AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Altıağac Milli Parkı əsl istirahət məkanıdır - Reportaj

  • + A
  • - A
  • 7-06-2021, 09:00


    Əhali arasında ekoloji şüurun genişləndirilməsi, ətraf mühitin mühafizəsinə diqqətin artırılması həmişə diqqət mərkəzində olub. Elə bu nüanslar nəzərə alınaraq BMT-nin qərarı ilə 1972-ci ildən 5 iyun “Ümumdünya ətraf mühit günü” kimi bütün dünyada qeyd olunur. Azərbaycanda da son illər ətraf mühitin mühafizəsi yolunda müxtəlif işlər görülür, tədbirlər planı hazırlanır. Jurnalist həmkarlar da mənimlə razılaşar ki, ağacların kəsilməsi ilə bağlı, ekologiyanın çirkləndirilməsi ilə bağlı ETSN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə xanım İbrahimova üçün vaxt məhdudiyyəti yoxdur, belə halla qarşılaşan istənilən şəxs İradə xanımı sutkanın istənilən vaxtı narahat edir, o dəqiqə Nazirlik əməkdaşları hadisə yerinə yollanır, təbiətə qənim kəsilənlərə mane olmağa çalışır.
    Bu dəfə 5 iyun – Ətraf mühitin Mühafizə Günü Ekologiya və Təbii Sərvətlət Nazirliyi media nümayəndələri üçün Xızı rayonunda yerləşən Altıağac Milli Parkına media-tur təşkil etdi.

    Qısa tanıtma olaraq qeyd edim ki, Altıağac Milli Parkı cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 31 avqust 2004-cü ildə Xızı və Siyəzən rayonlarının inzibati ərazilərində Dövlət Təbiət Qoruğu və Dövlət Meşə Fondunun bazasında yaradılıb, ərazisi 11035 hektardır. Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir.

    Parkın girişində yaralı heyvanların reablitasiya mərkəzi yerləşir. Yaralı heyvanlar müalicə olunur, sonra ana təbiətə geri qaytarılır. Xatırlayırsınızsa, Şəkidə kor ayı bir ara gündəmi zəbt etmişdi. Həmin ayı digər ayılarla hazırda sözügedən qoruğun reablitasiya mərkəzində saxlanır. Ayılar xüsusi yemlə yanaşı almalarla da yemlənirlər. Bizi görüb ayaqüstə duran ayılar, sanki salamlaşmağa cəhd edirdilər.

    Qartallar isə həvəssiz görünürdü. Deyəsən zirvələri fəth etməyə öyrəşdikləri üçün qəfəs həyatını qəbullana bilmirdilər.

    Heyvanların yemlənməsini seyr etdikdən sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev jurnalistlər üçün ayaqüstü brifinq etdi. Hamını təbiəti qorumağa, sevməyə səslədi. Çünki ekologiya nə qədər təmiz olarsa, təbiət o qədər zəngin olar, bu özü iqtisadiyyatın dirçəldilməsi, məhsuldarlığın yüksəldilməsi deməkdir.

    Yüngül çay süfrəsindən sonra yürüşlə piknik üçün ayrılmış sahəyə yollanırıq. Məsafə 1,6 km olsa da, enişli-yoxuşlu olduğu üçün sürətlə getmək olmur. Təbiətdən zövq ala-ala qalxırıq. Yolboyu parka gələn ziyarətçilər üçün sərin sular, gigiyenik vasitələr qoyulub, yol işarələri vasitəsilə şərtlər izah olunub, demək olar ki, bələdçilərə ehtiyac duyulmur. Yol boyu söhbətləşərək gəlib mənzil başına çatırıq. Piknik üçün ayrılan ərazidə səyahətçiləri əsl cənnət abu-havası gözləyir. Yerə sərilmiş xalçalarda aerobika ilə məşğul olan kim, yelləncəkdə yellənən kim, uşaqlar üçün təşkil olunan əyləncəyə qatılan kim... Deyirlər qardaşın necə adamdı, deyir, yol yoldaşı olmamışam. Bir çox həmkarlarla canlı ünsiyyət, yol yoldaşlığı çox xoş oldu. Muxtar müəllimin sadəliyi, mehribanlığı hamını valeh etmişdi. Onun media mənsubları ilə səmimi söhbətləri hamımıza xoş təsir bağışladı.

    Parkın işçiləri istəyə uyğun olaraq şabalıd, fındıq, yer fıstığı qovurur turistləri qonaq edir. Samovar çayı, qaynayan qarğıdalı qazanı, bulaq suyu, lavaş, pendir, tərəvəzlər, qızarmış göbələklər də öz yerində...
    Ocaq üçün xüsusi yerlər, ətrafında ağaclardan oturacaqlar, bir sözlə ekoloji təmiz məhsullar, təmiz hava burda olan müddətdə insana əsl zövq yaşadır. İnternet demək olar ki, zəif tutur, bu da səyahətə gələnləri sırf təbiətdən zövq almağa sövq edir.
    Çox gözəl istirahət etdik, vaxtın necə keçdiyi bilinmir o gözəl məkanda. Amma geriyə Bakıya qayıtmaq lazım idi, bizi gözləyən doğmalarımız və qarşıdakı gərgin iş həftəsi öncəsi evdə həllini gözləyən sosial problemlər üçün...
    Elnurə Abuşova,
    Bakı-Altıağac Milli Parkı-Bakı













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR