Bakıda ilk dəfə peyvənd üçün poliklinikaya müraciət edən şəxsə vaksin vurulmayıb. Səbəb göstərilib ki, ona Beyləqanda birinci doza peyvənd vurulub.
Azadmedia.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, paytaxt sakini Samir Əsədov koronavirus əleyhinə peyvənd edilmək üçün onlayn növbə götürüb.
Vaksinasiyanın təyin edildiyi gün Suraxanı rayonu, Bülbülə qəsəbəsindəki 24 saylı şəhər poliklinikasına yaxınlaşanda isə qəribə vəziyyətlə üzləşib. Ona deyilib ki, adı peyvənd olunmuş şəxslərin siyahısındadır. Ona görə də Samir Əsədovun vaksinasiyasından imtina edilib.
Bundan sonra Samir Əsədov aidiyyəti üzrə müraciət edib və heç vaxt Beyləqan rayonunda olmadığını bildirib.
Samir Əsədov narahatdır ki, onun adından istifadə edərək kimsə peyvənd olunub. Məsələ ilə bağlı Beyləqan Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın həkimi Ofeliya Salahova bildirib ki, Beyləqan rayonunda peyvənd olunan şəxslə paytaxt sakininin adı və soyadı eyni olub.
Rayon xəstəxanasında aparılan araşdırmalardan sonra vaksinin vurulduğu Beyləqan sakini Samir Əsədovun ümumiyyətlə şəxsiyyət vəsiqəsi olmadığı, yalnız doğum haqqında şəhadətnaməsinin olduğu üzə çıxıb. Bildirilib ki, vaksinasiya ilə bağlı qeydiyyat aparanlar onun ad, soyad və ata adını yazarkən sistemdə çıxan fotoya diqqət etməyiblər. Xəstəxanadan yaranmış problemin tez bir zamanda həll olunacağı bildirilib.