AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pandemiya dövründə oruc tutanlar necə qidalanmalıdır?

  • + A
  • - A
  • 13-04-2021, 22:36


    Ramazan ayında oruc tutarkən qida rasionuna düzgün əməl etmək çox vacibdir. Keçən il olduğu kimi, bu il də Ramazan ayı pandemiya dövründə qədəm qoyur. Yeni növ koronavirus (COVID-19) infeksiyasının immuniteti zəif olanları daha tez yaxalayır və onların xəstəliyi daha ağır keçir. Ona görə də pandemiya dövründə oruc tutanlar elə qidalanmalıdır ki, immunitet sistemi zəifləməsin. Azərtac xəbər verir ki, həkim-diyetoloq Ləman Süleymanova bununla bağlı deyib: “Gün ərzində aclıq saatları 15-16 saat davam edir və ona görə səhər yeməyi zamanı 2 ədəd yumurta, duzu az olan pendir və ya kəsmik qəbul etmək məsləhətdir. Səhər-səhər mütləq bir neçə xiyar yeyilməsi məsləhətdir, çünki gün ərzində susuzluğun yatırılmasına kömək edir”.

    Onun dediyinə görə, sahurda, həmçinin qaymaq, xama, zeytun, süddə bişmiş yulaf da çox faydalı hesab olunur. Ramazan ayı yay fəslinə doğru yekunlaşacağından havalar indikindən daha isti, günlər daha uzun olacaq. Ona görə də hər gün iftardan iki saat sonra çoxlu su içilməlidir.

    Həkim-diyetoloq qeyd edib ki, səhər və axşam yeməklərində çörək seçimi edərkən ağ çörəyə yox, kəpəkli çörəyə üstünlük verilməsi daha doğrudur, çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec həzm olunur. Bu, aclıq hissinə qalib gəlməyə kömək edir.

    Həmsöhbətimizin dediyinə görə, Ramazanda iftar açarkən iki dəfə qidalanmaq məsləhət görülür, çünki birdən-birə mədəni çox yükləmək olmaz: “İftar süfrəsi təbii ki, duru yeməklə açılır. Şorbanı yeyəndən 15-20 dəqiqə, təxminən yarım saat sonra yenidən süfrəyə qayıdıb qidalanmanı davam etdirmək lazımdır. İftar süfrəsində ət, toyuq, balıq, göbələk və tərəvəz yeməkləri ola bilər. Süfrədə göyərtilərin olması həzm traktını yaxşılaşdırır, metobolizmi sürətləndirir və artıq çəkinin yaranması prosesinin qarşısını alır. Meyvələr yeməkdən dərhal sonra qəbul edilməməlidir. Yeməkdən 1,5-2 saat sonra meyvə yeyilməlidir, çalışıb yalnız bir meyvə, özü də qabığı soyulmadan yemək lazımdır”.

    Həkimlər yaşlıların, COVID-19 və digər xroniki xəstəliklərlə mübarizə aparanların oruc tutmasını məsləhət görmürlər, çünki oruc tutanda bütün xəstəliklər daha da kəskinləşə bilər. Oruc tutarkən iftar açanda yeməkləri tələsmədən, ağızda yaxşı çeynədikdən sonra udmaq lazımdır. Tələsərək yeyilən yemək mədədə sancı, şişkinlik, köp və qəbizlik kimi hallara səbəb ola bilər. Belə hallar müşahidə ediləndə yeməkdən sonra razyana, çobanyastığı və nanə kimi bitki çayları dəmləyib içmək lazımdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR