Yeni texnologiya iflic xəstələrin nitq və hərəkətlərini rəqəmsal avatarda canlandırır

ABŞ-də hazırlanmış yeni beyin-kompüter interfeysi iflic xəstələrin nitq və bədən hərəkətləri ilə bağlı beyin siqnallarını eyni vaxtda rəqəmsal mühitə ötürməyə imkan verir.
ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) yaydığı məlumata əsasən, texnologiya Kaliforniya Universitetində aparılan və NIH tərəfindən maliyyələşdirilən araşdırma çərçivəsində sınaqdan keçirilib.
Alimlər maşın öyrənməsi texnologiyasından istifadə etməklə üç iflic xəstənin beyin siqnallarını virtual personajın hərəkətlərinə çeviriblər. Xüsusi kabellər vasitəsilə ötürülən siqnallar sayəsində virtual personaj istifadəçinin həm nitqini, həm də bədən hərəkətlərini əks etdirib.
Tədqiqatçılar hesab edirlər ki, bu yanaşma amiotrofik lateral skleroz (ALS) xəstələri üçün ünsiyyəti daha sürətli və funksional edə bilər.
Məlumata görə, əvvəlki sistemlər nitq və ya hərəkət funksiyalarından birini ötürməklə məhdudlaşırdı. Yeni interfeys isə hər iki funksiyanın paralel şəkildə ötürülməsinə imkan verir.
NIH-in açıqlamasında sistemin simsiz versiyasının hazırlanması istiqamətində işlərin davam etdiyi də qeyd olunub.
İnstitutun direktoru Debara Tuççi yeni nəticələrin ağır iflici olan şəxslərin gələcəkdə daha təbii və əhatəli ünsiyyət imkanlarının bərpası üçün perspektivlər yaratdığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.