə də ərəb və rusdilli saytlardan istifadə olunub. Mülkün satışa çıxarılmasının səbəbi ilə bağlı açıqlama yoxdur.

    Söhbət Fransanın cənubunda, Aralıq dənizi sahilində yerləşən Villefranche-sur-Mer ərazisindəki “Villa Art Deco”dan gedir. Sözügedən məkan dəbdəbəli villaları, dəniz mənzərəsi və bahalı daşınmaz əmlakı ilə tanınır.

    Məlumata görə, 320 kvadratmetr sahəsi olan villa “Belle Époque” üslubunda inşa edilib. Zirzəmi və iki mərtəbədən ibarət mülkdə 160 kvadratmetrlik qonaq otağı və digər müasir imkanlar mövcuddur.

    Villa Monakoya avtomobillə təxminən 10 dəqiqəlik məsafədə yerləşir. Monako isə dünyanın ən məşhur kazino və qumar məkanlarından biri kimi tanınır.

    Yayılan məlumatlarda Eldar Qəribovun oğlu İlkin Qəriblinin də kazino və poker oyunlarına marağı olduğu qeyd edilir. “Poker News”in məlumatına görə, İlkin Qəribli Baham adalarında keçirilən oyunlardan birində 25 min dollarlıq mərc qarşılığında 1 milyon dollar və “Style” markalı lüks saat qazanıb.

    Eldar Qəribovun əsas biznes aktivlərindən biri isə “Unibank”dır. Mətbuatda yayılan məlumatlara əsasən, o, 2009-cu ildə bank səhmlərinin 50 faizinə, 2015-ci ildə 56,9 faizinə, 2019-cu ildə 77,38 faizinə, 2020-ci ildə isə 86,38 faizinə sahib olub. Sonrakı mərhələdə payının 94,08 faizə çatdığı bildirilir.

    Məlumatlarda bank səhmlərinin 7,31 faizinin əldə edilməsi ilə bağlı ayrıca sxemdən də bəhs olunur. Bildirilir ki, bu prosesdə Eldar Qəribova yaxın olduğu deyilən fransadakı qonşusu, iş adamı Bəylər Məmmədov və onun kürəkəni Kamal Hacıyev iştirak edib. Kamal Hacıyev Milli Məclisin deputatı Sabir Hacıyevin oğlu kimi təqdim olunur.

    İddialara görə, Bəylər Məmmədov və Kamal Hacıyev Maltada təsis etdikləri “LENSTOR ENTERPRISES LTD” şirkəti vasitəsilə Lüksemburqda fəaliyyət göstərən “Canley Finance SA” maliyyə şirkətindən istifadə edərək “Unibank”ın səhmlərini alıb, daha sonra həmin səhmlər Eldar Qəribova satılıb.

    Bu sövdələşmənin hansı səbəbdən belə bir vasitəçi struktur üzərindən həyata keçirildiyi barədə açıq mənbələrdə ətraflı izahat yoxdur. “Unibank”ın da sözügedən iddialarla bağlı rəsmi açıqlama vermədiyi bildirilir.

    Qeyd edək ki, yazıda yer alan villa, səhmdarlıq və digər məlumatlar açıq mənbələrdə və Azərbaycan mediasında yayılan məlumatlara əsaslanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR